media-822af876-f776-453e-809e-e9d496e9fa8c

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Ukrayna polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarını hədəfə alan beynəlxalq kiberdələduzluq şəbəkəsi ifşa edilib.

ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bu əməliyyatın texniki-texnoloji və təşkilati baxımdan diqqətçəkən məqamlarına münasibət bildirib.

Osman Gündüz qeyd edib ki, əməliyyatın əsas xüsusiyyəti ayrı-ayrı kiberdələduzların deyil, xaricdə fəaliyyət göstərən bütöv mütəşəkkil kiberşəbəkənin ifşa olunmasıdır. Onun sözlərinə görə, şəbəkənin xaricdəki təşkilatçılarına qədər gedib çıxılması uzunmüddətli və mürəkkəb texniki-texnoloji, əməliyyat-axtarış və analitik işin aparıldığını göstərir.

Ekspert bildirib ki, bu prosesdə beynəlxalq zənglərin və rəqəmsal izlərin təhlili, bank kartları üzrə maliyyə əməliyyatlarının izlənilməsi, Telegram üzərindən əlaqələrin araşdırılması, eləcə də pulların kriptovalyutaya çevrilməsi hallarının müəyyənləşdirilməsi kimi istiqamətlər üzrə araşdırmalar aparılmış ola bilər.

Osman Gündüz vurğulayıb ki, DİN əməliyyat zamanı istifadə olunan konkret texnoloji və analitik mexanizmləri açıqlamayıb. Bununla belə, əldə olunan nəticələr belə mürəkkəb şəbəkənin müəyyənləşdirilməsi üçün ciddi araşdırmaların, ölkədaxili və beynəlxalq koordinasiyanın həyata keçirildiyini düşünməyə əsas verir.

Onun fikrincə, bu prosesdə bankların, mobil operatorların və təhlükəsizlik qurumlarının da iştirakı ehtimal olunur.

Multimedia Mərkəzinin direktoru diqqətə çatdırıb ki, Ukrayna uzun illərdir transmilli kibercinayətkar şəbəkələrin, o cümlədən müxtəlif ölkələrin vətəndaşlarını hədəfə alan saxta çağrı mərkəzlərinin (Call Center) fəaliyyət göstərdiyi məkanlardan biri kimi tanınır. Bu ölkədə kiberdələduzluq şəbəkələrinin fəaliyyəti ilə bağlı əvvəllər də məlumatlar yayılıb.

Osman Gündüz hesab edir ki, belə bir şəraitdə, xüsusilə də müharibənin davam etdiyi ölkədə xarici hüquq-mühafizə orqanları ilə birgə əməliyyatın təşkili və cinayətkar şəbəkənin təşkilatçılarının saxlanılması xüsusi əhəmiyyət daşıyır.

O, əməliyyatı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin peşəkar potensialını, beynəlxalq əməkdaşlıq imkanlarını və transsərhəd kibercinayətkarlığa qarşı mübarizə qabiliyyətini nümayiş etdirən ciddi uğur kimi qiymətləndirib.

Osman Gündüz əməliyyatın hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edənləri, xüsusilə prosesdə iştirak edən kiber mütəxəssisləri və analitikləri təbrik edərək, görülən işi təqdirəlayiq adlandırıb.

O, əlavə edib ki, bu cür əməliyyatlar kibercinayətkarlıqla effektiv mübarizədə yalnız ənənəvi polis metodlarının kifayət etmədiyini bir daha göstərir. Bunun üçün güclü İT infrastrukturu, rəqəmsal kriminalistika və analitika, eləcə də beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər