ABŞ Hörmüz boğazında gəmilərdə lazer qurğuları yerləşdirib
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında döyüş gəmilərində İranın pilotsuz uçuş aparatlarını və qanadlı raketlərini məhv etmək üçün lazer qurğuları yerləşdirib.
ERAmedia xəbər verir ki, “The New York Post” qəzeti bu barədə ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ hərbçiləri lazer sistemlərindən İranın müxtəlif hərbi infrastrukturu və texnikasını sıradan çıxarmaq üçün də istifadə edirlər. Bu silah sistemləri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən tutmuş ordunun mobil yerüstü vasitələrinə qədər müxtəlif döyüş platformalarında yerləşdirilir.
Qəzetin yazdığına görə, bu texnoloji taktika Pentaqona İranın hücumlarına qarşı mübarizədə əhəmiyyətli vəsaitə qənaət etməyə imkan verib. Bildirilir ki, lazerlərdən istifadə raketlər kimi daha bahalı kinetik məhvetmə vasitələrindən istifadə ilə müqayisədə xeyli ucuz başa gəlir.
İyunun sonunda ABŞ-ın müdafiə naziri Pit Heqset Nyu-Meksiko ştatındakı Uayt Sends poliqonunda keçirilən yeni istiqamətləndirilmiş enerji silah sistemlərinin nümayişində şəxsən iştirak edib. Nümayişin yekunlarına əsasən, Heqset yaxınlaşan pilotsuz uçuş aparatları və qanadlı raketlərin lazer silahı vasitəsilə “tamamilə dayandırıldığını” gördüyünü bildirib.
Vural









