media-34f507a6-269f-4bd3-a0ec-23d4dea9e7f1

İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlular, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsr tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş və şəhər barədə qeydlər aparmışlar.

Qədimdən Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir.

İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur.

İrəvanın qədim Azərbaycan şəhəri olması və əhalisinin türklərdən ibarət olduğunu təsdiq edən mənbələrdən biri də müəllifi Carle Lefèvre-Pontalis olan və 1894-cü ildə Parisdə nəşr edilən “Tiflisdən Persepolisə: Qədim Şərqin qalıqları” kitabıdır.

Kitabda müəllif İrəvan barədə qeydlər edir və Rusiya işğalından əvvəl bu şəhərin İrəvan xanlığının paytaxtı olmasını təsdiqləyir. O, bölgənin demoqrafik vəziyyətindəki dəyişiklikləri müşahidə edərək bildirir ki, şəhər hələ də özünün “tatar” kimliyini qoruyub saxlamışdı, lakin artıq Rusiya inzibati idarəçiliyi altına düşmüşdü.

Müəllif İrəvanı təsvir edərkən onu müsəlman şəhəri adlandırır. O, şəhərin mənzərəsini kilsə zəngləri ilə deyil, məscid minarələri ilə xarakterizə edir.

Fransız diplomat və səyyah İrəvanın ruslardan əvvəlki sahiblərini və idarəçilərini sərdarlar adlandırır. O dövrün terminologiyasında onların Azərbaycan türkləri olduğunu da qeyd edir. Müəllif xüsusi vurğulayır ki, Rusiya işğalına və erməni əhalisinin sayının artmasına baxmayaraq, İrəvan türk-müsəlman görkəmini dəyişməmişdir.

O yazır ki, ruslar bu əraziləri işğal etdikdən sonra erməniləri buraya köçürməklə sərhədlərini möhkəmləndirmək siyasəti aparmışlar. Xanlıq rus generalı Paskeviç tərəfindən tutulduqdan sonra imperator I Nikolayın fərmanı ilə burada müvəqqəti “Erməni vilayəti” yaradılması da müəllif tərəfindən xüsusi qeyd olunur. Bu ərazi Rusiyanın regiondakı xristian dayağına çevrilməli idi və bu siyasət mərhələli şəkildə həyata keçirilirdi.

Lefèvre-Pontalis yazır ki, ermənilərin İrəvana köçürülməsi ilə yanaşı, Rusiya Eçmiədzin monastırında yerləşən erməni katalikosluğunu xaricdəki ermənilərin kilsə ətrafında birləşdiyi mərkəzə çevirmişdir.

Müəllif sənədlərə əsaslanaraq qeyd edir ki, Rusiya işğalına qədər bu ərazi əhalisi müsəlman-türk olan bir xanlıq idi. 1828-ci ildən sonra İran və Osmanlı torpaqlarından erməni ailələrinin buraya köçürülməsi ilə mülkiyyət və demoqrafik vəziyyət dəyişdirilməyə başlanmışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra isə ərazi Rusiya imperiyasının nəzarətinə keçmişdir.

İrəvanın ən möhtəşəm abidəsi olan Göy məscidin divar bəzəklərini və orada ibadət edən müsəlmanları təsvir edən müəllif, şəhərin xristian idarəçiliyi altında belə öz türk-islam mahiyyətini necə qoruduğunu vurğulayır. Onun qeydlərindən aydın olur ki, şəhərdə əhalinin əksəriyyəti türk dilində danışırdı.

O yazır ki, rus məmurları yerli əhali ilə ünsiyyət qurmaq üçün bu dili bilən tərcüməçilərə müraciət edirdilər. Müəllif İrəvandakı “tatar”ları və onların dilini, adət-ənənələrini Arazın o tayındakı insanlarla eyni kökdən gələn, eyni dildə danışan bir toplum kimi təqdim edir.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər