media-videoedited
media-67599853-ea8b-4f6b-9769-5e325fde3f2f
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
  • Rasim MƏDƏD

Müəllimlik peşəsi dünyanın ən şərəfli və ən məsuliyyətli peşələrindən biridir. Müəllim yalnız bilik verən deyil, o, həm də cəmiyyətin gələcəyini formalaşdıran, insanlara düzgün yol göstərən, əxlaqı, mədəniyyəti aşılayan bir bələdçidir.

Bu gün ERAmedia-nın oxucularına bir müəllim haqqında söhbət açacam. O müəllimdən ki, ömrünün 40 ilindən çoxunu şagirdlərin gələcək taleyinə, dünyagörüşünə, davranışına, düşüncəsinə həsr edib. Öz biliyini səbr və qayğı ilə şagirdlərə ötürərək onlarda elmə, oxumağa, öyrənməyə həvəs yaradıb. Eyni zamanda, onlarda Vətənə, xalqa, torpağa məhəbbət, dosta sədaqət, dürüstlük, insanpərvərlik, əməksevərlik kimi dəyərləri aşılayıb.

Söhbət açacağım müəllim hələ də qəlbində hər bir şagirdin xüsusi yeri olan, onların uğurlarına bu gün də öz uğuru kimi sevinən İradə müəllimədir.

Qısa arayış:
Bayramova İradə Sahib qızı 1978-ci ildə BDU-nun Geoloji Coğrafiya fakültəsinə qəbul olub, 1983-cü ildə coğrafiyaşünas və coğrafiya müəllimi ixtisaslarına yiyələnərək universiteti bitirib. 1984-cü ildə Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi, tərbiyəçi kimi fəaliyyətə başlayıb. 1989-cu ildə direktor müavini vəzifəsinə, 1990-cı ilin noyabrından isə həmin məktəbdə direktor vəzifəsinə təyin edilib. (Əmək fəaliyyətini pensiyaya çıxana qədər bu məktəbdə direktor kimi davam etdirib. – red).

İradə müəllimənin ixtisasca neft mühəndisi olan atası Sahib kişi qızını nədənsə müəllim görmək arzusu ilə yaşayırdı. Deyirdi ki, müəllim – insan həyatında ən böyük və müqəddəs şəxslərdən biridir. Onun verdiyi bilik, tərbiyə və yol göstərən sözləri olmadan heç kim kamil insan ola bilməz. Müəllim yalnız bir peşə sahibi deyil, o, həm də cəmiyyətin gələcəyini formalaşdıran bir şəxsiyyətdir. Çünki müəllimin yetişdirdiyi hər bir şagird sabahkı həkim, mühəndis, alim, yazıçı, müəllim və ən əsası, vətənə faydalı vətəndaş olur…

İradə müəllimə söhbətimiz daha şirin alınsın deyə bişirdiyi dadlı şirniyatları stolun üstünə düzdü, iki stəkan çay gətirib mənimlə üzbəüz oturdu.

İradə müəllimənin dediklərindən: “Universiteti bitirdikdən sonra təyinatla müəllim göndəriləndə, sevinməyən məzunlardan biri də mən idim. O vaxtlar tamamilə başqa arzularla yaşayırdım… Atamın isə sanki uçmağa qanadları çatmırdı.
Atamın ciddi təkidi ilə gəldiyimiz rayon Təhsil şöbəsində mənə təklif olunan Maştağa qəsəbəsindəki 187 №-li orta məktəbdə coğrafiya fənni üzrə əsas müəllim vəzifəsindən, yolun uzaqlığını bəhanə gətirərək imtina etdim. Könülsüz olaraq Sabunçu qəsəbəsində yerləşən 67 №-li məktəbdə elə bu fənn üzrə əvəzedici müəllim kimi işləməyə razılıq verdim…”

Beləliklə, İradə müəllimə bir-birini əvəz edən şagirdləri ilə birlikdə 40 illik uzun bir yola çıxdı. Əgər biz İradə xanımın müəllimlik fəaliyyətini 40 səhifəlik bir kitaba bənzətsək, onun hər səhifəsində yüzlərlə insanın uğurlu taleyini – yetişdirdiyi şagirdlərin cəmiyyətin maariflənməsində, dövlətin inkişafında rolunu, elmdə, tərəqqidə, mədəniyyətdə nailiyyətlərini görərik. Onu da görərik ki, müəllimlik sadəcə iş deyil, bir amal, bir həyat tərzidir. Müəllim ömrünü şam kimi əridərək ətrafını işıqlandırır. Onun ən böyük mükafatı isə yetişdirdiyi şagirdlərin uğurları və cəmiyyətə faydalı insan kimi formalaşmasıdır…

İradə müəllimə söhbətinə davam edir: “Açığını deyim ki, yolun uzaqlığı bir bəhanə idi. Əslində isə əvəzedici müəllim işləməyə razılaşmaqla, mən həm atamın öz qızını müəllim görmək arzusunu yerinə yetirirdim, həm də bir neçə aydan sonra tezliklə məktəblə vidalaşacağıma və gələcək arzularıma çatmaq üçün yeni imkanlar yaranacağına ümid bəsləyirdim. Ancaq…”

İradə müəllimə gözlərini bir nöqtəyə zilləyib xəyala daldı. Hiss olunurdu ki, 40 illik bir məktəb həyatı kino lenti kimi bir anlıq onun gözləri önündən gəlib keçdi.

O, davam edir: “Beləliklə, 1984-cü il sentyabr ayının 1-də sinifə daxil oldum: “Salam, uşaqlar!” – deyə şagirdləri ilk dəfə bir müəllim kimi salamladım. Elə hər şey də bundan sonra başladı…
… Sən demə, mənim peşə seçmək barəsindəki təsəvvürlərim, arzularım və xəyallarım tamamilə yanlış imiş. 40 il bundan əvvəl, ilk dəfə titrək səslə dediyim həminki “Salam, uşaqlar!” kəlməsi bu gün də qulaqlarımda həzin bir nəğmə kimi səslənir. Bu kəlmə məni məndən aldı, həyata baxışlarımı dəyişdi, düşüncələrimi təzələdi, ən başlıcası isə sehirli uşaq dünyasının ağuşuna qovuşdurdu.”

İradə müəllimə ilə söhbət zamanı onun 40 səhifəlik həyat kitabını birlikdə bircə-bircə vərəqlədik. Vərəqlədikcə də müəllim peşəsinin nə qədər məsuliyyətli və çətin olduğunun bir daha şahidi oldum.

Elə bu vaxt qapının zəngi çalınır… Keçən il yüksk balla universitetə qəbul olan şagirdlərindən birinin valdeyini içəri daxil olur. Sən demə qonşulardan eşidib ki, İradə müəllimə yaşına görə məktəbdən ayrılıb.

Valdeyinin gəlişi lap yerinə düşdü. Kağız qələmimdən köhnə jurnalistlərdən olduğumu hiss edib özü söhbətə başladı.

“İradə müəllimə hər gün yalnız dərs keçmirdi, məktəbi yenidən qurmaqla bərabər, həm də şagirdlərin xarakterini formalaşdırır, onlara yaxşı ilə pisi ayırmağı öyrədirdi. O, şagirdləri ilə həm dost, həm də qayğıkeş valideyn kimi rəftar edirdi. Bəzən də bircə sözlə şagirdin bütün gələcək həyatına istiqamət verirdi. Düzdür, uşağın ilk sözlərini, ilk addımlarını ata-ana görsə də, onu ilk böyük uğurlara müəllim çatdırır. Məktəbdə uşaqlar üzərində İradə müəllimənin əməyi o qədər önəmli olub ki, bu, hər bir şagirdin həyatında bu gün də müstəsna rol oynayır.”

Təsadüfən gələn qonaq İradə müəllimə haqında, onun iş təcrübəsi, şagirdlərə münasibəti ilə bağlı xeyli söhbət etdi. Ürəyinin dolu olduğunu görüb kitabın epiloquna elə onunla birlikdə nəzər salmağı qərara aldım.

“İradə müəllimə məktəbdə işlədiyi müddətdə şagirdlərin formalaşmasında və gələcəkdə düzgün yol tutmaları üçün xeyli işlər görüb. O, dövlət səviyyəli tədbirlər, tarix müzeyinin yaradılması, məktəbin tarixini əks etdirən “Üç əsrin şahidi” kitabının və “Əvəzsiz illər” qəzetinin müəlliflərindən biri olub.

Məktəbin yenidən qurulmasında da İradə xanımım əməyi danılmazdır. 1990-cı ildə məktəbdə cəmi 16 sinif otağı, 20 sinif və 447 şagird təhsil alırdı. İradə xanımın təkidi və iradəsi ilə sonrakı illərdə ibtidai siniflər üçün 6 sinif otağından ibarət yeni korpus tikildi. Daha sonra isə 40 sinif otağından ibarət məktəbin 4 mərtəbəli yeni korpusu tikilib şagirdlərin istifadəsinə verildi. Bununla bərabər məktəbdə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında müsbət rol oynayan “Şagird Özünü İdarəetmə Orqanı”, “Valideyn-müəllim Assosiasiyası” kimi qeyri-hökümət təşkilatları fəaliyyətə başladı.

İradə müəllimənin təşəbbüsü ilə Azərbaycanımızın Zəfər tarxini yeni nəsillərə aşılamaq məqsədilə məktəbdə tarix müzeyi yaradıldı. Eyni zamanda, valideyn-müəllim əməkdaşlığı nəticəsində tez-tez vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin keçirilməsi bir ənənəyə çevrildi.

Bir necə il əvvəl İradə müəllimənin yorulmaz əməyi nəticəsində məktəbin 125 illik yubileyi təntənəli şəkildə dövlət səviyyəsində qeyd olundu. Tədbirdə pedoqoji heyətlə birlikdə məktəbin şagirdləri, valideynlər və məzunlar da fəal iştirak etdilər. Həmçinin, o dövrdə müxtəlif dövlət bayramları da məktəbdə yüksək səviyyədə təşkil olunurdu…

Ümumiyyətlə, İradə xanımın məktəbdə gördüyü işləri saymaqla qurtarmaz.”

Yorulmadan çalışdığı məktəbin dirçəlməsində, şagirdlərin vətənpərvər ruhda tərbiyələndirilməsində, onların uğurlu gələcəyə doğru düzgün istiqamətləndirilməsində göstərdiyi misilsiz fəaliyyətə görə Dövlətimiz İradə müəlliməni 2012-ci ildə “Əməkdar müəllim” adı ilə mükafatlandırıb.

P.S. İradə müəllimənin 40 ildə məktəb həyatında gördüyü işlərin hər ilini bir səhifə olmaqla, çalışdıq ki, 40 səhifəlik bir kitaba sığışdıraq. Ancaq bu, mümkün olmadı. Çünki, onun görüyü işlər bir kitaba sığmaz…

P.P.S. Bəli, əsrlər boyu müəllim peşəsi hörmətlə anılıb. Çünki alim də, həkim də, mühəndis də, jurnalist də sənətkar da ilk təhsilini müəllimdən alıb. Elə mən özüm də ilk təhsilimi müəllimdən aldığım üçün bu yazını böyük həvəslə yazdım. Çünki bu yazını yazmağı mənə müəllimlərim öyrədib. Deməli, bütün peşələrin kökündə müəllim dayanır.

İradə müəllimə ilə əvvəldən axıra qədər bir dost kimi söhbət etdik. Sonda isə İradə müəlliməyə jurnalist kimi ənənəvi bir sual verdim:

İradə müəllimə, 40 il əvvəl təyinatla müəllim göndərilməyinizə heç də sevinməmisiniz. Bəs, bu gün necə, seçim qarşısında qalsaydınız hansı peşəni seçərdiniz?

Cavab isə qısa oldu:

O vaxtdakından tam fərqli olaraq, heç bir tərəddüd etmədən və qətiyyətlə deyərdim: Müəllim peşəsini!..

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər