Rəqəmsal sektorda yeni mərhələ: Əsas risklər və gözləntilər açıqlandı
Son dövrlər, xüsusilə də Rəqəmsal İnkişaf Şurasının ilk iclasından sonra Azərbaycanın rəqəmsal sektorunda müəyyən canlanma müşahidə olunur.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, İRİA ilə keçirilən görüşlər, rəqəmsal müavinlərlə təşkil olunan müzakirələr, ekspert görüşləri və ictimai dinləmələr artıq yalnız strategiyaların hazırlanması deyil, onların icrası mərhələsinə keçidin başlandığını göstərir.
Onun sözlərinə görə, bu baxımdan Rəqəmsal İnkişaf Şurasının Katibliyi funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkil etdiyi ictimai dinləmə faydalı təşəbbüs olub.
Osman Gündüz qeyd edib ki, tədbirdə 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişaf Fəaliyyət Planının prioritetləri, görülmüş ilkin işlər, İT və innovasiya sektorunun inkişafına təkan verə biləcək qanunvericilik islahatları, eləcə də qarşıdakı mərhələdə atılacaq addımlar təqdim olunub.
O bildirib ki, Fəaliyyət Planında rəqəmsallaşma, süni intellekt və innovasiya istiqamətlərini əhatə edən ümumilikdə 58 təşəbbüs nəzərdə tutulur. Həmin təşəbbüslərdən 18-i isə cari il üçün prioritet kimi müəyyənləşdirilib.
Azərbaycan İnternet Forumunun rəhbərinin fikrincə, belə ictimai dinləmələrin keçirilməsi olduqca vacibdir. O hesab edir ki, bu cür görüşlər dövlət qurumlarının görülən işlər barədə ictimaiyyəti məlumatlandırmasına, eyni zamanda ekspertlərin, biznes nümayəndələrinin, startapların və vətəndaş cəmiyyətinin təkliflərinin dinlənilməsinə imkan yaradır.
Bununla yanaşı, Osman Gündüz prosesdə müəyyən risklərin də mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, son illərdə bu sahədə bəzi qərarların və razılaşmaların uzanması göstərir ki, əsas risk qəbul olunmuş strategiya və fəaliyyət planlarının icra tempinin gözləniləndən aşağı olmasıdır.
O qeyd edib ki, rəqəmsal texnologiyalar, xüsusilə də süni intellekt sahəsi dünyada və regionda çox sürətlə inkişaf edir. Qonşu ölkələrin də rəqəmsal rəqabət qabiliyyətlərini sürətlə artırdıqlarını xatırladan Osman Gündüz bildirib ki, belə şəraitdə qərarların və qanunvericilik islahatlarının gecikməsi onların aktuallığını və təsirini azalda bilər.
Osman Gündüz koordinasiya məsələsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, bəzi hallarda qurumlararası qısqanclıq, səlahiyyət bölgüsü ilə bağlı fikir ayrılıqları və büdcə vəsaitlərindən qeyri-səmərəli istifadə müəyyən problemlər yaradıb.
Onun fikrincə, nazirliklər, dövlət qurumları, universitetlər, akademik sektor, biznes, startaplar, investorlar və vətəndaş cəmiyyəti vahid məqsəd ətrafında koordinasiyalı fəaliyyət göstərməlidir. Əks halda paralel təşəbbüslərin, resurs itkilərinin və təkrarlanan layihələrin qarşısını almaq çətin olacaq.
Azərbaycan İnternet Forumunun rəhbəri bildirib ki, strateji koordinasiya funksiyasını həyata keçirən, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası bu istiqamətdə qısa müddətdə ciddi nəticələrin əldə olunmasına mühüm töhfə verə bilər.
O əlavə edib ki, Şuranın Katibliyi tərəfindən belə ictimai dinləmələrin təşkili təqdirəlayiq addımdır. Onun qənaətincə, son aylarda müşahidə olunan dinamika qorunub saxlanılarsa və qəbul edilmiş fəaliyyət planları vaxtında icra olunarsa, qarşıdakı illərdə ölkənin rəqəmsal sektorunda daha sürətli nəticələr əldə etmək mümkün olacaq.
Vüsalə









