media-kitab-cover

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Səfa Qarayevin “Dede Korkut Oğuznamesi: Metaforlar ve Psikoanalitik Çözümlemeler” adlı kitabı Türkiyənin “Çınaraltı” nəşriyyatı tərəfindən nəşr edilib.

ERAmedia xəbər verir ki, kitabın tərcüməsi Azərbaycan elmi və bədii ədəbiyyatının türkçəyə çevrilməsində xüsusi təcrübəsi olan Alpaslan Demir tərəfindən həyata keçirilib.

Nəşriyyat tərəfindən kitab ocuxulara belə təqdim edilmişdir: “Dədə Qorqud Oğuznaməsi yalnız keçmişin hekayələrini daşıyan bir mətn deyil; o, kimlik, aidiyyət, hakimiyyət və transformasiya üzərində qurulmuş güclü simvollar dünyasıdır. Dos. Dr. Səfa Qarayev “Dədə Qorqud Oğuznaməsi: Metaforlar və Psixoanalitik Çözümləmələr” adlı bu tədqiqatında Oğuz hekayələrinin mifoloji alt qatlarına enərək, onları metaforların qurduğu məna şəbəkələri və psixoanalitik oxunun təqdim etdiyi anlayışlar vasitəsilə yenidən şərh edir. Kitabda qəhrəmanların sınaq anları, münaqişələri, itirdikləri və qazancları, ailə, toplum və mərkəzi güclə qurulan münasibətləri psixodinamik konteksti ilə birlikdə araşdırılır. Mətndəki təkrarlar, qadağalar, itkilər, yuxuya bənzər səhnələr və simvolik elementlər fərdin daxili dünyasındakı gərginliklərin və kollektiv şüuraltının təcəssümüi kimi oxunur. Beləliklə, Dədə Qorqud Oğuznaməsi həm bir mədəni yaddaş, həm də insan ruhunun universal təcrübələrini daşıyan bir “məna laboratoriyası” kimi ortaya çıxır. Klassik Dədə Qorqud tədqiqatlarına psixoloji və psixoanalitik dərinlik qazandıran bu kitab, Dədə Qorqud mətnlərinə yeni suallarla yanaşmaq istəyən tədqiqatçılar, tələbələr və maraqlı oxucular üçün üfüq açan bir istinad qaynağı təqdim edir”.

Kitabda “Kitabi-Dədə Qorqud” eposunun məna dünyası sosial-antropoloji və psixoanalitik yanaşma metodu ilə araşdırılıb. Müəllif bu əsərə məna sistemi kimi baxır. O, göstərir ki, “Kitabi-Dədə Qorqud”da və bu ənənəyə aid başqa folklor mətnlərində süjet və motivlər insanın psixoloji dünyasının metaforik ifadəsidir. Bu yanaşmanın əsas nəticələrindən biri də eposun kişi dünyasının və kişi düşüncə tərzinin bədii ifadəsi kimi dəyərləndirilməsidir.

İki fəsildən ibarət olan kitabın birinci fəsli “Kitabi-Dədə Qorqud”da (“KDQ”) epik reallıq və metaforik məna”, ikinci fəsli isə “KDQ”-də dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” adlanır.

Kitabda geniş şəkildə təhlil olunan əsas semantik vahidlərdən biri “hökmdar” metaforasıdır. Müəllif bu metaforanı yalnız epik mətnlər üçün deyil, ümumilikdə arxaik mədəniyyətlərin struktur özünütəşkilində mühüm rol oynayan simvolik komponent kimi diqqət mərkəzinə gətirib. Araşdırmada hökmdar obrazının sosial normaların qorunmasında, kosmik nizamın sabitliyinin təmin edilməsində və mifik-simvolik sistemin bütövlüyünün saxlanılmasında oynadığı rol diqqətə çatdırılıb. Psixoanalitik metodun tətbiqi nəticəsində müəllif belə bir qənaətə gəlib ki, folklordakı hökmdar obrazlarının prototip əsasını, tədqiqatçıların çoxunun vurğuladığı kimi, yalnız sosial idarəçilikdəki hökmdar konsepti deyil, daha dərində ailə başçısı funksiyasını daşıyan ata obrazı təşkil edir. Bu baxış bucağı əsasında “hökmdarın taxtdan salınıb yenidən taxta çıxarılması” kimi metaforik mifik faktın “Kitabi-Dədə Qorqud”da da simvolik şəkildə əks olunduğu müəyyən edilib, həmin motivin eposun süjet quruluşunu, obrazlar sistemini və motivlər şəbəkəsini necə şərtləndirdiyi üzə çıxarılıb.

Kitabın mühüm elmi dəyərini göstərən amillərdən biri də müasir folklorşünaslıqda əsas yanaşmalardan sayılan “mövqe” anlayışının tədqiqata tətbiq olunmasıdır. Müəllifin istifadə etdiyi psixoanalitik metod burada mətnin hansı sosial mövqedən yarandığını göstərməyə imkan vermişdir. Bu yanaşmaya görə, mətnin yaranma zəminində “kişi kollektivi” dayanır. Bu baxımdan “Kitabi-Dədə Qorqud” kişi maraqları əsasında formalaşmış, kişi arzularının proyeksiyasını ifadə edən mədəni abidə kimi təhlil olunub. Araşdırmada konkret mətn nümunələri ilə göstərilir ki, bu abidə sadəcə real tarixi hadisələrin və ya etnoqrafik gerçəkliyin təsviri deyil, kişimərkəzli cəmiyyətin arzu və təsəvvürlərinin metaforik təcəssümüdür. Eyni zamanda kitabda əsaslandırılır ki, epos kişi mövqeyini ifadə edir və Tanrı obrazı da kişi yaradıcılığı faktı kimi çıxış etdiyinə görə mətndə bu iki müstəvi arasında ortaq semantik çalar vardır.

Tədqiqatın diqqətəlayiq metodoloji yeniliklərindən biri də eposdakı çoxsaylı fakt və konfliktlərin Edip kompleksi kontekstində təhlil olunmasıdır. Müəllif Edip kompleksinə yalnız psixoanalitik nəzəriyyənin klassik anlayışı kimi yanaşmır. O, bu kompleksi eyni zamanda insanın emosional reallığının və sosial kimliyinin formalaşmasında mühüm rol oynayan sosial-psixoloji münasibətlər səviyyəsi kimi nəzərdən keçirir. Bununla yanaşı, həmin kompleksin yaradıcılıq faktlarında məna yaradan mexanizm kimi iştirakı da ayrıca dəyərləndirilib.

Kitabda irəli sürülən əsas elmi nəticələrdən biri də budur ki, “Kitabi-Dədə Qorqud”da qəhrəman statusuna keçid və igidliyin təqdimatı ata ilə konflikt kontekstində gerçəkləşir və bu hal igidliyin Edip kompleksinin ambivalent təbiəti fonunda aktuallaşması ilə bağlıdır. Araşdırmada ərgənlik dövrünün keçid statusu kimi çıxış edən “dəlilik” anlayışı da ata gücünün tabeedici mahiyyətinə qarşı yönəlmiş bir etiraz forması kimi şərh edilib. Müəyyənləşdirilib ki, dəliliyin psixosemantik əsasını məhz Edip kompleksi çərçivəsində ata ilə konflikt təşkil edir. Bu baxımdan dəlilik ata ilə qarşıdurmanın xüsusi rakursu kimi meydana çıxır və onun daxilindəki ikili semantika, həm igidlik, həm də axmaqlıq çaları,  məhz həmin konflikt müstəvisində qazandığı məzmundan qaynaqlanır.

Beləliklə, kitabda “xanın taxtdan düşüb yenidən taxta çıxması”, “ata-oğul konflikti”, “dəlilik”, “ana xətti ilə qohumluq münasibətləri”, “ana mühitindən ata mühitinə keçid” və digər epik konseptlər, eləcə də Edip kompleksi və başqa psixoloji komplekslərin məna yaradan təbiəti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində geniş şəkildə araşdırılıb.


media-adspc

Bənzər xəbərlər