Sabiq deputat: "İsrail bu qərarı ilə dostluq imtahanından kəsildi"
Milli Məclisin sabiq deputatı Etibar Əliyev İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı sərt tənqid edib.
ERAmedia-ya açıqlamasında Etibar Əliyev bildirib ki, bu addım Azərbaycana arxadan vurulan zərbə kimi qiymətləndirilməlidir və dostluq münasibətlərinin ruhuna uyğun deyil.
“Bu, əlbəttə ki, emosional və instinktiv qərardır. İsrail–İran müharibəsi dövründə İsraili müdafiə edən çoxsaylı məqalələr yazmışam. Həmin yazılarda yəhudi elminin və intellektual irsinin əhəmiyyətini xüsusi vurğulamışam. Şəxsi kitabxanamda 200-dən çox yəhudi alim və yazıçının əsəri var. Biz hər zaman Xolokost faciəsini pisləmişik. Lakin belə bir qərarın veriləcəyini gözləmirdik”, – deyə o bildirib.
Sabiq deputat qeyd edib ki, 1933-cü ilin may ayında Almaniyanın 20 universitetində yəhudi müəlliflərin 10 mindən çox kitabı yandırılmışdı və bunun ardınca Xolokost faciəsi baş verdi.
“Xolokost insanlıq tarixinin ən ağır faciələrindən biridir və onun qondarma ‘erməni soyqırımı’ iddiaları ilə eyniləşdirilməsi doğru deyil. Əgər tarixi ədalətdən danışılırsa, ilk növbədə ermənilərin Xocalıda və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi qətliamlar beynəlxalq səviyyədə soyqırımı kimi tanınmalıdır. Dünyanın gözü qarşısında baş vermiş bu cinayətlərin hələ də lazımi siyasi-hüquqi qiymətini almaması ciddi ədalətsizlikdir”, – deyə Etibar Əliyev vurğulayıb.
O, həmçinin İsrailin Baş naziri Benjamin Netanyahunun babası Bension Netanyahunun bioqrafiyasını yeni oxuduğunu bildirib və bununla bağlı diqqətçəkən bir epizodu xatırladıb.
“Sonuncu aldığım kitab Bension Netanyahunun bioqrafiyasıdır. Orada qeyd olunur ki, o, ABŞ universitetlərindən birində işə qəbul olunarkən peşəkar yararlılığının yoxlanılmasına etiraz edərək demişdi: ‘Mütəxəssisi yalnız mütəxəssis mühakimə edə bilər, yəhudini isə yalnız yəhudi’. Bu gün isə İsrail hökumətinin atdığı addım həmin yanaşmanın tam əksini ortaya qoyur. İndi oğlunuzu hamı ittiham edə bilər”, – deyə sabiq deputat bildirib.
Etibar Əliyev əlavə edib ki, bütün bunlara baxmayaraq, Bension Netanyahunun kitabına münasibəti dəyişməyəcək.
“Bu kitabı yandırmayacağam. Məsələ ona xərclədiyim 30 manatda deyil. Kitab yandırılmaz. Kitabları yandırmaq heç vaxt doğru yol olmayıb”, – deyə o, fikirlərini yekunlaşdırıb.










