media-51e36f34-b03a-41a3-b258-b8e36c20393c
media-bant_master

Türkiyənin məşhur yazıçısı, bəstəkarı Ömər Zülfü Livaneli özünün “YouTube” kanalında yayımladığı podkastında istiqlal şairi Əhməd Cavadın “Çırpınırdın Qara dəniz” şeirinin müəllifliyinin erməniəsilli aşıq Sayat Novaya aid olduğunu iddia edib. Bu açıqlama istər Azərbaycan, istər Türkiyə mediasında xoş qarşılanmayıb.

media-e30a7a90-60c8-422e-bfce-c55767ca27f7

ERAmedia-nın əməkdaşı müdrik insan, qayğıkeş müəllim, bənzərsiz publisist, əvəzolunmaz tərcüməçi və alovlu istiqlal şairi Əhməd Cavadın “Çırpınırdın Qara dəniz” şeirinin müəllifli ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin fikirlərini öyrənib.

Tanınmış tədqiqatçı, mənbəşunas-alim bildirib ki, Türkiyəli Ömər Zülfü Livaneli görkəmli yazıçı, kinossenarist, rejissor və məşhur bəstəkardır. O, 30-dan çox filmin musiqisini bəstələmiş, 300-ə yaxın şərqinin müəllifidir. Filmləri çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüşdür: “Onun “YouTube” kanalında yayınlanan düşüncələrini və “Çırpınırdı Qara dəniz”lə bağlı fikrini mən də dinlədim. Ömər Zülfü Livaneli deyir: “Çırpınırdın Qara dəniz” Sayat Nova adlı bir erməni bəstəçisinin əsəridir”.

Əlbəttə, “Çırpınırdın Qara dəniz” şeiri Azərbaycanın görkəmli istiqlal şairi Əhməd Cavadın poetik təfəkkürünün parlaq nümunəsi olması barədə heç kimdə zərrəcə şək-şübhə yoxdur və olmamalıdır. Çünki, şair bu əsərini 15 kanuni-əvvəl (dekabr) 1914-cü ildə yazmış, ilk dəfə “Cavad” imzası ilə “Qara dəniz” adlı ilə beş bəndlik şeiri Mirzə Bala Məhəmmədzadənin Tiflis şəhərində nəşr etdirdiyi “Gənclər yurdu” jurnalının 23 iyul 1918-ci il tarixli birinci sayında (s.3-4) dərc etdirmişdir. Şeirin son nəşrlərindən fərqli olaraq ilk versiyasının birinci bənd belədir:

Çırpınardı Qara dəniz,

Baxıb Türkün bayrağına.

Ah – diyərdin heç ölməzdim,

Düşə bilsəm ayağına…

Yeri gəlmişkən onu da qeyd edək ki, Ə.Cavadın bu şeiri “Əhməd Cavad: Biblioqrafiya” (2022) kitabının “1918” paraqrafında şairin çap olunmuş şeirləri sırasına salınmamışdır.

media-9b2278cb-2e67-4616-a41a-e05939bb204d

Cümhuriyyət dönəminin gənc və fədakar tədqiqatçısı Dilqəm Əhməd bir neçə il öncə Əhməd Cavadın “Qara dəniz” şeirinin əlyazmasını ilk dəfə tapıb üzə çıxartmışdır. Şeirin yuxarı hissəsində Əhməd Cavad ərəb qrafikası ilə yazırdı: “Sevgili, Turan məfkurəsinin birinci yolgöstərən ustad Əli bəy Hüseynzadə həzrətlərinə təqdim”. Şair şeirin sonuna qol çəkməklə yanaşı qeyd etmişdir: “Gəncə, 1 mayıs 1918”. Şübhəsiz ki, bu tarix şeirin yazılma vaxtını deyil, kağıza köçürülmə zamanını özündə əks etdirmişdir. Çünki, Əhməd Cavadın 1919-cu ildə tərtibləyərək “Hökumət mətbəəsi”ndə yayınladığı “Dalğa” kitabının 26-cı səhifəsində “Qara dəniz” şeirinin tarix yerində “15 kanuni-əvvəl (dekabr) 914, Gəncə” yazılmışdır.

Türkiyəli ədəbiyyatşünas Servet Gürcan 1990-cı ildə Ankaranın “Göktuğ” nəşriyyatında Əhməd Cavadın “Çırpınırdı Karadeniz” adlı kitabını yayımlatmış, tərtibçi buraya şairin “Qoşma” (1916) və “Dalğa” (1919) kitablarındakı şeirlərini daxil etmiş, “Çırpınırdın Karadeniz” şeirinin sonunda “15 aralık 1914, Gəncə” qeydini də yazmağı unutmamışdır. S.Gürcanın tərtibində Əhməd Cavadın bu kitabı Türkiyədə geniş yayılmış və məşhurlaşmışdır. Hətta 1990-cı illərdə “Qara dəniz” əsəri Milliyyətçi Hərəkat Partiyasının  uzun müddət himninə çevrilmişdir.

Şeirin adı ilə bağlı bir məqama da diqqət yetirmək vacibdir. Əhməd Cavad həm əlyazmasında, həm də “Gənclər yurdu” jurnalında əsərini “Qara dəniz” adlandırmışdır. Birinci misranın ilk sözünü isə “çırpınırdın” yox, “çırpınardın” şəklində vermişdir və fikrimcə eyni mənşəli bu sözlərin məna fərqi yetərincədir.

Beş bəndlik “Qara dəniz” şeirinin bir sətri “Dalğa” kitabının 26-cı səhifəsinə sığışmadığı üçün əsərin başlığı “ixtisar” olunmuş, nəzm parçasının birinci misrası – “Çırpınardın Qara dəniz” misrası Servet Gürcanın tərtibində şeirin sərlövhə yerində verilmiş, birinci bəndin ilk sözü isə təhrif olunmuşdur.  Ə.Cavadın “Qara dəniz” şeirinin adı, söz və misraları 1991-ci ildən indiyədək təəssüf ki, Azərbaycan və Türkiyə nəşrlərində təhrif olunmuş şəkildə yayımlanmışdır.

İstinad etdiyimiz faktlar və digər mənbələr də “Qara dəniz” (“Çırpınırdın Qara dəniz”) şeirinin Əhməd Cavada məxsus olduğunu birmənalı olaraq isbatlayır.

media-c0293476-e281-48b1-b9a9-e97db6bab71f

Hörmətli bəstəkar Ömər Zülfü Livaneli “Çırpınırdın Qara dəniz” Sayat Nova adlı bir erməni bəstəçisinin əsəridir” – deyərkən nəyə və hansı arqumentlərə əsaslanmışdır?! Əlbəttə o, bir tanınmış bəstəkar olaraq ilk növbədə “Çırpınırdın Qara dəniz” əsərinin mətnini yox, musiqisini vurğulayaraq münasibət bildirmişdir. Uzun illər bu şeirin musiqisini dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyliyə aid etmişdilər.  Fransada 1902-ci ildə vala köçürülmüş “Baku-Qorod” mahnısı Türkiyə arxivlərindən tapıldıqdan sonra hər iki musiqinin motivinin eyni olduğu üzə çıxdı. Hesab edirəm ki, Ömər Zülfü Livaneli ilə əlaqə saxlamaq, bu məşhur musiqinin müəllifini və gerçək tarixini də araşdırmağa dəyər. Bu missiyanı həyata keçirmək öhdəliyi isə ilk növbədə musiqi tədqiqatçılarımızın üzərinə düşür”…


media-adspc

Bənzər xəbərlər