Atası “xalq düşməni” elan edilən Xalq rəssamı – Maraqlı FAKTLAR
Maral Rəhmanzadə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biridir. O, 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Rəssam zəngin yaradıcılığı ilə Azərbaycan incəsənətinə böyük töhfələr verib. Onun əsərləri həm milli mövzuları, həm də qadın obrazlarını yüksək sənətkarlıqla əks etdirir.
1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı məktəbdə təhsil alıb.
ERAmedia xəbər verir ki, o, məktəbdə oxuduğu vaxt “Ana dili” kitabının xalq nağıllarına və “Aran köçü” hekayələrinə ilk şəkillərini çəkib. 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934–1940-cı illərdə Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
Maral xanım 1940-cı ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, o, “xalq düşməni” elan edilir. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxaraq Bakıya qayıdır.
“Mənim bacılarım” və “Bizim qızlar” əsərlərində Azərbaycan qadınlarının obrazlarını yaradır. “Doğma Vətənim”, “Azərbaycan” tabloları ölkəmizi ibtidaidən aliyə vəsf edir. “Təsərrüfatda iş”, “İctimai fəallar” və “Cəbhəçilər üçün çıxış edən aktyorlar” kimi əsərləri də var. “Arvadlar ərlərini əvəz edir” əsərində zavodlarda işləyən qadınları təsvir edib.
1940-cı illərdə bədii ədəbiyyat əsərlərinə illüstrasiyalar çəkir. 1945-ci ildə Xətainin “Dəhnamə” və Zöhrabbəyovun “Odlar yurdu” kitablarını illüstrasiya edir. “Dəhnamə”də qadın obrazlarının poetik təqdimatına nail olur. O, Cəfər Cabbarlının “Qız qalası” və “Gülzar” əsərlərinə də illüstrasiyalar çəkib. Digər əsərləri arasında “Yeni müəssisə”, “Neft buruğunda”, “Vintli nasos” və “Borulara vurulan fontan” yer alır.
1948-ci ildə 10 əsərdən ibarət “Sosialist Bakı” silsiləsini tamamlayır. Bu silsilə sənaye və şəhər mənzərələrini, həmçinin “Növbə dəyişikliyi”, “Növbə günü” və “Yeni binanın inşasında” kimi əsərləri əhatə edir. O, neft mövzusunda işləyən ilk rəssamlardan biridir. Neftçilərin gündəlik həyatı və Xəzər dənizindəki neft yataqlarını təsvir edib. “Xəzər dənizində” adlı avtolitoqrafiya seriyası Moskvada nəşr olunub və 15 rəngli litoqrafiyadan ibarətdir.
1950-ci ildə Cəfər Cabbarlının iki cildlik şeir toplusuna illüstrasiyalar çəkib. “Sevil”, “Almaz” və “Solğun çiçəklər” əsərlərinin personajlarını təsvir edib. M.F. Axundzadənin “Aldanmış kəvakib” pyesinə də illüstrasiyalar hazırlayıb. A. S. Puşkinin “Yevgeni Onegin” və M. Lermontovun əsərlərinə də illüstrasiyalar işləyib.
1950-ci illərin sonunda “Bakı” adlı rəngli avtolitoqrafiya silsiləsini hazırlayıb. Bu silsilə 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənətinin onilliyinə həsr olunmuş sərgidə nümayiş etdirilib.
M. Rəhmanzadə linoqravüra texnikasında da çalışıb. Onun ilk əsərləri Sumqayıt və Rustavi şəhərlərində sənaye və şəhər mənzərələrinə həsr olunub.
Əsərləri İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və digər ölkələrdə nümayiş etdirilib. Moskvada, Azərbaycanın müxtəlif şəhərlərində, Bakıda, Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri keçirilib. Əsərləri Tretyakov qalereyasında, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və digər muzeylərdə, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
“Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları onun ən məşhur əsərlərindəndir.
Maral Rəhmanzadə 2008-ci il martın 16-da vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn olunub.
Vüsalə









