BMT-nin təsir gücü zəifləyir: Münaqişələrin coğrafiyası genişlənə bilər
Qlobal münaqişələr fonunda BMT-nin təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib.
ERAmedia-nın məlumatına görə, hərbi ekspert Səxavət Məmməd bildirib ki, BMT qətnamələri ilə bir sıra mühüm məsələlər öz həllini tapsa da, təşkilatın qəbul etdiyi yüzlərlə qətnamə uzun illərdir icra olunmur.
Onun sözlərinə görə, Koreya müharibəsi, Körfəz müharibəsi və Küveytin azad edilməsi, Cənubi Afrikada aparteid rejiminə qarşı sanksiyalar, eləcə də İranın nüvə proqramı ilə bağlı proseslər BMT mexanizmlərinin müəyyən hallarda nəticə verdiyini göstərir.
“Ancaq BMT-nin yüzlərlə qətnaməsi var ki, ümumiyyətlə, icra edilməyib. Təkcə Qarabağın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı dörd icra edilməmiş qətnamə mövcud idi. Fələstinlə bağlı isə BMT-nin yüzlərlə qətnaməsi var. Yəni BMT qlobal bir təşkilat olsa da, əslində bir neçə dövlətin oyuncağına çevrilib”, – deyə Səxavət Məmməd vurğulayıb.
Ekspert qeyd edib ki, ayrı-ayrı regionlarda BMT qətnamələrinin icrası daha sürətli baş verdiyi halda, bəzi bölgələrdə, xüsusilə Yaxın Şərqdə uzun illərdir qəbul edilən qətnamələr real nəticə doğurmayıb.
“Xüsusilə Yaxın Şərqdə onilliklərdir qəbul edilən və İsraili tənqid edən və ya ərazilərin azad olunmasını tələb edən yüzlərlə qətnamə kağız üzərində qalıb. Suriya böhranından sonra isə BMT qətnamələri tamamilə işləksiz bir vəziyyətə düşüb. Bu cür yanaşmalar artıq 30 ilə yaxındır ki, beynəlxalq hüququn təsirini sıfıra endirib”, – ekspert deyib.
Səxavət Məmmədin fikrincə, BMT Baş Assambleyası dünya liderlərinin mövqelərini və narahatlıqlarını ifadə etdiyi mühüm beynəlxalq platforma olaraq qalır. Lakin onun sözlərinə görə, real qərarların qəbul edildiyi mərkəzlərlə Baş Assambleya arasında uçurum getdikcə dərinləşir.
“BMT Baş Assambleyası dünya liderlərinin bir araya gəldiyi, mövqelərini və narahatlıqlarını ən yüksək səviyyədə səsləndirdiyi əsas kürsü olaraq qalır. Ancaq mövcud qlobal münaqişələr fonunda bu platforma daha çox bəyanatlar səsləndirilən məkan təsiri bağışlayır. Real qərarların qəbul olunduğu mərkəzlərlə Baş Assambleya arasındakı uçurum getdikcə dərinləşir”, – deyə o bildirib.
Ekspert hesab edir ki, BMT-nin bu vəziyyətə düşməsinin əsas səbəblərindən biri Təhlükəsizlik Şurasında veto hüququnun mövcudluğudur.
Səxavət Məmməd BMT Baş Assambleyasının 81-ci sessiyasının da qlobal böhranların həllindən daha çox, mövcud ziddiyyətlərin dərinləşdiyini göstərdiyini söyləyib.
Onun sözlərinə görə, sessiya gələcəkdə yarana biləcək yeni münaqişə ocaqlarının istiqamətləri barədə də təsəvvür yaradıb. Ekspert Argentina ilə Böyük Britaniya arasında Folklend adaları, Argentinanın ifadəsi ilə Malvin adaları ətrafındakı mübahisəni nümunə göstərib.
“Xüsusilə adaların ətrafında neft-qaz yataqlarının olma ehtimalı münaqişəyə meyilliliyi bir qədər də artırır. Bundan əlavə, İordaniyanın İsrail əleyhinə çıxışları, bölgədəki gərginliyin İsrail tərəfindən yaradıldığını deməsi regionda müharibənin coğrafiyasının bir qədər daha da arta biləcəyini göstərir”, – deyə ekspert qeyd edib.
O, İranla ABŞ arasındakı gərginliyin də səngimədiyini bildirib. Səxavət Məmmədin fikrincə, tərəflər arasında pərdəarxası danışıqlar aparılsa da, siyasi ritorika qarşıdurmanın davam etdiyini göstərir.
“Arxada tərəflər danışıqlar aparır, tribunada isə Tramp yenə də müharibə ilə hədələyir. Bundan əlavə, Böyük Britaniyanın İsraillə bağlı addımları da Baş Assambleyada gündəmə gətirildi. Eyni zamanda Fransanın İsraillə bağlı mövqeyi diqqətçəkən məsələ oldu”, – deyə o vurğulayıb.
Rusiya-Ukrayna müharibəsinə də toxunan ekspert bildirib ki, BMT çərçivəsində 51 dövlətin irəli sürdüyü təşəbbüsün müharibənin dayandırılmasına real təsir göstərməsi çətin görünür.
Səxavət Məmməd Rusiyanın bu təşəbbüsü qəbul edəcəyinə inamın az olduğunu bildirərək bunu müharibənin başlanmasına səbəb olan məsələlərin aradan qalxmaması ilə əlaqələndirib.
“Düzdür, bu müharibədə Rusiya da çox şey itirir, ancaq Rusiyanın coğrafi dərinliyi ona imkan verir ki, yaralarını tez sağaltsın. 81-ci sessiyanın getdiyi bir zamanda Kiyevin və digər şəhərlərin ağır bombalanması onu göstərir ki, BMT, təklif olunan atəşkəs heç kimə lazım deyil”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, müharibənin bitməsini istəyən Avropa ölkələrinin eyni zamanda Rusiyadan mümkün təhlükəni əsas gətirərək silahlanması da ziddiyyətli mənzərə yaradır.
Səxavət Məmməd Rusiya ilə bağlı Avropa ölkələrinin yanaşması ilə ABŞ-nin İran siyasəti arasında paralellər aparıb.
“İran dəfələrlə bəyan edib ki, onlar uranın zənginləşdirilməsini dinc məqsədlər üçün edirlər. Hətta MAQATE də İranın nüvə silahı yaratmaq fikrində olmadığını dəfələrlə sübut edib. Ancaq Tramp kor tutduğunu buraxmadığı kimi dirəşib ki, İranın nüvə silahı əldə etməyinə imkan verməyəcək”, – deyə o qeyd edib.
Ekspert Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı yanaşmaların da müzakirəyə ehtiyacı olduğunu bildirib.
“Rusiya dəfələrlə bəyan etsə də Avropaya hücum etməyəcək, ancaq Avropa ölkələri tam şəkildə müharibə hazırlığı görürlər. Müasir dövrdə bir ölkənin başqa bir ölkəyə hücum etməsi o qədər də asan deyil. Ən azı bunu gizli şəkildə edə bilməz. Dünyada bu qədər peyklərin olduğu, geoməkan kəşfiyyatının hər nöqtəni izlədiyi bir zamanda hansısa bir ölkənin başqa ölkəyə təxribat, diversiya xaric, qəfil hücum edəcəyini düşünmək, yüngül desək, məntiqsizlik əlamətidir”, – deyə Səxavət Məmməd bildirib.
O, müasir beynəlxalq münasibətlərdə ideoloji faktorun da əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini vurğulayıb.
“SSRİ hücum edirdi, çünki transfer edəcəyi ideologiyası vardı. Rusiya nə transfer edəcək? ABŞ də İrana qədər məqsədi təbii sərvətləri ələ keçirmək olsa da, demokratiya və yaxud digər ideologiyaları transfer edirdi. Hazırda ABŞ-nin əlində demokratiya ideologiyası da yoxdur. Artıq dünya elə bir həddə çatıb ki, heç kim demokratiyaya da inanmır”, – deyə ekspert qeyd edib.
Səxavət Məmməd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikrinin beynəlxalq platformalarda getdikcə daha çox səsləndirildiyini bildirib.
“Faktiki olaraq böyük dövlətlər problem həll edən yox, əslində problem yaradan dövlətlərə çevriliblər. Hesab edirəm ki, regional münaqişələrin taleyini elə region dövlətləri özlərində güc tapıb, özləri həll etməlidir”, – deyə o vurğulayıb.
Ekspertin fikrincə, BMT Baş Assambleyasının 81-ci sessiyası beynəlxalq sistemdə fikir ayrılıqlarının dərinləşdiyini və mövcud münaqişələrin yaxın perspektivdə asanlıqla həll olunmayacağını göstərib.
“Dünyada heç kim heç kimin kitabını oxumur. Bu da onu deməyə əsas verir ki, hazırkı müharibələrin coğrafiyası daha da genişlənəcək və dünyada heç bir ölkə müharibələrdən sığortalanmayıb”, – deyə Səxavət Məmməd bildirib.
Vural









