"Bizim Cəbiş müəllim" filmi barədə maraqlı faktlar
Azərbaycan kinosunun yaddaşlarda iz qoyan ekran əsərlərindən biri olan “Bizim Cəbiş müəllim” təkcə müharibə illərinin Bakısını əks etdirməsi ilə deyil, çəkiliş tarixçəsi və aktyor seçimi ilə də maraqlı məqamlarla zəngindir.
ERAmedia xəbər verir ki, Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında ekranlaşdırılan film üzərində işlər təxminən bir il davam edib. Rejissor Həsən Seyidbəyli əsərdə müharibə dövrünün Bakı mühitini mümkün qədər real göstərməyə çalışıb və bunun üçün şəhərin müxtəlif məkanlarından istifadə edib.
Filmdə Nəcəfovun cəbhəyə yola salındığı epizod hazırda “Sədərək” bazarının yerləşdiyi əraziyə yaxın məkanda lentə alınıb. Məktəb səhnələri üçün isə Bayıldakı orta məktəblərdən birindən istifadə edilib. Hərbi hospitalın təsvir olunduğu kadrlar da həmin ərazidə çəkilib.
Uşaqların atın quyruğunu kəsməsi ilə bağlı səhnənin ünvanı isə “Sovetski” məhəlləsindəki Mustafa Sübhi küçəsi olub. Filmin digər mühüm epizodları isə Qaraşəhərdə lentə alınıb. Cəbiş müəllimin uşaqlarla gəzişməsi, onların ətrafı tanıması və gəmi fitinin eşidildiyi kadrlar məhz bu ərazidə çəkilib.
Ekran əsərində gördüyümüz məhəllə məşhur “Səadət” sarayının yaxınlığında yerləşirdi. Sonrakı illərdə “Şərikli çörək” və “Gecə qatarında qətl” kimi filmlərin də burada lentə alınması həmin məkanın kino tarixində xüsusi yer tutmasına səbəb olub. Aktyor və rejissorlar bu ərazini sonralar “kino həyəti” adlandırıblar.
Filmin aktyor heyətinə uşaqların seçilməsi də ayrıca maraqlı tarixçəyə malikdir. Həsən Seyidbəyli Makedon obrazı üçün Aqil Ağacanovu seçərkən ona sadə bir sualla müraciət edib: “Oğlum, mən kinoçəkənəm, səni çəksəm, gələrsən?” Aqil əvvəlcə kinoya çəkilməyə maraq göstərməsə də, sonradan dostlarının da filmə cəlb olunmasını şərt kimi irəli sürüb və razılıq verib.
Beləliklə, filmdə Makedonla birlikdə görünən yeniyetmələrin böyük hissəsi Aqilin yaşadığı kənddən gələn uşaqlar olub. Cahangir Zeynalov və Ziya Seyidbəylidən başqa, meyxana söyləyən uşaqların əksəriyyətini də məhz onlar təşkil edib.
“Bizim Cəbiş müəllim” Həsən Seyidbəylinin ailə üzvlərinin iştirakı ilə də seçilir. Cəbiş müəllimin uşaqları rolunda rejissorun övladları Ziya, Məryəm və Mehdi Seyidbəylilər çəkiliblər. Filmdəki körpə isə çəkilişlərin aparıldığı məhəllədə yaşayan ailələrdən birinin uşağı olub.
Ekran əsərinin Azərbaycan mədəniyyət tarixində başqa bir maraqlı izi də var. Meyxananın janr kimi kinoda ilk dəfə məhz “Bizim Cəbiş müəllim” filmində nümayiş etdirildiyi qeyd olunur.
Tanya və Makedonun damda danışdığı səhnə də ayrıca qurulmuş dekorasiyada deyil, filmin əsas çəkiliş məkanlarından olan həmin məhəllənin damında lentə alınıb. Tanya obrazını canlandıran qız isə Bakıdakı rus bölməli məktəblərdən birinin şagirdi olub.
Bütün bu detallar “Bizim Cəbiş müəllim”in yalnız müharibə dövrünü əks etdirən film olmadığını, eyni zamanda 1960-cı illər Bakısının küçələrini, məhəllələrini, uşaqlarını və gündəlik həyatını kinokadrlar vasitəsilə qoruyub saxlayan qiymətli ekran salnaməsi olduğunu göstərir.
Mələk Onur










