Alparslan Bayraktar: 2026-cı il Türkiyə üçün atom enerjisi ili olacaq
2026-cı il Türkiyə üçün atom enerjisi ili olacaq. Ölkəmiz energetika sahəsində daha böyük uğurlara imza atacaq, xarici enerji resurslarından asılılıq azalacaq.
ERAmedia xəbər verir ki, bu açıqlamanı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yanvarın 1-də nazirliyə bağlı qurum və təşkilatların rəhbərləri ilə videoformatda keçirdiyi iclas zamanı səsləndirib.
A.Bayraktar bildirib ki, yeni ildə ən çox müzakirə olunacaq mövzulardan biri Mersin vilayətində inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasından ilk elektrik enerjisinin istehsalı olacaq.
Nazirin sözlərinə görə, sözügedən layihə Türkiyə tarixində ən böyük xarici investisiyalardan biridir.
“Akkuyu” AES-in inşasına hazırda 16 minə yaxın işçi qüvvəsinin cəlb olunduğunu qeyd edən A.Bayraktar, cari ildə ilk ölkədaxili səfərlərdən birini məhz Mersinə edəcəyini deyib.









