media-neft-1761331427

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya iqtisadiyyatının həcminə görə dünyada ilk üçlükdə qərarlaşır və 5 trilyon dollardan çox nominal ümumi daxili məhsula malik olmaqla Avropa İttifaqının ən böyük iqtisadiyyatıdır.

Deputatın sözlərinə görə, Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlıq iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşdırır. O qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə müəyyən azalma qeydə alınsa da, son beş ildə qarşılıqlı ticarət dövriyyəsi 68 faiz artıb.

Vüqar Bayramov vurğulayıb ki, Almaniyanın üzv olduğu Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşüb. Eyni zamanda, ölkənin 22 milyard 642 milyon dollarlıq ümumi ixracının 69 faizi ittifaqa üzv dövlətlərə yönəlib. Xarici ticarət dövriyyəsinin təxminən dörddə biri isə İtaliyanın payına düşür.

Deputat bildirib ki, Azərbaycanın illik 25,2 milyard kubmetrlik təbii qaz ixracının 12,8 milyard kubmetri Avropa bazarına nəql edilir. O əlavə edib ki, Azərbaycanın qaz ixrac etdiyi 10 ölkənin Avropa İttifaqına üzv olması ölkənin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da gücləndirir.

Vüqar Bayramov qeyd edib ki, son beş ildə Azərbaycan Avropaya təxminən 60 milyard kubmetr təbii qaz ixrac edib və hazırda Avropa İttifaqına qaz tədarük edən ölkələr arasında ilk beşlikdə yer alır.

Deputatın fikrincə, Azərbaycan ilə Almaniya arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. O hesab edir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyacaq.


media-adspc

Bənzər xəbərlər