Cəmiyyət bunu istəyir, yoxsa ona göstərilir? - MÖVQE

- Ramal Hüseynov
Dövlət 2040-a qədər mədəni inkişaf strategiyası müəyyən edir. Sənəddə milli-mənəvi dəyərlər, sağlam nəsil, mədəni təhlükəsizlik kimi anlayışlar prioritet kimi göstərilir.
Amma bir paradoks var.
Strategiya var. Efir də var. Amma bu ikisi eyni istiqamətə baxmır.
Televiziya bu ölkədə sadəcə biznes deyil. Ola da bilməz. Çünki televiziya təsir vasitəsidir. O, davranış modeli yaradır. Zövq formalaşdırır. Rol modeli təqdim edir.
Əgər bir sahənin məhsulu milyonlarla insanın evinə daxil olursa, o artıq sıradan kommersiya fəaliyyəti sayıla bilməz.
Bu gün efirə baxın. Qalmaqal reytinqdir. Səviyyəsizlik trenddir. Sosial mediada lağ obyektinə çevrilmiş şəxslər studiyaların qonağıdır. Və bu, təsadüf deyil. Bu, modeldir.
Tez-tez eşidirik: “Cəmiyyət bunu istəyir.”
Bu arqument rahatdır. Amma təhlükəlidir. Cəmiyyət zövqü özü formalaşdırmır. Zövq formalaşdırılır. Davranış özü yaranmır. Model təqdim olunur. Məşhurluq özü legitimləşmir. Efir onu legitimləşdirir.
Əgər bazar hər şeyi müəyyən edirsə, o zaman mədəniyyət strategiyasına niyə ehtiyac var?
Əgər reytinq yeganə ölçüdürsə, onda milli-mənəvi prioritetlər hansı mərhələdədir?
Biz qida təhlükəsizliyinə ciddi yanaşırıq. Çünki fiziki zəhərlənmə təhlükəlidir.
Bəs mənəvi və psixoloji mühitin kütləvi deformasiyası təhlükəli deyil?
Aqressiv efir dili, erkən seksualizasiya, səthi düşüncə modeli, qalmaqalın normallaşması, bunlar “sadəcə şou” deyil. Bunlar davranış modelidir.
Məsələ azadlıq deyil. Media azaddır və azad olmalıdır.
Amma azadlıq məsuliyyətsizlik demək deyil.
Audiovizual məkan hüquqi çərçivədə fəaliyyət göstərir. Qurumlar var. Nəzarət mexanizmi var. Cərimələr var.
Amma sual qalır: Tənzimləmə nəticə doğururmu, yoxsa sadəcə reaksiya verir?
Əgər sabah bütün kanallar yalnız qalmaqal yayımlasa, sistem bunu balanslaşdıra biləcəkmi?
Media sıradan biznes deyil. Çünki onun məhsulu beton deyil, metal deyil. Onun məhsulu davranışdır.
2040 vizyonu sənədlə yazılır, amma gələcəyin zövqü efirdə formalaşır. Əgər strategiya ilə reytinq arasında balans qurulmazsa, sənəd qalacaq, model dəyişməyəcək.
Bu, televiziya rəhbərlərinə də sualdır.
Bu, tənzimləyici qurumlara da sualdır.
Bu, medianı sadəcə gəlir mənbəyi kimi görənlərə də sualdır.
Reytinq qısamüddətli qazancdır. Mədəniyyət isə uzunmüddətli məsuliyyətdir. Əgər təsir vasitəsi olan platforma yalnız bazar instinkti ilə idarə olunarsa, onda 2040 strategiyası niyə yazılıb?
Məsələ kimisə ittiham etmək deyil. Məsələ balansdır.
Çünki bir gün reytinq düşə bilər, amma zövq düşəndə onu qaldırmaq daha çətin olur.









