media-17870635742890231409_1200x630

“Məkkə sazişi” və Ankaranın “Terrorsuz Türkiyə” planının reallaşdırılması istiqamətində qətiyyətli addımlar atmasından sonra Yaxın Şərqdə proseslərin yenidən kəskinləşməsi təsadüfi görünmür.

Siyasi şərhçi Mürtəza Bünyadlı ERAmedia-ya açıqlamasında bildirib ki, bölgədə son günlər müşahidə olunan gərginlik, xüsusilə Suriya ətrafında artan qarşıdurma riski daha geniş geosiyasi mənzərənin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, burada əsas diqqət çəkən məqamlardan biri Türkiyənin getdikcə daha çox regional proseslərin mərkəzinə çəkilməsidir:

“Ankaranın müxtəlif təxribatlar vasitəsilə emosional və hərbi reaksiyaya sövq edilməyə çalışılması ehtimalını nəzərdən qaçırmaq olmaz. Məsələ yalnız Suriya ilə məhdudlaşmır. Türkiyə artıq Yaxın Şərqdə baş verən hadisələrə kənardan reaksiya verən ölkə deyil. Ankara Suriya, İraq, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkanlar və Şimali Afrikanı əhatə edən geniş geosiyasi xətt üzrə öz maraqlarını qoruyan əsas aktorlardan birinə çevrilib”.

Mürtəza Bünyadlı hesab edir ki, “Terrorsuz Türkiyə” təşəbbüsü Ankara üçün yalnız daxili təhlükəsizlik məsələsi deyil, həm də ölkənin regional və qlobal imkanlarını genişləndirə biləcək strateji layihədir.

“Əgər Ankara daxildə terror probleminin həllinə və regionda təhlükəsizlik arxitekturasının yenidən qurulmasına nail olarsa, Türkiyənin xarici siyasət imkanları daha da genişlənəcək. Daxili təhlükəsizlik problemi zəiflədikcə Ankara həm regional, həm də qlobal məsələlərə daha böyük siyasi, diplomatik və iqtisadi resurs ayıra biləcək”, – deyə siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, “Məkkə sazişi” ətrafında formalaşan əməkdaşlıq mühiti də Türkiyənin təsir imkanlarını artıran amillərdən biri kimi qiymətləndirilə bilər.

“Ankara üçün məsələ yalnız Yaxın Şərqdə nüfuz qazanmaq deyil. Türkiyənin hərbi imkanları, diplomatik çəkisi, NATO üzvlüyü, enerji və nəqliyyat marşrutları üzərində mövqeyi, Suriya və İraqla sərhədləri, Qafqaz və Mərkəzi Asiya ilə əlaqələri onu regiondakı istənilən böyük geosiyasi hesablamanın mühüm elementinə çevirir”, – M.Bünyadlı deyib.

Siyasi şərhçinin fikrincə, Türkiyənin yüksələn geosiyasi çəkisi onun müxtəlif güclərin maraqları ilə toqquşmasına səbəb ola bilər.

“Türkiyənin qarşısında duran ən ciddi risklərdən biri onu birbaşa hərbi qarşıdurmaların içinə çəkmək cəhdidir. Ankara hansısa ölkə ilə genişmiqyaslı müharibəyə cəlb olunarsa, onun diplomatik, iqtisadi və siyasi resurslarının əhəmiyyətli hissəsi regional qarşıdurmaya yönələcək. Bu isə Türkiyənin Balkanlardan Şimali Afrikaya, Qafqazdan Mərkəzi Asiyaya qədər formalaşdırdığı geniş geosiyasi strategiyanın tempinə təsir göstərə bilər”, – deyə o bildirib.

M.Bünyadlı Suriya istiqamətini xüsusilə həssas hesab edir:

“Burada müxtəlif aktorların maraqları toqquşur və istənilən kiçik insident daha böyük böhrana çevrilə bilər. Türkiyənin hər hansı hadisəyə sərt hərbi reaksiya verməsi Ankaranı yalnız Suriya daxilində deyil, daha geniş regional qarşıdurmanın iştirakçısına çevirə bilər. Belə bir ssenaridə Ankara özünün müəyyən etdiyi gündəmlə deyil, qarşı tərəfin yaratdığı böhranlarla məşğul olmağa başlaya bilər”.

Onun sözlərinə görə, buna görə də Türkiyə üçün əsas məsələ yalnız hərbi gücə malik olmaq deyil, mümkün təxribatları vaxtında müəyyənləşdirmək və onlara adekvat cavab verməkdir.

Mürtəza Bünyadlı hesab edir ki, Türkiyə ilə İsrail arasında gərginliyin dərinləşməsi də regional balans baxımından ciddi nəticələr doğura bilər.

“İsrailin Qəzza, Suriya, Livan və İran istiqamətində həyata keçirdiyi siyasət Türkiyənin təhlükəsizlik və regional sabitlik baxışları ilə getdikcə daha çox ziddiyyət təşkil edir. Ankara İsrailin bölgədə hərbi-siyasi çəkisinin həddindən artıq artmasını öz regional maraqları baxımından risk kimi qiymətləndirə bilər. Digər tərəfdən, İsrail də Türkiyənin Suriyada, Şərqi Aralıq dənizində və ümumilikdə Yaxın Şərqdə artan təsirindən narahat ola bilər”, – siyasi şərhçi deyib.

O əlavə edib ki, iki ölkə arasında birbaşa müharibə ehtimalı yüksək olmasa da, onların regional maraqlarının toqquşduğu sahələrin sayı artır.

M.Bünyadlının sözlərinə görə, proseslərdə yalnız Türkiyə və İsrailin maraqları deyil, digər böyük və regional aktorların mövqeyi də nəzərə alınmalıdır.

“Fransa, Böyük Britaniya, İtaliya və Almaniyanın Yaxın Şərqdə tarixən formalaşmış maraqları, ərəb dövlətlərinin regional balansla bağlı narahatlıqları, İranın təhlükəsizlik hesablamaları, Rusiyanın Suriyadakı və Yaxın Şərqdəki mövqeləri, Çinin isə regionun enerji və nəqliyyat imkanlarına olan strateji marağı prosesi daha da mürəkkəbləşdirir”, – deyə o qeyd edib.

Siyasi şərhçi hesab edir ki, bu aktorların məqsədləri eyni olmasa da, bəzi hallarda Türkiyənin güc kimi ortaya çıxması və regional çəkisinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı maraqlar müəyyən nöqtələrdə üst-üstə düşə bilər.

“Burada əsas hədəf təkcə Ankaranın regional mövqelərini zəiflətmək deyil. Türkiyəni təxribata çəkməklə onun öz geosiyasi oyununu qurmasına mane olmaq da mümkün ssenarilərdən biridir. Başqa sözlə, bəzi güclər Türkiyənin öz strategiyası ilə deyil, onların yaratdığı gündəmlə hərəkət etməsini istəyirlər”, – M.Bünyadlı vurğulayıb.

Onun fikrincə, bu, klassik geosiyasi “vəkalət” məntiqinin daha mürəkkəb formasıdır.

“Burada məqsəd Türkiyə ilə birbaşa qarşı-qarşıya gəlmək deyil. Əksinə, Türkiyənin gücündən istifadə etməklə regiondakı rəqiblərə zərbə vurmaq, müəyyən aktorların mövqelərini zəiflətmək və Yaxın Şərqdə yeni balans yaratmaqdır. Buna görə də Ankaranı hər hansı qarşıdurmanın içinə çəkmək istəyən qüvvələr üçün əsas qazanc mütləq Türkiyənin məğlubiyyəti deyil. Əsas məsələ Türkiyənin özünün müəyyən etdiyi geosiyasi gündəmdən çıxarılaraq başqalarının yaratdığı gündəmin arxasınca getməyə məcbur edilməsidir”.

Mürtəza Bünyadlı hesab edir ki, bu baxımdan təxribatın özü qədər Türkiyənin ona verəcəyi reaksiya da mühüm əhəmiyyət daşıyır.

“Təbii ki, Ankara bunu görür və addımlarını da buna uyğun atır, öz taktiki və strateji oyunlarını qurur. Türkiyə üçün ən böyük qələbə hər bir təxribata ən sərt cavabı vermək deyil. Ən böyük qələbə onu təxribata çəkən qüvvələrin ssenarisini pozmaq və hadisələrin gündəmini özünün müəyyən etməsidir. Odur ki, Türkiyə bu oyunda həm hədəf, həm də oyunun gedişini dəyişdirə biləcək əsas aktorlardan biridir”, – deyə siyasi şərhçi bildirib.

M.Bünyadlı hesab edir ki, Ankara qarşısında iki əsas seçim dayanır: yaradılan böhranların tempinə uyğun hərəkət etmək və ya prosesləri özü idarə edən aktora çevrilmək.

“Türkiyənin indiki siyasi xəttinə baxdıqda ikinci variant daha real görünür. Ankara birbaşa hərbi qarşıdurmadan yayınaraq, diplomatik kanalları açıq saxlamaqla yanaşı, hərbi çəkindiriciliyini qorumağa çalışacaq. Bu, zəiflik deyil, əksinə, böyük dövlət strategiyasının mühüm elementidir”, – deyə o bildirib.

Siyasi şərhçi qeyd edib ki, müasir geosiyasətdə hərbi gücün əsas məqsədi həmişə müharibə aparmaq deyil:

“Hərbi gücün əsas məqsədlərindən biri müharibənin qarşı tərəf üçün qəbulolunmaz qiymətə çevrilməsini təmin etməkdir. Türkiyə üçün əsas üstünlük də məhz bundadır. Çünki Ankara həm hərbi, həm diplomatik, həm iqtisadi, həm də geosiyasi alətlərdən paralel istifadə edə bilir”.

Mürtəza Bünyadlının fikrincə, Yaxın Şərqdə gərginliyin müəyyən mərhələdə pik həddə çatması mümkündür. Bununla belə, hazırkı şərtlərdə Türkiyə ilə hər hansı əsas regional aktor arasında genişmiqyaslı birbaşa müharibə ssenarisi real görünmür.

“Gərginlik xüsusilə Türkiyənin cənub sərhədində, o cümlədən Suriyada, qərbdə isə Yunanıstanla sərhəd istiqamətində özünü göstərə bilər. Lakin tərəflər belə bir qarşıdurmanın qiymətinin son dərəcə ağır olacağını yaxşı bilirlər. Buna görə də daha real ssenari dolayı qarşıdurmalar, siyasi təzyiqlər, informasiya müharibəsi, məhdud insidentlər və tərəflərin bir-birinin dözümlülüyünü yoxlamasıdır”, – deyə o bildirib.

Siyasi şərhçi hesab edir ki, ən təhlükəli məqam məhz kiçik insidentlərin ardıcıl şəkildə böyüyərək nəzarətdən çıxmasıdır.

“Böyük müharibələr çox vaxt əvvəlcədən elan olunmur. Kiçik insidentlərin ardıcıl şəkildə böyüməsi nəticəsində yaranan eskalasiya nəzarətdən çıxa bilər. Bu səbəbdən Türkiyənin qarşısında indi yalnız hərbi və diplomatik məsələ deyil, strateji səbr məsələsi də dayanır”, – M.Bünyadlı vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin qarşısında duran imkanlar risklərdən daha genişdir:

“Ankaranın bu mürəkkəb və çətin proseslərdən uğurla çıxıb qarşısına qoyduğu hədəflərə nail olması üçün böyük imkanları var. Türkiyə qarşıdakı dövrdə Avrasiyada və Şimali Afrikada əsas güc mərkəzlərindən biri olmaq istiqamətində mövqelərini daha da gücləndirəcək”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər