media-17894747244705648538_1200x630

Xorvatiyada ölkənin iki böyük şəhərini birləşdirən Zaqreb-Split dəmir yolu xəttində ilk hibrid elektro-dizel qatarı müntəzəm sərnişin daşımalarına başlayıb.

ERAmedia xəbər verir ki, Xorvatiyanın “Poslovni dnevnik” nəşrinin məlumatına görə, yeni qatar sentyabrın 15-də Split stansiyasından ilk müntəzəm reysə çıxıb.

Qatar Zaqreb-Split xəttinin texniki xüsusiyyətlərinə uyğun hazırlanıb. Marşrutun bir hissəsi elektrikləşdirildiyi, digər hissəsi isə elektrikləşdirilmədiyi üçün qatar həm elektrik enerjisi, həm də dizel mühərriki ilə hərəkət edə bilir.

Yeni qatarlarda 150 oturacaq, pulsuz Wi-Fi, sərnişinlərin istifadəsi üçün elektrik yuvaları, müasir məlumat sistemi, vizual və səsli elanlar, hərəkət imkanları məhdud şəxslər üçün panduslar və velosipedlər üçün xüsusi yer nəzərdə tutulub. Sərnişinlər üçün içki və qəlyanaltıların satıldığı özünəxidmət avtomatları da quraşdırılıb.

Layihə Xorvatiyanın “HŽ Putnički prijevoz” şirkətinin vaqon parkının modernləşdirilməsi proqramının bir hissəsidir. Yeni qatarların enerji sərfiyyatını, səs-küyü və istixana qazı emissiyalarını azaltması gözlənilir.

Qatarların hazırlanmasında KONCAR Qrupunun mütəxəssisləri və bir sıra Xorvatiya şirkətləri iştirak ediblər. Layihə çərçivəsində ümumilikdə altı elektro-dizel qatarının alınması nəzərdə tutulur. Proqram Avropa İnvestisiya Bankının 57,3 milyon avroluq krediti hesabına maliyyələşdirilir.

Bütün qatarların 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır. Dekabrda yeni hərəkət cədvəlinin qüvvəyə minməsindən sonra Zaqreb və Split arasında hər gün dörd qatarın hərəkət etməsi nəzərdə tutulur.

Xorvatiyanın hibrid qatar layihəsi dəmir yolu xətlərinin tam elektrikləşdirilmədiyi ölkələrdə parkın modernləşdirilməsi üçün keçid texnologiyalarından istifadənin nümunəsi kimi diqqət çəkir.


media-adspc

Bənzər xəbərlər