media-whatsapp-image-2026-08-18-at-10-19-06

Eskişehir Cumhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat zamanı internet modemlərinin satışı adı altında vətəndaşları aldadan 53 şübhəli şəxs həbs edilib.

ERAmedia xəbər verir ki, Eskişehir Polis İdarəsinin İctimai Asayiş Şöbəsinin Dələduzluq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılan 82 şübhəli şəxsdən 53-ü məhkəmənin qərarı ilə tutularaq həbsxanaya göndərilib.

Araşdırma zamanı şübhəlilərin vətəndaşlara ölkə üzrə internet infrastrukturunun dəyişdiriləcəyini, mövcud modemlərdən istifadə edilməyəcəyini və internet xidmətlərinin qısa müddətdə dayandırılacağını söylədikləri müəyyənləşdirilib. Onlar məcburi infrastruktur keçidinin həyata keçiriləcəyini və yeni modem alındığı halda internet ödənişlərinə endirim tətbiq olunacağını vəd ediblər.

Şübhəlilərin modem dəyişdirilmədiyi təqdirdə internet tariflərinin bahalaşacağını bildirərək vətəndaşları yeni modem almağa yönləndirdikləri müəyyən edilib.

Polisin araşdırmasına görə, şübhəlilər bu üsulla Türkiyə üzrə 801 nəfərə modem satıblar. Göndərilən modemlərin böyük hissəsinin mövcud internet infrastrukturu ilə uyğun olmadığı, vəd edilən internet ödənişi endirimlərinin isə tətbiq edilmədiyi üzə çıxıb. Zərərçəkənlərin şübhəlilərin hesablarına ümumilikdə təxminən 116 milyon türk lirəsi köçürdüyü müəyyənləşdirilib.

Bununla əlaqədar Eskişehir başda olmaqla İstanbul, Kocaeli, Bursa, Çanaqqala, Muğla, Düzcə, Zonquldak, Bolu, Karabük, Ərzurum, Qars, Ankara, Antalya, Adana, Kahramanmaraş, Hatay, Afyonkarahisar və Yozqatda eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı dələduzluq fəaliyyətinin təşkilində iştirak etdiyi ehtimal olunan şirkət rəhbərlərinin də aralarında olduğu 90 şübhəli saxlanılıb. Onlardan 8-i polis bölməsindəki prosedurların ardından sərbəst buraxılıb.

İstintaq çərçivəsində çoxsaylı şübhəlilərin və 13 şirkətin bank və kriptovalyuta hesablarına, həmçinin dələduzluq yolu ilə əldə edilmiş vəsait hesabına alındığı ehtimal olunan 5 avtomobil, 1 mənzil, 1 dupleks villa və 1 torpaq sahəsinə həbs qoyulub.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər