media-1783966668_1740550634_agdam_menziller

Sabah Ağdam Şəhəri Günü qeyd ediləcək. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd olunur.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, işğal dövründə dağıdılaraq xarabalığa çevrilən Ağdam şəhəri bu gün yenidən qurulur, dirçəlir və Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevrilir. Zəfərdən sonra digər yaşayış məntəqələri kimi Ağdam da genişmiqyaslı bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub.

Deputatın sözlərinə görə, Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb. Rayon üzrə iqtisadiyyatın əsas sahələrində məhsulun ümumi buraxılışı 1,5 milyard manata çatıb. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu dinamika birbaşa rayonun yenidən qurulması, iri infrastruktur layihələrinin həyata keçirilməsi və iqtisadi fəallığın genişlənməsi ilə bağlıdır.

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 17 dəfə artım deməkdir. Kənd təsərrüfatında da 2 dəfə artım qeydə alınıb.

Deputat vurğulayıb ki, Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya kimi ölkələrə ixrac edilir. İxrac coğrafiyasının genişlənməsi rayonun istehsal potensialının və rəqabət qabiliyyətinin artmasının göstəricisidir.

Onun sözlərinə görə, Ağdam rayonu təkcə Qarabağın deyil, bütövlükdə regionun əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Rayonda istehsal olunan məhsulların yaxın perspektivdə Avropa İttifaqı ölkələri də daxil olmaqla daha geniş və inkişaf etmiş bazarlara çıxarılması nəzərdə tutulur.

Ağdamın bərpası, iqtisadi potensialının gücləndirilməsi və yeni istehsal imkanlarının yaradılması şəhərin gələcək inkişafında, eləcə də Qarabağ regionunun iqtisadi reinteqrasiyasında mühüm rol oynayır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər