Vaşinqton, Moskva və Pekin arasında yeni geosiyasi oyun: Əsas hədəf nədir? – TƏHLİL
ABŞ və Rusiya arasında mümkün geosiyasi sövdələşmə Ukraynanın gələcəyi, Avropanın təhlükəsizliyi və beynəlxalq güc balansı baxımından ciddi suallar doğurur.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Aqşin Kərimov hesab edir ki, Vaşinqtonla Moskva arasında aparılan danışıqlar yalnız Ukrayna müharibəsinin dayandırılması ilə məhdudlaşmır, daha geniş geosiyasi maraqların uzlaşdırılmasını hədəfləyə bilər.
Onun fikrincə, Ukrayna hazırda həm Qərbin hərbi və maliyyə dəstəyinin azalması, həm də cəbhədə yaranmış çətinliklər səbəbindən mürəkkəb vəziyyətlə üzləşib. Kiyevin kəşfiyyat imkanlarının məhdudlaşması, hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı və şəxsi heyət problemi ölkənin hərbi mövqelərini zəiflədir. Rusiya isə böyük ərazi irəliləyişlərinə nail olmasa da, Ukraynanın nəzarətindən çıxmış əraziləri danışıqlarda əsas üstünlük kimi istifadə edir.
Aqşin Kərimov qeyd edir ki, Moskvanın tələbləri artıq Ukraynanın ərazi güzəştləri ilə məhdudlaşmır. Kremlin Finlandiyanın NATO-dan çıxması, Dnestryanı münaqişənin Moldovanın federallaşdırılması yolu ilə həlli və Donbasın tamamilə Rusiyanın nəzarətinə verilməsi kimi şərtlər irəli sürdüyü barədə məlumatlar Rusiyanın daha geniş regional təhlükəsizlik düzəninə təsir göstərmək niyyətindən xəbər verir.
Siyasi təhlilçinin qənaətinə görə, bu proseslərdə Çin amili də xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonun Rusiya ilə mümkün razılaşma axtarışları Pekinlə qlobal rəqabət kontekstində də qiymətləndirilə bilər. ABŞ-nin diqqətinin Yaxın Şərqə yönəlməsi isə həm Moskva, həm də Pekin üçün əlavə geosiyasi imkanlar yarada bilər.
Aqşin Kərimov Cənubi Qafqazdakı proseslərə də diqqət çəkir. Onun fikrincə, ABŞ-nin regionda nüfuzunu genişləndirməsi, Ermənistanın KTMT-dən uzaqlaşması və Azərbaycan-Ermənistan münasibətlərində yaranan yeni dinamika Rusiyanın ənənəvi təsir mexanizmlərinə təsir göstərir. Bununla belə, Moskvanın Cənubi Qafqazdakı mövqelərinin nə dərəcədə zəiflədiyi barədə yekun nəticəyə gəlmək hələ tezdir.
Təhlilçi hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Çin liderləri ilə üçtərəfli görüş keçirmək cəhdləri də xüsusi geosiyasi simvolizm daşıyır. Belə bir görüş Moskvanın dünya gücləri arasında yeni nüfuz bölgüsü və strateji balans formalaşdırmaq istəyinin göstəricisi kimi qiymətləndirilə bilər.
Aqşin Kərimovun fikrincə, hazırkı mərhələdə əsas prioritet Ukraynada ədalətli sülhün əldə olunmasından daha çox, mövcud status-kvonun böyük güclərin geosiyasi maraqları çərçivəsində idarə edilməsidir. Ukraynanın müqavimət potensialı tükənmədiyi müddətdə Kiyevin Rusiyaya qarşı hərbi və siyasi dirənişini davam etdirəcəyi gözlənilir. ABŞ isə mümkün razılaşmaların pozulacağı təqdirdə Rusiyaya qarşı təzyiq imkanlarını yenidən işə sala bilər.
Vural










