media-aa755dffad0f4f6c

ABŞ, Rusiya və Çin arasında mümkün üçtərəfli sammit qlobal güc balansında yeni geosiyasi mərhələnin başlanğıcı ola bilər.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov bildirib ki, Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra Vaşinqtonun Qərbin ənənəvi təhlükəsizlik norma və dəyərlərinə yanaşmasını dəyişməsi Ukraynadakı müharibə ilə bağlı mövqelərə də ciddi təsir göstərir.

Onun sözlərinə görə, Ağ Evin rəsmi Kiyevə hərbi və maliyyə dəstəyini, eləcə də kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırması, əvəzində Rusiya ilə dialoqa və əməkdaşlığa üstünlük verməsi qlobal güc balansında genişmiqyaslı geosiyasi yenidənqurma prosesindən xəbər verir. Eyni zamanda, Vaşinqtonun Çinlə münasibətlərində taktiki koordinasiya ilə sərt strateji rəqabət arasında tərəddüd etdiyi müşahidə olunur.

Aqşin Kərimov qeyd edib ki, mövcud geosiyasi mərhələdə üç dövlətin fərqli strateji məqsədləri var. ABŞ fərqli metod və prinsiplərlə qlobal hegemon mövqeyini qorumağa və möhkəmləndirməyə çalışır. Rusiya Ukraynadakı müharibənin artan xərclərini və üzləşdiyi geosiyasi riskləri kompensasiya etmək üçün Vaşinqtonla rəqabəti müvəqqəti olaraq arxa plana keçirməyə üstünlük verir. Çin isə münaqişəyə birbaşa qoşulmadan ABŞ-Rusiya yaxınlaşmasının və Vaşinqtonun diqqətinin dəyişməsinin öz maraqlarına mümkün təsirlərini hesablayır.

Siyasi təhlilçinin fikrincə, ABŞ-İsrail ittifaqının İranla hərbi qarşıdurması da Pekin və Moskva üçün mövcud geosiyasi strategiyaların və risk hesablamalarının sınaqdan keçirilməsi baxımından əhəmiyyətlidir. Yaxın Şərqdəki qarşıdurmanın və Ukrayna böhranının qlobal iqtisadi təzyiqləri artırması beynəlxalq güc nisbətində dəyişikliklərə yol açır. Məhz belə mürəkkəb geosiyasi şəraitdə Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli sammitinin keçirilməsi perspektivi gündəmə gəlir.

Üçtərəfli sammit ideyasının arxasında nə dayanır?

Aqşin Kərimov vurğulayıb ki, Donald Trampın prezidentliyə qayıdışından sonra üçtərəfli görüş ideyası bir neçə dəfə medianın və analitik müzakirələrin gündəminə gəlib. Lakin budəfəki təşəbbüsün fərqli cəhəti onun praktiki müstəviyə keçməsi üçün prosedurların rəsmiləşdirilməsinin daha ciddi müzakirə olunmasıdır. Bu məsələdə isə Rusiya xüsusilə fəallıq göstərir.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı müharibənin nizamlanması məqsədilə üçtərəfli sammit keçirilməsini təklif edib. Moskva bu format vasitəsilə Kiyevin birbaşa iştirakı olmadan Ukraynanın gələcəyini böyük güclərin müzakirəsinə çıxarmağa və münaqişəyə öz şərtləri əsasında son qoymağa çalışır.

Siyasi təhlilçi bildirib ki, sonrakı rəsmi bəyanatlarda həm Vaşinqton, həm də Moskva belə bir görüşün keçirilməsi ehtimalını təsdiqləyib. Çin isə təşəbbüsə münasibətdə daha ehtiyatlı mövqe nümayiş etdirir. Pekin sammit ideyasını açıq şəkildə dəstəkləməsə də, onu rədd etdiyini də bildirməyib.

Aqşin Kərimovun qənaətinə görə, Çin lideri Si Cinpin üçün belə bir görüş beynəlxalq nüfuz baxımından müəyyən üstünlüklər yarada bilər. Bununla belə, Pekinin təşəbbüsdən kənarda qalmaq üçün də əsasları var. Çünki Çin indiyədək həm Vaşinqton, həm də Moskva ilə münasibətlərini ayrı-ayrı istiqamətlər üzrə inkişaf etdirməkdən faydalanmağa üstünlük verib. Lakin bu ehtiyatlı mövqe Pekinin sammitdə iştirakdan imtina edəcəyi anlamına gəlmir.

Sammit Çində keçirilə bilər

Siyasi təhlilçi qeyd edib ki, görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunacağı təqdirdə, üçtərəfli sammitin Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkili nəzərdə tutulur. APEC sammitinin noyabrın 18-19-da keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, rəsmi açıqlamalara əsasən, üçtərəfli görüş razılaşdırılarsa, müzakirələrin əsas gündəliyini nüvə silahlarına nəzarət, regional və qlobal təhlükəsizlik məsələləri təşkil edə bilər. Liderlər mövqelərini Rusiya-Ukrayna müharibəsi və İran ətrafında hərbi eskalasiya riskləri fonunda qiymətləndirə bilərlər.

Aqşin Kərimov hesab edir ki, belə bir sammit hər üç dövlətin öz strateji maraqlarını reallaşdırması baxımından taktiki əhəmiyyət daşıyır. Bununla yanaşı, mümkün görüş Avropanın regional təhlükəsizlik arxitekturasındakı roluna, Trans-Atlantik münasibətlərin gələcəyinə və qitənin qlobal geosiyasi qərarların qəbulunda tutduğu mövqeyə ciddi təsir göstərə bilər.

Avropa yeni geosiyasi reallıq qarşısında

Siyasi təhlilçinin fikrincə, Avropanın narahatlığını artıran bir neçə mühüm amil mövcuddur.

Birincisi, Avropa Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurmasının yaratdığı iqtisadi şokların təsiri altındadır.

İkincisi, Rusiyanın Avropaya qarşı hərbi ritorikasını sərtləşdirməsi, Çinlə strateji yaxınlaşması və ABŞ ilə yeni sövdələşmə axtarışları qitənin təhlükəsizlik narahatlıqlarını artırır.

Üçüncüsü, Çin Xalq Respublikasının Avropada iqtisadi və siyasi təsir imkanları genişlənir.

Aqşin Kərimovun qənaətinə görə, ABŞ, Rusiya və Çin liderlərinin mümkün üçtərəfli sammiti təkcə Ukrayna müharibəsinin taleyi ilə bağlı deyil, həm də gələcək dünya nizamının formalaşması baxımından mühüm hadisə ola bilər. Belə bir formatda qəbul ediləcək qərarlar Avropanın təhlükəsizlik maraqlarına birbaşa təsir göstərə, Trans-Atlantik münasibətlərdə yeni gərginliklər yarada və qlobal güc mərkəzləri arasındakı münasibətlərin istiqamətini dəyişə bilər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər