media-zaur-sukurov-2jpg_1758921638

22 iyul Azərbaycan xalqı üçün əlamətdar bir tarixdir. Məhz bu gündə, 1875-ci ildə böyük maarifçi və ziyalı Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməli qoyulmuşdur. “Əkinçi” qısa müddət ərzində həm ziyalılar, həm də geniş oxucu kütləsi arasında maarifçi ideyaların daşıyıcısına çevrildi. Çar Rusiyasının təzyiqlərinə baxmayaraq, o dövrlərdə məhz qəzet milli özünüdərk, azadlıq, maarifçilik ideyalarının yayılmasında mühüm rol oynadı. Bununla da, Azərbaycan mətbuatı cəmiyyətin inkişafına və milli şüurun formalaşmasına mühüm töhfə verməyə başladı.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”

Azərbaycan milli mətbuatı keçdiyi 151 illik yol boyunca mürəkkəb, lakin şərəfli mərhələlərdən keçmişdir. XIX əsrin sonlarından etibarən “Ziya”, “Kəşkül”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar, eləcə də rusdilli “Kaspi” qəzeti milli ideologiyanın, maarifçiliyin, sosial ədalət düşüncələrinin təbliğində, həmçinin anadilli mətbuatın inkişafı milli identikliyin qorunmasında və inkişafında misilsiz rol oynamışdır.

Müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığı sahəsində köklü islahatlar aparıldı. Hərbi və dövlət senzurasının ləğvi, azad mətbuatın təşviqi, jurnalistlərin sosial müdafiəsi sahəsində görülən tədbirlər Azərbaycan mətbuatının yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”, “Media haqqında” Qanun, MEDİA Agentliyinin yaradılması media sahəsində institusional islahatların əsasını qoydu.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Həmin dövrdə jurnalistlər yalnız arxa cəbhədən xəbərlər paylaşmaqla kifayətlənməyərək, bir çox hallarda həyatlarını təhlükəyə ataraq ön xəttə yollanmış, döyüş bölgələrindən operativ və dəqiq məlumatlar təqdim etmişlər. Media bu mərhələdə həm ordunun mənəvi dayağına çevrilmiş, həm də şəhidlik, qəhrəmanlıq və torpaq uğrunda mübarizə dəyərlərinin təşviqində əvəzsiz rol oynamışdır. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Azərbaycan mediasının göstərdiyi bu əzmkarlıq təkcə həmin dövr üçün deyil, bütövlükdə informasiya təhlükəsizliyinə yanaşmada yeni bir mərhələnin əsasını qoymuşdur. Müharibədən sonra da bu istiqamətdə fəaliyyət davam etdirilmiş, azad olunmuş ərazilərdən hazırlanan reportajlar, sənədli filmlər və müsahibələr həm tarixi yaddaşın qorunmasına, həm də azadlığın qiymətinin gələcək nəsillərə ötürülməsinə xidmət etmişdir.

Bütün bunlar bir daha sübut edir ki, milli mediamız ölkənin informasiya suverenliyinin əsas dayaqlarından biridir və bu sahədə çalışan hər bir jurnalist ictimai maraqların, dövlətçilik məfkurəsinin və milli birliyin qorunmasında xüsusi məsuliyyət daşıyır.

Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Rəqəmsallaşma, internet qəzetçiliyin inkişafı, süni intellektin tətbiqi, media savadlılığının artırılması və dezinformasiyaya qarşı mübarizə jurnalistikanın yeni çağırışlarını formalaşdırır. Azərbaycan mediası artıq qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilib və bu prosesdə peşəkarlıq, qərəzsizlik, milli maraqlara sadiqlik kimi prinsiplər ön plandadır.

Mətbuata dövlət dəstəyi bu gün də davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla media sahəsində vergi güzəştləri tətbiq olunmuş, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər görülmüşdür. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, informasiya mühitinin sağlamlaşdırılması və milli informasiya resurslarının qlobal miqyasda rəqabətə davamlı olması üçün stimullaşdırıcı mexanizmlər yaradılmışdır.

Qlobal çağırışlar fonunda medianın üzərinə düşən məsuliyyət daha da artır. Xüsusilə də sosial şəbəkələrdə dezinformasiyaların qarşısının alınması, informasiya müharibəsində milli maraqların qorunması, cəmiyyətin maarifləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi bu gün müasir jurnalistikanın əsas prioritetlərinə çevrilmişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, söz və mətbuat azadlığı demokratik cəmiyyətin əsas dayaqlarındandır. Eyni zamanda, bu azadlıqlardan sui-istifadənin qarşısı prinsipial şəkildə alınmalı, media ictimai maraqları müdafiə edən, məsuliyyətli və obyektiv fəaliyyət göstərən institut kimi çıxış etməlidir.

Hazırda media sahəsində çox əhəmiyyətli və səmərəli platformalar mövcuddur. Bu xüsusda, ardıcıl olaraq son illər Şuşada keçirilən Qlobal Media Forumları vacib media dialoqu hesab edilə bilər. Bu il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edilmişdir.

Bununla yanaşı, məlumdur ki, 2020-ci il dekabrın 10-da Bakı şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.  Media sahəsində Azərbaycan–Türkiyə strateji əməkdaşlığı, eləcə də Şuşada keçirilən Qlobal Media Forumu kimi nüfuzlu beynəlxalq platformalarda fəal iştirak ölkəmizin informasiya diplomatiyasının genişlənməsinin və qlobal media məkanında mövqeyinin möhkəmlənməsinin göstəricisidir.

Bu gün müasir Azərbaycan mediası ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etməklə, milli maraqların müdafiəsinə, dövlətin tərəqqisinə, vətəndaş cəmiyyətinin inkişafına və informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verməkdədir. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı və ölkəmizdə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlılığın artırılması məqsədilə daha fəal olmalıdır.

22 iyul – Milli Mətbuat Günü münasibətilə media sahəsində çalışan bütün fədakar insanları səmimi-qəlbdən təbrik edir, çətin, məsuliyyətli, şərəfli fəaliyyətlərində yeni yaradıcılıq uğurları, daha böyük nailiyyətlər və möhkəm cansağlığı arzulayıram.

Zaur Şükürov
Milli Məclisin deputatı


media-adspc

Bənzər xəbərlər