media-17888707745261348374_1200x630

Sentyabrın 8-də səhər saatlarında Səudiyyə Ərəbistanının cənubundakı bir sıra enerji obyektlərinə Yəmən husiləri tərəfindən edilən hücumlar nəticəsində yanğınlar baş verib.

ERAmedia yerli mediaya istinadla xəbər verir ki, hücumlar nəticəsində bəzi enerji obyektlərinin fəaliyyətində müvəqqəti ləngimələr baş verib.

Məlumata görə, xüsusi xidmət və operativ qruplar yanğınların lokallaşdırılması, obyektlərin təhlükəsizliyinin təmin edilməsi və dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində iş aparırlar.

Eyni zamanda, hücumlar nəticəsində yaralıların olduğu bildirilir.

Bu arada Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general Turki əl-Maliki husilərin ölkənin ərazisinə və milli resurslarına qarşı hücumlarını “təhlükəli eskalasiya” kimi qiymətləndirib.

Onun sözlərinə görə, husilərin Əbhə, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücumları nəticəsində 73 mülki şəxsin, o cümlədən qadın və uşaqların yaralandığı bildirilir.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də husilərin hücumlarını kəskin pisləyib. Nazirlik, həmçinin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən hücumların beynəlxalq dəniz nəqliyyatının azadlığı üçün təhlükə yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin suverenliyinin və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.


media-adspc

Bənzər xəbərlər