“Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası: Mədəni irs və milli dəyərlərin yüksəliş dinamikası - TƏHLİL
Azərbaycan mədəniyyəti və mənəvi irsi xalqımızın minilliklər boyu yaratdığı, milli adət-ənənəni qlobal müstəvidə təqdim edən zəngin xəzinədir. Mədəniyyətə konseptual baxış strategiyasında tarix bir körpü, dil bir körpüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkənin uzunmüddətli mədəniyyət siyasətinin strateji yol xəritəsidir.
Sənəd mədəniyyəti incəsənət və tarixi-maddi irs çərçivəsindən çıxararaq cəmiyyətin davranış modeli, bilgi mədəniyyəti, milli kimliyin dayağı və dövlətin yumşaq güc aləti kimi geniş spektirdə dəyərləndirir. Konsepsiya 2026–2040-cı illəri əhatə edən üç ardıcıl mərhələdə (2026–2030, 2031–2035, 2036–2040) reallaşdırılacaq və qloballaşma dövründə milli-mənəvi dəyərlərin mühafizəsi ilə beynəlxalq inteqrasiyanın sintezini hədəfləyir. Beynəlxalq əlaqələr Türk dünyası ilə münasibətlərin dərinləşdirilməsi dövlətin əsas prioritet isiqamətinə çevrilir.
Konsepsiyanın əsas strateji istiqaməti:
1. Türk dünyası inteqrasiyası və ortaq mədəni irs
Konsepsiya Azərbaycanı Türk dünyasının mədəni-mənəvi mərkəzlərindən biri kimi təqdim edir. Dövlət başçısının “Bizim ailəmiz Türk dünyasıdır” strateji xəttinə uyğun olaraq, aşağıdakı istiqamətlər prioritet müəyyən edilmişdir:
Ortaq irs platforması: dil, ədəbiyyat, musiqi, folklor və xalçaçılıq kimi qeyri-maddi mədəni irs nümunələrinin atribusiyası və birgə qorunması.
Mediya və rəqəmsal layihələr: Ortaq bədii-sənədli filmlərin, rəqəmsal platformaların, tərcümə proqramlarının və dərsliklərin hazırlanması.
Regional rolun gücləndirilməsi: Mədəni diplomatiya vasitəsilə türkdilli ölkələrlə ədəbiyyat, təhsil və media sahəsində əməkdaşlığın stimullaşdırılması.
2. Mədəni sənayelər, etnoturizm və iqtisadi innovasiyalar,
mədəniyyətin iqtisadi potensialının reallaşdırılması konsepsiyanın əsas yeniliklərindəndir:
Yaradıcı Sənayelər: Kinematoqrafiya, animasiya, dizayn və rəqəmsal məzmun istehsalında regional işbirliyi.
Etnoturizm və İnfrastruktur: Regionlardakı mədəniyyət mərkəzlərinin modernləşdirilməsi, rəqəmsallaşdırılması və tarixi-coğrafi məkanın turizm potensialının artırılması.
3. Tarixi Yaddaşın Bərpası və Mənəvi Quruculuq
Qobustan petroqliflərindən, Xınalıq və Lahıcın sənətkarlıq ənənələrindən tutmuş, Şirvanşahlar sarayı, Möminə Xatun türbəsi və Qız qalası kimi rəmzi abidələr xalqımızın dövlətçilik, tolerantlıq və multikulturalizm dəyərlərinin təcəssümüdür. İşğaldan azad olunmuş ərazilərdə mədəni irs restavrasiyası: Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin bərpası, infrastrukturun yenidən qurulması fiziki bərpa ilə yanaşı, həm də mənəvi dirçəliş aktıdır.
Elm və mədəniyyət sntezi: Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, regionda elmi-texniki bazanın və kadr potensialının artırılması milli-mənəvi dəyərlərin elmi əsaslarla inkşafına xidmət edir.
4. Diaspora və gənclərin mədəni şüurunun formalaşması
xaricdə yaşayan soydaşlarımız və türk dünyasının gənc mütəxəssisləri arasında şəbəkələşmənin təmin edilməsi, interaktiv platformalar və akademik layihələr vasitəsilə yeni nəslin ortaq mədəni şüur ruhunda tərbiyə olunması hədəflənir.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası müasirliklə tarixilik arasında mənəvi körpü yaradan, ölkənin beynəlxalq nüfuzunu artıran uzaqgörən strateji sənəddir. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Mədəniyyət xalqın ruhu, tarix isə onun canlı yaddaşıdır- bu yaddaşı qorumaq Azərbaycanın qlobal mədəniyyət məkanındakı nüfuzunu və mövqeyini daha da gücləndirəcəkdir.
Mahir QƏRİBOV,
Tarix üzrə fəlsəfə doktoru










