Vaşinqton Şərqi Aralıq dənizində enerji xəritəsini dəyişmək istəyir
İsrail, Yunanıstan və Kipr (Yunan) Respublikası arasında əməkdaşlığın son illərdə daha da dərinləşməsi regionda yeni geosiyasi və iqtisadi əlaqələrin formalaşmasına səbəb olur.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu əməkdaşlığın əsas istiqamətlərindən biri üç ölkənin elektrik şəbəkələrini birləşdirməsi nəzərdə tutulan “Great Sea Interconnector” (GSI) layihəsidir.
Onun sözlərinə görə, ABŞ-da yəhudi və yunan lobbilərinin təsiri də Vaşinqtonun İsrail, Yunanıstan və Kipr arasındakı əməkdaşlığa münasibətində özünü göstərir. ABŞ Konqresində layihəyə dəstək verilməsi ilə bağlı təşəbbüsə İllinoys ştatından konqresmen Bred Şnayder və Floridadan olan konqresmen Qas Bilirakis rəhbərlik ediblər.
“ABŞ qanunvericiləri GSI-ni yalnız elektrik bağlantısı kimi qiymətləndirmirlər. Onlar layihəni regional dayanıqlığı gücləndirə, Avropa, Yaxın Şərq və Hindistan arasında daha sıx iqtisadi əlaqələrə imkan yarada biləcək daha geniş strateji şəbəkənin bir hissəsi hesab edirlər”, – deyə Elxan Şahinoğlu qeyd edib.
Siyasi şərhçi bildirib ki, bir qrup amerikalı konqresmen ABŞ administrasiyasından GSI layihəsinə dəstək verməsini istəyib. Çağırış əsasən dövlət katibi Marko Rubioya və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının icraçı direktoru Ben Blekə ünvanlanıb.
“Konqresmenlər hesab edirlər ki, layihənin dəstəklənməsi ABŞ-ın Şərqi Aralıq dənizindəki strateji maraqlarına cavab verir. Onlar həmçinin Hindistandan başlayaraq Yaxın Şərq və Avropanı əhatə edən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin – IMEC-in əhəmiyyətini vurğulayırlar. Onların fikrincə, GSI şəbəkəsi IMEC-in reallaşmasında mühüm rol oynaya bilər”, – deyə o bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, GSI layihəsinin əsas məqsədlərindən biri Kipr (Yunan) Respublikasının Avropanın elektrik sisteminə qoşulmasını təmin etmək, İsrailin enerji təhlükəsizliyini gücləndirmək və Avropa ilə Şərqi Aralıq dənizi arasında etibarlı, təmiz və ikitərəfli elektrik axını üçün imkan yaratmaqdır.
“Layihəyə Fransanın da marağı var. Fransa şirkətləri GSI-nin reallaşdırılmasında iştirak və investisiya imkanlarını araşdırırlar. Bu da layihənin təkcə üç ölkənin enerji təşəbbüsü olmadığını, daha geniş Avropa və ABŞ strateji maraqları ilə əlaqələndirildiyini göstərir”, – siyasi şərhçi vurğulayıb.
O qeyd edib ki, amerikalı konqresmenlərin məktubunda diqqət çəkən məqamlardan biri Tramp administrasiyasından layihənin tamamlanmasına təsir göstərə biləcək geosiyasi çətinliklər barədə məxfi məlumat tələb edilməsidir.
“Bu detal xüsusilə maraqlıdır. Çünki konqresmenlər bununla layihənin qarşısında yalnız texniki və maliyyə deyil, həm də geosiyasi maneələrin olduğunu faktiki olaraq qəbul edirlər. Deməli, Vaşinqton GSI-nin reallaşdırılmasını istəyir, amma layihənin bölgədəki siyasi reallıqlardan asılı olduğunu da anlayır”, – deyə Elxan Şahinoğlu bildirib.
Siyasi şərhçi hesab edir ki, layihənin qarşısındakı əsas problemlərdən biri Yaxın Şərqdə davam edən gərginlikdir. Bundan başqa, regiondakı bəzi ölkələrin IMEC-ə və onunla əlaqəli layihələrə müsbət yanaşmaması da prosesə təsir göstərə bilər.
“GSI və IMEC-in bir-biri ilə əlaqələndirilməsi enerji, nəqliyyat və ticarət baxımından yeni regional xəritə yarada bilər. Lakin Yaxın Şərqdəki qarşıdurmalar, regional rəqabət və bəzi ölkələrin bu təşəbbüslərə münasibəti layihələrin reallaşmasını çətinləşdirir. Buna görə də ABŞ konqresmenlərinin Tramp administrasiyasından məhz geosiyasi maneələr barədə məlumat istəməsi təsadüfi deyil”, – Elxan Şahinoğlu əlavə edib.
Vüsalə









