media-1783527218289871331_1200x630

ABŞ Prezidenti Donald Trampın Ankaraya səfərini yalnız NATO-nun 36-cı Zirvə Görüşündə iştirakı ilə izah etmək ciddi siyasi yanlışlıq olardı. Bu səfər daha böyük geosiyasi məna daşıyır. Ankara səfəri, əslində, Ağ Evin Türkiyənin yeni dünya düzənində tutduğu yerə verdiyi siyasi qiymətin nümayişidir. Vaşinqton bu səfərlə təkcə NATO çərçivəsində tərəfdaşlıq mesajı vermədi, eyni zamanda göstərdi ki, dəyişən qlobal təhlükəsizlik arxitekturasında, xüsusilə Avrasiya, Yaxın Şərq və Afrika coğrafiyalarında Türkiyəsiz böyük geosiyasi oyun qurmaq artıq mümkün deyil.

Zirvə görüşü ərəfəsində Tramp özü də bunu gizlətmədi. O, açıq şəkildə bildirdi ki, sammit Türkiyədə və Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilməsəydi, bəlkə də toplantıya qatılmazdı. Bu fikir diplomatik nəzakət naminə deyilmiş ifadə deyil, Ağ Evin prioritetlərinin hansı istiqamətə yönəldiyini göstərən siyasi etirafdır. Trampın Ərdoğanı “güclü lider”, “dost” kimi təqdim etməsi və Türkiyəni bir çox ənənəvi müttəfiqdən daha etibarlı tərəfdaş kimi xarakterizə etməsi də Vaşinqtonun Ankaraya yanaşmasının dəyişdiyini göstərir.

Trampın Ərdoğan haqqında dedikləri nəyi göstərdi?

ABŞ liderinin Ankarada səsləndirdiyi fikirlər təkcə şəxsi simpatiyanın ifadəsi deyildi. O, Ərdoğanı “çox güclü lider” adlandırdı, Türkiyə ilə münasibətlərin bir sıra ənənəvi Qərb müttəfiqləri ilə münasibətlərdən daha etibarlı olduğunu vurğuladı və hətta sanksiyaların yumşaldılması, F-35 məsələsinin yenidən nəzərdən keçirilməsi barədə siqnallar verdi. Bu, faktiki olaraq Ağ Evin Türkiyəyə qarşı əvvəlki illərdə izlədiyi sərt xəttin yumşaldılması və Ankaraya yeni geosiyasi rol biçilməsi deməkdir. Trampın “Türkiyə dostumun ölkəsidir, ona görə gəldim” məzmununda verdiyi mesaj da göstərdi ki, Vaşinqton NATO daxilində belə artıq klassik kollektiv mexanizmlərdən daha çox strateji əhəmiyyət daşıyan dövlətlərlə ikitərəfli dayaqlar qurmağa üstünlük verir.

Bu baxımdan Trampın Ankara səfəri təkcə sammit diplomatiyası deyil, həm də Türkiyə–ABŞ münasibətlərində yeni siyasi balansın formalaşmasının göstəricisidir. Vaşinqton anlayır ki, Türkiyə ilə münasibətləri yalnız keçmiş ziddiyyətlər – S-400, sanksiyalar, F-35 böhranı və taktiki fikir ayrılıqları prizmasından idarə etmək artıq kifayət etmir. Çünki geosiyasi reallıq dəyişib və həmin reallıq Türkiyəni kənara itələməyə deyil, əksinə, mərkəzə çəkməyə məcbur edir.

Ağ Ev niyə Ankaraya yeni geosiyasi dəyər verir?

Bunun birinci səbəbi coğrafiyadır. Türkiyə sadəcə NATO üzvü deyil, eyni zamanda Avropa, Yaxın Şərq, Qara dəniz hövzəsi, Rusiya ətrafı, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika arasında yerləşən nadir strateji qovşaqdır. Başqa sözlə, Türkiyə bir regionun deyil, bir neçə kritik geosiyasi məkanın kəsişmə nöqtəsində dayanır. Avrasiyanı, Yaxın Şərqi və Şimali Afrikanı eyni vaxtda nəzərə almaq istəyən heç bir güc Ankaranı oyunun kənarında saxlaya bilməz.

Vaşinqton üçün bu coğrafiya sadəcə xəritədəki mövqe deyil. Bu, həm hərbi logistika, həm enerji marşrutları, həm dəniz təhlükəsizliyi, həm miqrasiya axınları, həm regional təsir imkanları, həm də siyasi vasitəçilik platforması deməkdir. Türkiyə Qara dənizdə Rusiyanın qarşısında mühüm strateji dayaqdır, Yaxın Şərqdə böhranların kənarında dayanan müşahidəçi yox, birbaşa təsir sahibi olan aktordur. Cənubi Qafqaz və Mərkəzi Asiyada isə Qərbin regiona çıxış imkanlarını genişləndirən strateji körpü rolunu oynayır. Şimali Afrikaya qədər uzanan xəttdə də Türkiyə təhlükəsizlik, iqtisadiyyat və siyasət baxımından ciddi təsir imkanlarına malikdir. Məhz buna görə Ağ Ev Ankara ilə münasibətləri artıq yalnız ikitərəfli çərçivədə deyil, daha geniş geosiyasi memarlığın ayrılmaz hissəsi kimi qiymətləndirir.

Yeni dünya düzəni Ankarasız niyə mümkün görünmür?

Qlobal sistem sürətlə dəyişir. ABŞ–Rusiya–Çin qarşıdurması, Çinin yüksəlişi, Yaxın Şərqdə İran ətrafında gərginliyin artması, enerji marşrutları uğrunda mübarizə, Qara dəniz və Şərqi Aralıq dənizində strateji rəqabətin dərinləşməsi yeni dünya düzənini formalaşdıran əsas proseslərdir. Bu proseslərin hər biri Türkiyənin yerləşdiyi geosiyasi məkana toxunur. Yəni Türkiyə bu hadisələrin kənarında deyil, məhz mərkəzində dayanır.

Məhz buna görə Trampın Ankara səfərini yalnız NATO sammitində iştirak kimi qiymətləndirmək doğru olmaz. Bu səfər Ağ Evin etirafıdır ki, yeni qlobal və regional təhlükəsizlik arxitekturası Ankarasız qurula bilməz. Vaşinqton Avrasiyada güc balansı yaratmaq, Yaxın Şərqdə yeni oyun planı hazırlamaq, Qara dənizdə Rusiyaya qarşı mövqeyini qorumaq, Cənubi Qafqaz və Mərkəzi Asiyada təsir imkanlarını möhkəmləndirmək, eləcə də Şimali Afrikada yeni dayaq xətləri formalaşdırmaq istəyirsə, Türkiyəni əsas tərəfdaşlardan biri kimi görməyə məcburdur.

Mürtəza Bünyadlı


media-adspc

Bənzər xəbərlər