Avropa Parlamentinin Kıbrıs qərarı: Tarixi reallıqlardan uzaq siyasi sənəd - TƏHLİL
Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Türkiyənin 1974-cü il Kipr Sülh Hərəkatı ilə bağlı qəbul etdiyi qərarı sərt şəkildə qınayıb. Nazirlik qərarın Türkiyənin hərbi müdaxiləsini təhrif etdiyini, Kipr türk xalqını və Türkiyəni hədəf aldığını bəyan edib.
ERAmedia-nın məlumatına görə, KKTC Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı yazılı açıqlamada bildirilib ki, Avropa Parlamentinin 1974-cü il Türkiyə hərbi müdaxiləsini təhrif edən və Kipr türk xalqını, eləcə də Türkiyəni hədəfə alan qərarı qətiyyətlə qınanılır.
Açıqlamada xatırladılıb ki, 15 iyul 1974-cü ildə Yunanıstanın dəstəyi ilə Kiprdə həyata keçirilən və Kipr türklərini məhv etməyi hədəfləyən qanlı dövlət çevrilişindən sonra Türkiyə 20 iyul 1974-cü ildə 1960-cı il Zəmanət Müqaviləsindən irəli gələn hüquq və öhdəliklərinə əsaslanaraq adaya müdaxilə edib. Qeyd olunub ki, Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat yalnız Kıbrıs türk xalqının təhlükəsizliyini təmin etməyib, eyni zamanda kütləvi qırğınların da qarşısını alıb.
Nazirlik Avropa Parlamentini Kıbrıs türklərinə qarşı törədilmiş zorakılıq və insanlıq cinayətlərini gündəmə gətirmək əvəzinə, Türk ordusuna qarşı əsassız ittihamlar irəli sürməkdə ittiham edib.
Bəyanatda vurğulanıb ki, Avropa Parlamentinin Türkiyəyə qarşı yönəlmiş bu qərarı yalnız Rum tərəfinin təbliğatına xidmət edir. Bildirilib ki, KKTC parlamentinin qadın deputatları qərar qəbul edilməzdən əvvəl Avropa Parlamentinin müvafiq komitə sədrinə məktublar göndərərək reallığı əks etdirməyən iddialara cavab verib və adadakı vəziyyət barədə obyektiv məlumat təqdim etməyə çalışıblar. Buna baxmayaraq, qərarın qəbul edilməsi Avropa İttifaqı və onun institutlarının Kıbrıs məsələsində tərəfsizliyini itirdiyini və Rum tərəfinin mövqeyini müdafiə etdiyini bir daha nümayiş etdirib.
Açıqlamada həmçinin qeyd olunub ki, Kıbrıs türk xalqının iradəsini və hüquqlarını nəzərə almayan, adadakı reallıqları qəsdən təhrif edən bu cür qərarlar KKTC üçün hüquqi qüvvəyə malik deyil və heç bir legitimlik daşımır.
KKTC Xarici İşlər Nazirliyi sonda Avropa Parlamentini birtərəfli yanaşmadan imtina etməyə, Kıbrıs məsələsindən siyasi təbliğat vasitəsi kimi istifadə etməməyə, adadakı mövcud reallıqlara və tarixi faktlara hörmətlə yanaşmağa çağırıb.
Avropa Parlamentinin Türkiyənin 1974-cü il Kıbrıs Sülh Hərəkatı ilə bağlı qəbul etdiyi son qərar bir daha göstərir ki, Avropa İttifaqının bəzi institutları Kıbrıs məsələsinə hüquqi və tarixi faktlar prizmasından deyil, siyasi maraqlar baxımından yanaşmağa üstünlük verirlər. Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qərarı qətiyyətlə rədd etməsi də məhz bu yanaşmanın nəticəsi kimi qiymətləndirilə bilər.
1974-cü ilin iyulunda Kıbrısda baş verən hadisələr adanın tarixində dönüş nöqtəsi oldu. Yunanıstan hərbi xuntasının dəstəyi ilə həyata keçirilən dövlət çevrilişi Kıbrısın Yunanıstana birləşdirilməsi məqsədi daşıyırdı və bu proses adada yaşayan türk icmasının təhlükəsizliyini ciddi risk altına salmışdı. Türkiyə isə 1960-cı il Zəmanət Müqaviləsindən irəli gələn hüquqlarına istinad edərək hərbi müdaxilə həyata keçirdiyini bildirir. Ankara və KKTC bu əməliyyatı “Sülh Hərəkatı” kimi qiymətləndirir və onun Kipr türklərinin fiziki təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynadığını vurğulayırlar.
Bununla yanaşı, Avropa Parlamentinin qəbul etdiyi sənəddə hadisələrin yalnız bir tərəfdən təqdim olunması, Kıbrıs münaqişəsinin mürəkkəb tarixi fonunun və 1963–1974-cü illərdə adada yaşanan etnik qarşıdurmaların kifayət qədər nəzərə alınmaması KKTC tərəfindən qərəzli yanaşma kimi qiymətləndirilir. Bu isə sənədin hüquqi deyil, daha çox siyasi xarakter daşıdığı barədə iddiaları gücləndirir.
KKTC-nin diqqət çəkdiyi əsas məqamlardan biri də Avropa İttifaqının Kipr məsələsində vasitəçi olmaq imkanlarını böyük ölçüdə itirməsidir. 2004-cü ildə adanın yalnız cənub hissəsini təmsil edən Kıbrıs Cümhuriyyətinin Avropa İttifaqına tamhüquqlu üzv qəbul edilməsi, türk tərəfinin fikrincə, Brüsselin balanslı mövqe nümayiş etdirməsini çətinləşdirib. Bundan sonra qəbul edilən bir çox qərar KKTC-də Avropa institutlarının Rum tərəfinin siyasi arqumentlərini dəstəklədiyi qənaətini daha da möhkəmləndirib.
Digər mühüm məqam isə beynəlxalq ictimaiyyətin Kıbrısda yaranmış yeni geosiyasi reallıqları necə qiymətləndirəcəyidir. Artıq yarım əsrə yaxındır ki, adada iki ayrı idarəetmə sistemi, iki demokratiya və iki xalq mövcuddur. Bu reallığın nəzərə alınmadan yalnız keçmiş hadisələrə istinad edən siyasi qərarların qəbul edilməsi tərəflər arasında etimadı artırmır, əksinə, danışıqlar prosesini daha da çətinləşdirir.
KKTC rəhbərliyi son illərdə iki dövlətli həll modelini müdafiə edir və hesab edir ki, adada davamlı sabitliyə yalnız tərəflərin suveren bərabərliyi və bərabər beynəlxalq statusu qəbul edildiyi təqdirdə nail olmaq mümkündür. Bu baxımdan Avropa Parlamentinin son qərarı türk tərəfinin mövqeyində hər hansı dəyişiklik yaratmaq potensialına malik deyil və daha çox siyasi mesaj xarakteri daşıyır.
Nəticə etibarilə, Kıbrıs problemi emosional və birtərəfli siyasi bəyanatlarla deyil, tarixi hadisələrin bütün tərəflərinin nəzərə alındığı, beynəlxalq hüququn prinsiplərinə söykənən və adadakı mövcud reallıqları qəbul edən dialoq yolu ilə həll edilə bilər. Əks halda, Avropa Parlamenti kimi qurumların qəbul etdiyi qərarlar münaqişənin həllinə töhfə vermək əvəzinə, tərəflər arasındakı etimadsızlığı daha da dərinləşdirəcək və sülh perspektivlərini zəiflədəcək.
ERAmedia Analitik Qrupu










