Trampın sammit diplomatiyası: Ukrayna, Çin və Hindistan xətti – ŞƏRH
Fransada keçirilən və başa çatan G7 (“Böyük yeddilər”) sammitində əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, sammit iştirakçıları Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıblar. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə dialoqun tərəfdarı kimi tanınan ABŞ Prezidenti Donald Trampın da Moskvaya təzyiqin artırılmasına etiraz etməməsi diqqət çəkən məqamlardan biridir.
“Elə bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi ilə bağlı əldə olunan razılıq toplantının mühüm nəticələrindən hesab oluna bilər. İndi əsas məsələ bu qərarların qısa müddətdə icrasını təmin etməkdir”, – deyə siyasi şərhçi vurğulayıb.
Elxan Şahinoğlu qeyd edib ki, G7 sammitinə tərəfdaş ölkələrin liderləri də dəvət olunublar. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron Çin lideri Si Cinpinin də tədbirə qatılmasını istəyib. Lakin bunun üçün G7 ölkələrinin ortaq razılığı tələb olunurdu və Yaponiya Çinin sammitdə iştirakına qarşı çıxıb.
Siyasi şərhçi hesab edir ki, Si Cinpin dəvət alsaydı belə, onun sammitdə iştirak edəcəyi sual altında qalırdı. “Çin liderinin Rusiya əleyhinə müzakirələrdə iştirak etməsi real görünmürdü”, – deyə o bildirib.
Elxan Şahinoğlu diqqətə çatdırıb ki, sammitdə nadir torpaq elementlərinin istismarı ilə bağlı yeni yanaşmalar da müzakirə olunub. O xatırladıb ki, dünya üzrə bu resursların təxminən 70 faizi Çinin nəzarətindədir və Pekin son dövrlər onların ixracını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
“Bu səbəbdən G7 ölkələri Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarırlar. Sammitdə nadir torpaq elementlərinin istismarı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə qərar qəbul olunub”, – deyə siyasi şərhçi bildirib.
Şərhçinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Bu görüşlərdən biri Hindistanın Baş naziri Narendra Modi ilə olub.
“Elə bir müddət əvvəl Hindistanın siyasətini tənqid edən Donald Tramp bu dəfə Narendra Modi ilə danışıqları müsbət qiymətləndirib. Hətta bildirib ki, Hindistana hücum olarsa, Vaşinqton Yeni Dehliyə hərtərəfli dəstək verməyə hazırdır”, – deyə Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, tərəflər Hörmüz boğazı ətrafındakı vəziyyəti də müzakirə ediblər. Siyasi şərhçi bildirib ki, boğazda yaşanan gərginlik Hindistan üçün ciddi problemlər yaradıb, nəticədə hindistanlı dənizçilər həlak olub və ölkəyə neft daşıyan tankerlərin hərəkəti çətinləşib.
“Elə buna görə də Vaşinqtonla Tehran arasında mümkün razılaşma Hindistan üçün xüsusi əhəmiyyət daşıyır. Ancaq boğaz yaxın vaxtlarda tam fəaliyyətini bərpa etsə belə, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylarla vaxt apara bilər”, – deyə o vurğulayıb.
Elxan Şahinoğlu əlavə edib ki, Trampın Hindistan siyasətinə müsbət yanaşmasına baxmayaraq, iki ölkə arasında ticarət sazişinin imzalanmasına ehtiyac qalır. Onun sözlərinə görə, ABŞ və Hindistan arasında bu ilin fevralından davam edən danışıqlar hələ yekun nəticə verməyib.
Vural









