media-neft_yeni-0987

“Sosial şəbəkələrdə emosional və qısaömürlü mövzulara daha çox diqqət ayrıldığı üçün ötən həftə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı ictimai müzakirələrin yetərli olmadığını düşünürəm”.

ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bildirib. O qeyd edib ki, forum ölkənin gələcəyi baxımından mühüm rol oynayacaq və vətəndaşların həyatına təsir göstərə biləcək bir sıra mühüm anlaşmaların imzalanması ilə yadda qalıb.

Deputatın sözlərinə görə, forumda 30 trilyon dollarlıq kapitalı idarə edən “BlackRock”, “Global Infrastructure Partners” və digər dünya nəhənglərinin təmsil olunması Azərbaycanın qlobal arenada “etibarlı tərəfdaş və sabit investisiya mərkəzi” imicini daha da möhkəmləndirir.

Sahib Alıyev qeyd edib ki, bu imici gücləndirən amillərdən biri də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əldə etdikləri mənfəətin əhəmiyyətli hissəsini ölkədən çıxarmayaraq yenidən investisiya şəklində Azərbaycan iqtisadiyyatına yatırmalarıdır.

Onun sözlərinə görə, forum çərçivəsində ümumilikdə 10,8 milyard ABŞ dolları həcmində 23 mühüm sənəd imzalanıb. Deputat xüsusilə böyük texnologiya şirkətlərinin iştirakı ilə Azərbaycanda regional məlumat mərkəzlərinin yaradılması ilə bağlı əldə olunan razılaşmaları diqqətəlayiq hesab edib.

Sahib Alıyev vurğulayıb ki, belə layihələr yalnız iqtisadi transformasiya və dividendlər vəd etmir, eyni zamanda Azərbaycanın informasiya və milli təhlükəsizliyi baxımından da əhəmiyyət daşıyır.

Deputat həmçinin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin Azərbaycanda yeni neft bumunun yaşana biləcəyi ilə bağlı açıqlamasına diqqət çəkib.

Onun sözlərinə görə, bunu təmin edə biləcək iki mühüm müqavilə də imzalanıb. Bunlardan biri “Abşeron” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə “TotalEnergies” şirkəti ilə imzalanan müqavilə, digəri isə Orta Kür hövzəsinin şist laylarının birgə kəşfiyyatı və istismarı haqqında sazişdir. Bu layihədə ABŞ-nin “ExxonMobil” şirkəti 50 faiz iştirak payı ilə operator qismində çıxış edəcək.

Sahib Alıyev hesab edir ki, Azərbaycan bununla böyük işçi qüvvəsinə ehtiyac duyulan və yüksək potensiala malik ilk qeyri-ənənəvi neft və qaz yataqlarının istismarı ərəfəsinə qədəm qoyur. Onun sözlərinə görə, mütəxəssislərin proqnozları reallaşarsa, Azərbaycan ən azı daha 30-40 il mühüm neft istehsalçısı olaraq qala bilər.

Deputat bununla yanaşı, Azərbaycanın əsas məqsədinin ÜDM-də qeyri-neft sektorunun payını artırmaqla yanaşı, ixracda da qeyri-neft sektorunun üstün mövqeyini təmin etmək olduğunu bildirib.

“İyun ayında Bakı Enerji Həftəsi çərçivəsində imzalanan anlaşmaları da nəzərə alsaq, ümumilikdə 16,7 milyard dollarlıq razılaşmaların böyük hissəsi məhz bu məqsədə xidmət edir”, – deyə Sahib Alıyev vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə diqqət çəkən məsələlərdən biri də Orta Dəhlizin Azərbaycanın ərazisindən keçən hissəsinin yalnız tranzit marşrutu kimi deyil, eyni zamanda birgə emal və maliyyə mərkəzinə çevrilməsi, burada əlavə dəyər yaradan zəncirin formalaşdırılması istiqamətində ardıcıl addımların atılmasıdır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər