media-susa1

Bu həftə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri – Şuşanın işğaldan azad olunmasının ildönümü və Şuşa Şəhəri Günü qeyd ediləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, altı il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan edib. Həmin gün Azərbaycan tarixinə şanlı Zəfərin mühüm səhifələrindən biri kimi yazılıb.

Deputat qeyd edib ki, işğal dövründə baxımsız vəziyyətə düşən Şuşa hazırda yenidən qurulur, bərpa edilir və Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir. Zəfərdən sonra öz tarixi və mədəni kimliyinə yenidən qovuşan şəhər doğma sakinlərini də qarşılamaqda davam edir.

Vüqar Bayramovun sözlərinə görə, Şuşa şəhəri ilə yanaşı, rayonun digər yaşayış məntəqələrində də məskunlaşma prosesi davam etdirilir.

Belə ki, növbəti Şuşa Şəhəri Gününə hazırlıq ərəfəsində rayon üzrə indiyədək 420 ailə, ümumilikdə 1579 nəfər daimi məskunlaşıb. Onlardan 377 ailə və ya 1411 nəfər Şuşa şəhərində yaşayır. Hazırda rayonun Böyük Qaladərəsi kəndində 78, Kiçik Qaladərəsi kəndində isə 90 nəfər məskunlaşıb.

Deputat vurğulayıb ki, məskunlaşma prosesi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. İkinci Dövlət Proqramı çərçivəsində isə Şuşa rayonu da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məskunlaşmanın təmin edilməsi nəzərdə tutulur.

Beləliklə, Şuşanın dirçəlişi, infrastrukturunun bərpası və sakinlərinin doğma yurdlarına qayıdışı Azərbaycanın Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biri olaraq davam edir.

Vural


media-adspc

Bənzər xəbərlər