Tarixçi Qaçaq Nəbi ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Son günlər sosial mediada Qubadlının igid oğlu, Azərbaycan tarixinin məşhur qaçaq hərəkatı nümayəndələrindən biri Qaçaq Nəbi haqqında müxtəlif ittihamlar və böhtan xarakterli fikirlər yayılır.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında Nəbinin “oğru” və “quldur” kimi təqdim edilməsinin tarixi reallıqları təhrif etdiyini bildirib.
Zaur Əliyevin sözlərinə görə, oğru və soyğunçunun əsas məqsədi əldə etdiyi sərvəti mənimsəyərək özünə maddi imkan yaratmaqdır: “Nəbinin fəaliyyəti isə bunun tam əksini göstərir. O, varlılardan əldə etdiyi pul, taxıl və mal-qaranı Çar idarələrinin müxtəlif yollarla sıxdığı və müsadirələrə məruz qoyduğu kasıb kəndlilərə paylayırdı”.
Tarixçi qeyd edib ki, Nəbinin qaçaq düşməsinin əsas səbəblərindən biri onun iştirak etmədiyi bir qətlin üzərinə adının çıxarılması olub. Onun sözlərinə görə, kəndlər arasında yaylaq və torpaq məsələsi ilə bağlı qarşıdurmalardan birində Molla Bədəl adlı şəxsin öldürülməsindən sonra tərəflər el adəti ilə barışıb. Lakin yerli pristavlar və bəzi bəylər hadisədən istifadə edərək Nəbini də bu işə cəlb etməyə çalışıblar.
“Hadisə zamanı Nəbi həmin ərazidə belə olmayıb. O, günahsız olduğuna əmin olduğu üçün öz ayağı ilə Naxçıvana gedib. Orada həbs edilib. Həbsxananın tarixində ilk dəfə Nəbi oradan qaçmağı bacarıb. Daha sonra yenidən tutulub Şuşa həbsxanasına salınıb. Azadlığa çıxdıqdan sonra Gorus həbsxanasında ölüm hökmünə məhkum edilib və oradan da qaçıb. Bundan sonra onun üçün qaçaq həyatı faktiki olaraq yeganə çıxış yolu olub”, – Zaur Əliyev deyib.
Tarixçi hesab edir ki, Nəbini “oğru” adlandıran yanaşmalar onun fəaliyyətinin sosial mahiyyətini nəzərə almır: “Dünya tarixində Robin Hud kimi obrazlar necə sosial ədalət simvoluna çevrilibsə, Azərbaycan tarixində də Qaçaq Nəbi xalqın yaddaşında oxşar funksiyanı daşıyıb”.
Zaur Əliyev bildirib ki, Çar Rusiyasının Tiflisdəki xüsusi idarələri Nəbini ələ keçirə bilmədikləri üçün onun nüfuzuna zərbə vurmağa çalışırdılar. Onun sözlərinə görə, kəndlər arasında Nəbinin guya kəndlilərdən aldığı pulları özünə xəzinə toplaması barədə şayiələr yayılırdı.
“Lakin Nəbi bu ittihamların qarşısını açıq şəkildə alırdı. Müsadirə etdiyi və ya əldə etdiyi kəndli borclarını kənd kədxudalarının iştirakı ilə paylayırdı. Onun dəstəsinin haradasa gizli xəzinəsinin, böyük qızıl ehtiyatının və ya daşınmaz əmlakının olması barədə əsaslı fakt yoxdur”, – tarixçi vurğulayıb.
Onun sözlərinə görə, Nəbi və dəstə üzvləri ömürlərinin sonuna qədər dağlarda və mağaralarda ağır şəraitdə yaşayıblar. Dəstədə adi kəndlinin malına toxunmaq qəti şəkildə qəbul edilməyib.
“Nəbi üçün kəndlinin haqqı toxunulmaz idi. Dəstə üzvlərindən biri adi kəndlinin toyuq-cücəsinə və ya bir tikə çörəyinə icazəsiz əl uzatsaydı, həmin şəxsin dəstədən qovulduğu bildirilir”, – Zaur Əliyev qeyd edib.
Tarixçi Nəbinin Cənubi Qafqazdan kənarda da böyük nüfuza malik olduğunu bildirib. Onun sözlərinə görə, Nəbi Güney Azərbaycanda, Gürcüstanda və Osmanlı ərazilərində tanınır, müxtəlif bölgələrdə yerli əhali arasında dəstək görürdü.
“İranda da qaçaq dəstələrinə kömək etdiyi, kazaklardan əldə etdikləri silahları həmin dəstələrə çatdırdığı barədə məlumatlar var. Gürcüstan, İran və Türkiyədə Nəbi haqqında müxtəlif sənədlərin və məlumatların mövcud olduğu bildirilir”, – deyə tarixçi əlavə edib.
Zaur Əliyev Nəbinin dəstəsinin böyük olmadığını da diqqətə çatdırıb. Müxtəlif mənbələrdə dəstənin sayının 18-25 nəfər arasında göstərildiyini bildirən tarixçi onların əsas üstünlüyünün say çoxluğu deyil, döyüş təcrübəsi və yerli ərazini yaxşı bilmələri olduğunu deyib.
“Nəbinin kəndlərdə geniş xəbərçilər şəbəkəsi vardı. Çobanlar, bərəçilər və dəyirmançılar vasitəsilə Çar qoşunlarının hərəkəti barədə məlumatlar ona əvvəlcədən çatdırılırdı. Zəngəzur qəza rəisinin Tiflisə göndərdiyi məxfi məlumatlarda da yerli əhalinin Nəbiyə münasibətinin onun tutulmasını ciddi şəkildə çətinləşdirdiyi vurğulanırdı”, – tarixçi bildirib.
Nəbinin döyüşlər zamanı əsgərlərə münasibətinə də toxunan Zaur Əliyev onun mümkün qədər insan itkisinə yol verməməyə çalışdığını deyib. Tarixçinin sözlərinə görə, Nəbi ilk atəşi bir sıra hallarda əsgərin özünə deyil, atın ayaqları altına açaraq qarşı tərəfə öldürmək niyyətində olmadığını göstərirdi.
Qaçaq Nəbinin ölümü ilə bağlı yayılan versiyalara münasibət bildirən tarixçi isə “namus davası” iddiasının tarixi baxımdan sual doğurduğunu qeyd edib.
“Şah Hüseynin Nəbini namus məsələsinə görə öldürdüyü barədə fikirlər yayılır. Lakin bu versiyanın özündə ziddiyyət var. Çünki Nəbinin öldürüldüyü vaxt Şah Hüseynin subay olduğu bildirilir. Bu halda söhbətin namus davasından getməsi məntiqə uyğun gəlmir”, – Zaur Əliyev deyib.
Onun sözlərinə görə, Nəbinin başına Çar hakimiyyəti tərəfindən böyük məbləğdə mükafat qoyulması onun öldürülməsinin əsas motivlərindən biri olub. Tarixçi bildirir ki, mövcud sənədlərə əsasən, qətli törədən şəxslərin mükafat və Çar hökumətindən müəyyən imtiyazlar əldə etmək niyyətində olduqları iddia edilir.
“Nəbi “Qanlı zəmi”də mühasirəyə alınaraq açıq döyüşdə öldürülməyib. Mövcud məlumatlara görə, gecə saatlarında arxadan qəfil atəş açılması nəticəsində öldürülüb”, – tarixçi vurğulayıb.
Zaur Əliyev əlavə edib ki, Nəbinin ölümündən sonra belə Çar idarəçiliyi onun xalq arasındakı nüfuzundan ehtiyat edib: “1896-cı ildə Nəbi öldürüldükdən sonra Zəngəzurda onun adının uşaqlara qoyulmasına qarşı gizli nəzarət və məhdudiyyətlərin tətbiq edildiyi barədə məlumatlar var. Çar hakimiyyəti qorxurdu ki, ‘Nəbi’ adı yeni nəsildə müqavimət və azadlıq ruhunu yaşada bilər”.
Tarixçinin fikrincə, Qaçaq Nəbi haqqında müasir sosial mediada yayılan iddialara qiymət verərkən dövrün siyasi və sosial şəraitini, eləcə də Çar Rusiyasının yerli əhaliyə münasibətini nəzərə almaq vacibdir. Onun sözlərinə görə, Nəbini yalnız “quldur” və “oğru” kimi təqdim etmək onun Azərbaycan xalqının tarixi yaddaşındakı yerini və fəaliyyətinin sosial kontekstini nəzərdən qaçırmaq deməkdir.
Əli Fərhad









