Almaniya BMT-də islahatların aparılmasına çağırış edib
Almaniyanın xarici işlər naziri Yohan Vadeful BMT Təhlükəsizlik Şurasının artıq müasir dünyanı əks etdirmədiyini, Qlobal Cənub ölkələrinin rolunun artırılmasının vacib olduğunu hesab edir.
ERAmedia “Zeit” nəşrinə istinadla xəbər verir ki, nazir DPA agentliyinə müsahibəsində Təhlükəsizlik Şurasında islahatların aparılması üçün səy göstərəcəyini bildirib: “Təhlükəsizlik Şurası 1945-ci ildən – müharibədən sonrakı dövrün deyil, XXI əsrin dünyasını əks etdirməlidir. Məhz buna görə biz xüsusilə Qlobal Cənubun bu qurumda daha güclü rol alması üçün ciddi çalışacağıq”.
Ölkəsinin BMT sisteminin fəal tərəfdarlarından olduğunu ifadə edən Y.Vadeful qurumun fəaliyyətinin sadələşdirilməsinin və çevikliyinin artırılmasının mümkünlüyünü vurğulayıb. BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyi onilliklərdir müzakirə olunur. Cəmi beş ölkənin veto hüququna malik olması Şuranın çevik qərar qəbul etməsinə imkan vermir. Kansler Fridrix Merts noyabrın sonunda Anqolada keçirilən Avropa İttifaqı-Afrika Sammitində BMT Təhlükəsizlik Şurasında Afrika ölkələri üçün iki daimi yer ayrılmasını təklif etmişdi.
Qeyd edək ki, Almaniya bu ilin iyununda 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük uğrunda namizədliyini irəli sürəcək.









