ABŞ-da siyasi balans dəyişir: Seçkilərin nəticələri Azərbaycan üçün nə vəd edir?
ABŞ-da noyabrın 4-də Konqresə keçirilən seçkilərdə demokratların hər iki palatada çoxluq əldə etməsi ölkədə siyasi tarazlığı dəyişib.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Tahir Mirkişili seçkilərin nəticələrini şərh edərək bildirib ki, icra hakimiyyətinin respublikaçıların, qanunvericilik hakimiyyətinin isə demokratların nəzarətində cəmləşməsi ABŞ tarixində tez-tez rast gəlinən siyasi vəziyyətdir.
Deputatın sözlərinə görə, seçkilərin nəticələrinə təsir edən əsas amillərdən biri vətəndaşların iqtisadi vəziyyətdən narazılığı olub. Sorğular göstərir ki, təxminən hər 10 seçicidən 9-u yaşayış xərclərini səsvermə qərarına təsir edən mühüm amil kimi qiymətləndirib.
T.Mirkişili qeyd edib ki, İranla müharibə və yüksək yanacaq qiymətləri də seçkilərin nəticələrinə ciddi təsir göstərib. Təkcə sentyabr ayında ABŞ-da benzinin qiyməti 9,1 faiz artıb. Son iki ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) artmasına baxmayaraq, inflyasiyanın qarşısını almaq mümkün olmayıb. Nəticədə seçicilər iqtisadi artımın müsbət təsirlərini gündəlik həyatlarında tam hiss edə bilməyiblər.
Deputat hesab edir ki, demokratların qələbəsini seçicilərin onların bütün siyasi proqramına dəstəyi kimi qiymətləndirmək düzgün deyil. Bu nəticə, eyni zamanda, mövcud idarəetmənin təkmilləşdirilməsi və hakimiyyət üzərində daha güclü nəzarətin yaradılması tələbinin ifadəsidir.
O bildirib ki, 1938-2022-ci illər ərzində ABŞ-da keçirilən 22 aralıq seçkinin 20-də prezidentin partiyası Nümayəndələr Palatasında mandat itirib. Bu tendensiya həm demokrat, həm də respublikaçı prezidentlər dövründə müşahidə olunub. Konqresə seçkilər prezident seçkilərindən iki il sonra keçirildiyi üçün ənənəvi olaraq hakim partiya üçün ciddi siyasi sınaq hesab olunur.
T.Mirkişilinin fikrincə, budəfəki seçkilərin əsas mesajı insanların gündəlik rifahının siyasi nəticələri müəyyən edən başlıca amillərdən biri olmasıdır. Seçicilər qiymətlərin, münaqişələrin və qeyri-müəyyənliyin şəxsi həyatlarına təsirini nəzərə alaraq qərar veriblər.
Deputat yeni Konqresin 3 yanvar 2027-ci ildə fəaliyyətə başlayacağını xatırladaraq seçkilərdən sonra ABŞ-ın daxili və xarici siyasətində bir sıra dəyişikliklərin mümkün olduğunu vurğulayıb.
Daxili siyasətdə gözlənilən dəyişikliklər
T.Mirkişili bildirib ki, yeni siyasi konfiqurasiya bir sıra istiqamətlərdə özünü göstərə bilər:
– Büdcə və vergi sahəsində qanunvericilik qərarlarının qəbulu çətinləşə və uzana bilər.
– Konqresin administrasiya üzərində nəzarəti güclənə, onun fəaliyyəti daha böyük siyasi əhəmiyyət qazana bilər.
– Prezidentin təyinatları daha geniş müzakirə və siyasi mübahisə predmeti ola bilər.
Onun sözlərinə görə, bu vəziyyətin iki mümkün iqtisadi nəticəsi var. Tərəflər arasında kompromis əldə olunarsa, iqtisadi siyasət daha proqnozlaşdırılan ola bilər. Siyasi qarşıdurma üstünlük təşkil edərsə, iqtisadi qeyri-müəyyənlik arta və artım zəifləyə bilər.
Deputat diqqətə çatdırıb ki, ABŞ prezidentinin icra hakimiyyəti və xarici siyasət sahəsində mühüm səlahiyyətləri və imkanları qalacaq. Bununla belə, qanunvericilik və maliyyələşmə tələb edən təşəbbüslərin həyata keçirilməsi çətinləşə bilər.
Xarici siyasətdə iki mümkün ssenari
T.Mirkişili hesab edir ki, seçkilərin nəticələrini avtomatik olaraq daha çox sülh və ya daha çox qarşıdurma kimi qiymətləndirmək doğru deyil. Onun fikrincə, qarşıdakı dövrdə iki əsas ssenari mümkündür.
Birinci ssenariyə əsasən, administrasiya seçicilərin narazılığını nəzərə alaraq xarici münaqişələrin və iqtisadi xərclərin azaldılmasına çalışa bilər.
İkinci ssenari isə daxili siyasətdə imkanları məhdudlaşan administrasiyanın diqqətini xarici siyasətə yönəltməsi və bu istiqamətdə daha çox uğur əldə etməyə çalışmasıdır.
Deputat vurğulayıb ki, hansı ssenarinin reallaşacağı yaxın gələcəkdə aydınlaşacaq. Hazırda ABŞ-da prezidentlə Konqres arasında yeni siyasi tarazlıq formalaşır. Bu vəziyyət bəzi məsələlərdə kompromisi, digərlərində isə qarşıdurmanı gücləndirə bilər. Buna görə də xarici siyasətdə dərhal köklü dəyişikliklər gözləmək tezdir.
Yeni siyasi reallıq Azərbaycan üçün nə deməkdir?
Azərbaycan-ABŞ münasibətlərinə toxunan T.Mirkişili bildirib ki, 10 fevral 2026-cı ildə iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mühüm hadisədir.
Onun sözlərinə görə, sənəddə enerji, Orta Dəhliz, TRİPP, investisiya, süni intellekt və rəqəmsal infrastruktur kimi mühüm əməkdaşlıq istiqamətləri əksini tapıb. Bu sənəd Azərbaycan-ABŞ münasibətlərinin inkişafı üçün ciddi əsas yaradır.
Deputat hesab edir ki, Xartiyada müəyyənləşdirilən istiqamətlər seçkilərdə hansı siyasi qüvvənin qalib gəlməsindən asılı olmayaraq, hər iki dövlətin milli maraqlarına xidmət edir. Hazırda əsas vəzifə mövcud imkanları konkret layihələrə çevirmək, həm ABŞ administrasiyası, həm də Konqreslə dövlət maraqlarına əsaslanan dialoqu gücləndirməkdir.
T.Mirkişili qeyd edib ki, Azərbaycan ABŞ-la münasibətlərini uzunmüddətli dövlət maraqları əsasında qurur. Vaşinqtonda siyasi balans dəyişə bilər, lakin Azərbaycanın enerji, nəqliyyat və regional təhlükəsizlik baxımından əhəmiyyəti qorunub saxlanılır və gələcəkdə daha da güclənəcək.
Mələk Onur









