ABŞ eyni vaxtda dörd cəbhədə: Vaşinqtonun qlobal strategiyası necə dəyişir?
İran ətrafında vəziyyət qeyri-müəyyən olaraq qalır, Qəzza zolağında yeni diplomatik təşəbbüslər müzakirə olunur, Rusiya-Ukrayna müharibəsində isə qarşılıqlı raket və dron hücumları davam edir.
ERAmedia-ya açıqlama verən siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Vaşinqton bütün bu proseslərlə paralel şəkildə Çinlə strateji rəqabəti də diqqət mərkəzində saxlayır.
Onun sözlərinə görə, ABŞ hazırda eyni vaxtda bir neçə geosiyasi istiqamətdə fəaliyyət göstərir. Bir tərəfdən İranla bağlı siyasətini davam etdirən Vaşinqton digər tərəfdən tərəfdaşları ilə birlikdə Qəzza planının icrasına çalışır. Qərb mənbələrində “HƏMAS” qruplaşmasının tərksilah olunmasına razılıq verdiyi barədə məlumatlar yayılsa da, bunun İsrail ordusunun Qəzza zolağından çıxarılması şərti ilə mümkün ola biləcəyi bildirilir. Rusiya-Ukrayna müharibəsində isə vəziyyət dəyişməyib və tərəflər arasında qarşılıqlı raket və pilotsuz uçuş aparatları ilə hücumlar davam edir.
Siyasi şərhçi qeyd edib ki, ABŞ dövlət katibi Mark Rubionun “Fox News”a son müsahibəsi Vaşinqtonun Çin siyasətinin mahiyyətini ortaya qoyur. Rubio bildirib ki, ABŞ ilə Çin arasında iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün ağır nəticələr doğura bilər. Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqton milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcək və bu balansı qorumaq xarici siyasətin ən çətin vəzifələrindən biridir.
Elxan Şahinoğlunun fikrincə, Rubionun Tayvanla bağlı açıqlamaları Pekində narahatlıq yaradacaq. Dövlət katibi ABŞ-ın təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonun dəyişdirilməsinə qarşı olduğunu bəyan edib və bu mövqenin Çin tərəfinə ikitərəfli görüşlər zamanı da açıq şəkildə çatdırıldığını bildirib.
“Rubionun açıqlamalarında ikili mesaj var. Bir tərəfdən Vaşinqton Pekinlə münasibətləri sabit saxlamaq istədiyini bildirir, digər tərəfdən isə Tayvan məsələsində prinsipial mövqeyindən geri çəkilmədiyini nümayiş etdirir. Halbuki, Pekin üçün məsələ birmənalıdır. Çin rəhbərliyi Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu və birləşmə prosesinə heç bir dövlətin, o cümlədən ABŞ-ın mane olmamalı olduğunu bildirir”, – deyə siyasi şərhçi vurğulayıb.
Ekspertin sözlərinə görə, ABŞ və Çin arasında rəqabətin əsas istiqamətlərindən biri də süni intellekt sahəsidir. Çin aşağı qiymətli və açıq mənbəli süni intellekt texnologiyalarını təşviq etməklə bu sahədə liderliyə iddia edir. Vaşinqton isə Pekinin süni intellekt modellərini öz maraqlarına uyğun tənzimlədiyini hesab edir. Çin isə əksinə, ABŞ-ı “süni intellekt hegemonluğu”nda ittiham edir və eyni zamanda süni intellekt sistemlərinin ölkədə tətbiq olunan senzura mexanizmlərini aşa biləcəyindən narahatdır.
Elxan Şahinoğlu bildirib ki, Çinin təşəbbüsü ilə Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının (WAICO) yaradılması da bu rəqabətin tərkib hissəsidir. Onun sözlərinə görə, ötən ay Şanxayda təsis olunan və artıq 29 ölkənin qoşulduğu təşkilat Pekinin süni intellekt sahəsində beynəlxalq tərəfdaşlarını artırmaq və ABŞ-ın “Süni İntellekt Fəaliyyət Planı”na alternativ formalaşdırmaq məqsədi daşıyır.
Siyasi şərhçi hesab edir ki, qarşıdakı dövrdə süni intellekt sahəsində geri qalan ölkələr seçim qarşısında qalacaqlar və texnoloji inkişaf baxımından ya ABŞ, ya da Çinin formalaşdırdığı platformalara inteqrasiya etməyə çalışacaqlar. Onun fikrincə, bu rəqabət gələcək qlobal geosiyasi nizamın əsas müəyyənedici amillərindən birinə çevriləcək.









