Rusiyadan NATO-ya XƏBƏRDARLIQ
Rusiya NATO-nun Kalininqrad vilayətini təcrid etməyə cəhd göstərəcəyi təqdirdə nüvə silahından istifadə edə biləcəyini açıqlayıb.
ERAmedia xəbər verir ki, bu barədə Rusiyanın İrlandiyadakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlik iddia edib ki, Şimali Atlantika Alyansı Rusiyanın bu regionunun hava və dəniz yolu ilə blokadaya alınması ssenarisini nəzərdən keçirir. Belə bir vəziyyət yaranacağı təqdirdə Moskva ərazisini qorumaq üçün “nüvə silahları da daxil olmaqla, bütün arsenalından” istifadə edə bilər.
Səfirlik Litva, Polşa və Fransanın birgə keçirdiyi “Cəsur qaban-2026” hərbi təlimlərinə diqqət çəkib. Bildirilib ki, bu təlimlər Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad anklavına qarşı yönəldilib.
“NATO-nun Kalininqrad vilayətinin hava və dəniz blokadasına hazırlaşdığı barədə məlumat daxil olub”, – deyə səfirlikdən bildirilib.
Rusiya səfirliyi hesab edir ki, Avropadakı bəzi dairələrdə Rusiyanın Avropaya hərbi müdaxiləyə hazırlaşdığı barədə səsləndirilən fikirlərin müəyyən məqsədi var.
Diplomatik nümayəndəliyin qənaətinə görə, bu cür bəyanatlar müdafiə xərclərinin artırılmasına, Avropanın ümumi hərbiləşdirilməsinə, eləcə də Ukraynaya maliyyə, hərbi və siyasi yardımın daha da davam etdirilməsinə haqq qazandırmağa xidmət edir.










