Argentina yığması bu plakata görə cəzalandırıla bilər
2026 FIFA Dünya Çempionatında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina qələbə sevincini qeyd edərkən açılan pankarta görə cəza ilə üzləşə bilər.
ERAmedia xəbər verir ki, Atlanta stadionunda keçirilən qarşılaşmadan sonra böyük sevinc yaşayan argentinalı futbolçular Covanni Lo Çelso və Nikolas Otamendi tribunada açılan “Las Malvinas son Argentinas” (“Folklend adaları Argentinanındır”) yazılı pankartı birlikdə tutduqdan sonra onu meydana səriblər.
Futbol qaydalarını müəyyən edən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA siyasi bayraqların, şüarların və simvolların meydanda nümayiş etdirilməsinə icazə vermir.
FIFA matçın hesabatı əsasında pankartın siyasi xarakter daşıdığını qəbul edərsə, Argentina Futbol Federasiyasına qarşı cəza tətbiq edə bilər.
Qeyd edək ki, 2014-cü ildə FIFA Argentina millisinin Sloveniya ilə yoldaşlıq oyunu öncəsi futbolçularının eyni məzmunlu pankart açmasına görə Argentina Futbol Federasiyasını 20 min funt sterlinq məbləğində cərimələmişdi.
Argentina turnirin finalında iyulun 19-da, bazar günü İspaniya ilə qarşılaşacaq.









