media-tramp-iran

ABŞ-da Konqresə keçirilən seçkilərdə demokratların qələbə qazanması və qanunverici orqanda çoxluğu təmin etməsi Vaşinqtonun xarici siyasətinə, eləcə də qlobal geosiyasi proseslərin inkişafına təsir göstərə bilər.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, bu kontekstdə ən aktual məsələlərdən biri İranla müharibənin gələcəyidir. Onun fikrincə, Donald Tramp administrasiyasının İranı təslim etməyə hesablanmış “müharibə və danışıqlar” taktikası yeni siyasi reallıq fonunda ciddi sınaqla üzləşə bilər.

Təhlilçi qeyd edib ki, respublikaçıların seçkidə məğlubiyyətini şərtləndirən amillərdən biri İranla müharibə fonunda yanacaq qiymətlərinin artması və inflyasiya kimi iqtisadi problemlərdir. Bu vəziyyət respublikaçılar arasında Trampın müharibə planına qarşı əvvəldən mövcud olan narazılığı daha da gücləndirə bilər.

Asif Nərimanlının qənaətinə görə, demokratların Konqresdə çoxluğu əldə etməsi Trampın xarici siyasət sahəsində manevr imkanlarını da məhdudlaşdıracaq. Belə ki, demokratlar hərbi xərclərin ayrılmasına və xarici siyasətlə bağlı qərarlara nəzarət imkanlarını genişləndirəcəklər. Danışıqların tərəfdarı olan demokratların administrasiyaya İranla razılaşma əldə etmək istiqamətində təzyiq göstərməsi də mümkündür.

Onun sözlərinə görə, seçkilərdəki məğlubiyyət Trampı daha çox daxili siyasətə diqqət ayırmağa da sövq edə bilər.

Bununla belə, bu nəticələr ABŞ-ın yaxın perspektivdə İranla nüvə sazişinə qayıdacağı və sanksiyaları aradan qaldıracağı anlamına gəlmir. Çünki demokratların öz daxilində də İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları mövcuddur. Lakin ümumi mənzərədə Tehranın mövqelərinin güclənməsi ehtimalı artır.

Asif Nərimanlı xatırladıb ki, İranın əsas planlarından biri ABŞ-da aralıq seçkilərə qədər anlaşmanı təxirə salmaq, bununla da seçkilərin nəticələrinə təsir göstərmək və respublikaçıların mümkün məğlubiyyəti ssenarisinə hazırlaşmaq idi. Hazırkı mənzərə nəzəri baxımdan Tehranın bu strategiyasının müəyyən nəticə verdiyini göstərir.

Bununla paralel, İsraildəki siyasi vəziyyət də İranın maraqlarına uyğun mənzərə yarada bilər. Belə ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi radikal sağ qüvvələr üstünlük qazansa da, koalisiya hökumətinin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Bu fonda Vaşinqton və Təl-Əvivdə İranla müharibə planlarının gələcəyi sual altına düşür.

Təhlilçi hesab edir ki, bütün bunlara baxmayaraq, proseslərin artıq tamamilə həll olunduğunu söyləmək tezdir. Respublikaçılar Konqresdə və Nümayəndələr Palatasında mövqelərini itirsələr də, Tramp prezident olaraq xarici siyasətə rəhbərlik etməkdə davam edəcək və İranla bağlı hədəflərinə nail olmağa çalışacaq.

İranla bağlı üç mümkün ssenari

Asif Nərimanlının fikrincə, yaranmış vəziyyət fonunda İranla bağlı üç əsas ssenari ön plana çıxır.

Birinci ssenari – danışıqlar masasında razılaşmanın əldə olunmasıdır.

Təhlilçi hesab edir ki, Tramp daxili siyasi təzyiqlərdən xilas olmaq üçün Tehranla anlaşmaya getməyə çalışa bilər. Bu, növbəti seçkilərə qədər Respublikaçılar Partiyasının mövqelərini yaxşılaşdırmaq baxımından da əhəmiyyətli ola bilər.

Mövcud şərait bu ssenarinin reallaşmasına müəyyən imkanlar yaradır. Vaşinqton və Təl-Əviv arasında müharibənin gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu bildirilir. Eyni zamanda, İsraildə radikal sağın siyasi mövqeləri ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Lakin bu ssenarinin reallaşmasında İranın mövqeyi həlledici olacaq. Trampın anlaşmaq istəyi ABŞ-ın tələblərindən tamamilə geri çəkilməsi demək deyil. Xüsusilə nüvə məsələsində Vaşinqtonun prinsipial mövqeyini qoruyacağı gözlənilir.

İran yaranmış vəziyyətdən istifadə edərək danışıqlar masasında daha az güzəştə getməklə razılaşma əldə etməyə və sanksiyaların ən azı yumşaldılmasına nail ola bilər. Ancaq Tehranda siyasi qərarların qəbulunda sərt xətt tərəfdarlarının üstün mövqedə olması bu perspektivi qeyri-müəyyən edir.

İkinci ssenari – müharibə və danışıqların paralel davam etdirilməsidir.

Bu variantda ABŞ genişmiqyaslı müharibəyə qayıtmadan, lokal hərbi zərbələr fonunda danışıqları davam etdirə bilər.

Asif Nərimanlının fikrincə, Tramp administrasiyası demokratların İran müharibəsinə münasibətinə təsir göstərməyə də çalışa bilər. Belə ki, Vaşinqton danışıqlar masasında maksimalist tələblər irəli sürməklə Tehranın razılaşmadan uzaqlaşmasına və hərbi addımlar atmasına zəmin yarada bilər.

Bu yolla İranın ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğu fikri gücləndirilə və müharibənin yeganə çıxış yolu kimi təqdim edilməsinə çalışıla bilər.

Təhlilçi hesab edir ki, bu ssenaridə də İranın verəcəyi qərarlar və siyasi-psixoloji dayanıqlılığı həlledici əhəmiyyət daşıyacaq.

Üçüncü ssenari – İrana həlledici zərbənin endirilməsidir.

ABŞ və İsraildəki seçkilərin nəticələri bu ssenarinin reallaşma ehtimalını azaltsa da, iki mühüm amil nəzərə alınmalıdır.

Birincisi, aralıq seçkilərinin nəticələri Tramp üçün mənfi olsa da, seçkilərə görə ehtiyatlı davranmaq zərurətini müəyyən qədər aradan qaldıra bilər. Digər tərəfdən, prezident öz siyasi nüfuzunu qorumaq üçün İran üzərində qələbə əldə etməyə çalışa bilər.

İkincisi, İsraildə hökumətin formalaşdırılması ilə bağlı çətinliklər fonunda Benyamin Netanyahu daxili siyasi və ictimai qüvvələri öz ətrafında birləşdirmək məqsədilə ənənəvi olaraq istifadə edilən “İsrailin təhlükəsizliyinin qorunması” ritorikasını gücləndirə bilər. Bu yanaşma isə İranla genişmiqyaslı müharibə ehtimalını yenidən gündəmə gətirə bilər.

Asif Nərimanlının qənaətinə görə, Vaşinqton və Təl-Əvivdə formalaşan yeni siyasi mənzərə İran üçün müəyyən mənada “nəfəslik” rolunu oynaya bilər. Lakin bu, təhlükənin aradan qalxdığı anlamına gəlmir. ABŞ və İsrailin İranla bağlı hərbi planları hələ də aktualdır və yaxın perspektivdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini tərəflərin siyasi qərarları müəyyən edəcək.

Vural


media-adspc

Bənzər xəbərlər