Başı kəsilmiş toyuq qaça bilərmi? – Alimlər cavab verir
Toyuğun başı kəsildikdən sonra qaça bilməsi ilə bağlı uzun illərdir dolaşan iddialar var. Hətta tarixdə bir xoruzun başı kəsildikdən sonra 18 ay yaşadığı barədə məşhur hadisə də qeyd olunur. Bəs bu nə dərəcədə doğrudur?
ERAmedia-nın məlumatına görə, ABŞ-dan olan baytar Marsi Loqsdon bildirir ki, toyuğun başı kəsildikdən sonra o, adətən qanadlarını çırpır və ayaqlarını hərəkət etdirir. Lakin belə vəziyyətdə qaçma halları olduqca nadir rast gəlinir. Bu hərəkətlər, əsasən, bir dəqiqədən az davam edən güclü əzələ yığılmalarıdır.
Alimlərin sözlərinə görə, toyuğun başı kəsildikdən sonra onun “canlı” sayılıb-sayılmaması ölümün necə müəyyən edilməsindən asılıdır. Əvvəlcə beyin ölümü baş verir, bir neçə saniyə sonra isə ürək dayanır. Bu qısa müddət ərzində toyuğu həm canlı, həm də ölü hesab etmək mümkündür.
Beyin ölümü beynin tam və geri dönməz zədələnməsi deməkdir və bu zaman toyuq artıq müstəqil nəfəs ala bilmir. Tədqiqatlara görə, boyun qırıldıqdan sonra təxminən 30 saniyə ərzində beyində elektrik aktivliyi dayanır. Kanadalı neyrobioloq Endryu İvanyuk qeyd edir ki, bu müddətdə toyuqda müəyyən qalıq elektrik aktivliyi müşahidə olunsa da, o, baş verənləri dərk etmir.
Ürək ölümü isə ürəyin tam dayanması ilə baş verir və bu, adətən beyin ölümündən 10 saniyədən az müddət sonra baş verir.
Mütəxəssislər arasında bu mövzuda fərqli yanaşmalar mövcuddur. Loqsdon toyuğun başı kəsildikdən sonra baş verən hərəkətləri ölüm sonrası reflekslər kimi qiymətləndirir. İvanyuk isə həmin qısa müddətdə toyuğun hələ də “canlı” hesab edilə biləcəyini deyir.
Alimlər bildirir ki, bu hərəkətlərin səbəbi onurğa beynində qalan qismən sinir aktivliyidir. Həmçinin, enerji və oksigen tükənənədək ürək əzələləri də müəyyən müddət sinir təsiri olmadan işləməyə davam edə bilər.
1945-ci ilin sentyabrında ABŞ-da fermer Lloyd Olsen bir neçə toyuğun başını kəsərkən onlardan biri sağ qalır. “Möcüzə Mayk” adı ilə tanınan bu xoruz 18 ay yaşayaraq ABŞ boyunca nümayiş etdirilib. Sahibkarlar onu qida borusu vasitəsilə bəsləyir və nəfəs yollarını təmizləyirdilər. Lakin xoruz 1947-ci ildə boğularaq ölüb.
Alimlər qeyd edir ki, bu hadisə əslində başı tam kəsilmiş toyuğun yaşaması deyil. Fermer quşun beyninin yalnız bir hissəsini zədələyib və başın arxa hissəsi, o cümlədən həyati funksiyalara cavabdeh olan beyin kötüyü qorunub. Ehtimal olunur ki, məhz buna görə xoruz nəfəs ala və müəyyən hərəkətlər edə bilib.
Vüsalə









