media-a2cca076ce4376203292456aef56b74e687f3738e5580b6b3860b24c854a2ad7-images

Rusiyanın Ukraynaya qarşı müharibəsi Hindistan üçün böyük iqtisadi fürsətə çevrilib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Yeni Dehli bir tərəfdən Rusiyadan güzəştli qiymətlərlə neft alır, digər tərəfdən isə Ukraynanı silahlandıran Avropa ölkələrinə sursat satışını təxminən 18 dəfə artırıb.

Onun sözlərinə görə, “Bloomberg” agentliyinin məlumatına əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Hindistan istehsalçıları Avropa ölkələrinə ən azı 872 milyon dollar dəyərində sursat və hərbi təyinatlı materiallar ixrac ediblər. Bu məhsulların siyahısına artilleriya mərmiləri, minaatan sursatları, raket yanacağı və partlayıcı maddələr daxildir.

Elxan Şahinoğlu qeyd edib ki, Avropa ölkələrinin hərbi istehsal imkanları Ukraynanın Rusiya ilə müharibədə ehtiyaclarını tam qarşılamağa kifayət etmir. Bu səbəbdən Avropa dövlətləri alternativ təchizat mənbələri axtarır, digər ölkələrdən hərbi texnika və sursat alaraq Ukraynaya göndərirlər.

Siyasi şərhçi xatırladıb ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Vaşinqton Ukraynaya əvvəlki kimi əvəzsiz silah və hərbi texnika göndərmir. Bunun əvəzinə Avropa ölkələri ABŞ-dan müvafiq silahları və hərbi texnikanı satın alaraq Ukraynaya çatdırırlar.

Onun sözlərinə görə, Avropa ölkələri 2022-ci ildə Ukrayna üçün bir milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırsalar da, istehsal imkanlarının məhdudluğu səbəbindən bu hədəfə indiyədək nail ola bilməyiblər. Nəticədə artilleriya atəşinin intensivliyinə görə Ukrayna ordusunu dəfələrlə üstələyən Rusiya qüvvələri cəbhədə dağıdıcı zərbələrin sayını artırmaq imkanını qoruyub saxlayır.

Elxan Şahinoğlu vurğulayıb ki, Avropa ABŞ-la yanaşı Hindistanın hərbi sənaye potensialından da faydalanmağa çalışır. Hindistanın hərbi sənaye müəssisələrinin bir sıra Avropa ölkələri ilə müxtəlif sazişləri mövcuddur. Bu əməkdaşlıq Yeni Dehliyə əlavə gəlir əldə etmək imkanı yaradır. Hindistan isə sözügedən münasibətlərə, əsasən, kommersiya sövdələşmələri kimi yanaşır.

Siyasi şərhçinin fikrincə, Hindistan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, müdafiə sənayesi sahəsində bu əməkdaşlığın miqyası azalıb. Yeni Dehli ilk növbədə özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə qərar verib. Bununla yanaşı, Hindistan ehtiyac duyduğu hərbi təyyarə və gəmiləri Qərb tərəfdaşlarından almağa üstünlük verir.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Qərb ölkələrinin Hindistan istehsalı olan hərbi təyinatlı məhsullara tələbatı da artıb. “Bloomberg”in məlumatına görə, Hindistanın Avropaya sursat ixracının təxminən 75 faizi 13 ölkənin payına düşür. Həmin dövlətlərin Hindistandan sursat idxalı on dəfədən çox artıb.

Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Avropa dövlətləri Hindistandan aldıqları silah və sursatlardan həm öz hərbi ehtiyaclarının təmin olunmasında istifadə edir, həm də onların bir hissəsini Ukraynaya göndərirlər. Beləliklə, Hindistan Rusiya ilə ənənəvi tərəfdaşlıq münasibətlərini qorumaqla yanaşı, Ukraynaya dəstək verən Qərb ölkələri ilə hərbi sənaye sahəsində əməkdaşlığını genişləndirərək müharibənin yaratdığı iqtisadi imkanlardan yararlanır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər