media-elcin-mirzebeyli5

Tarixin müxtəlif dövrlərində mədəni irsə qarşı törədilən dağıntılar ayrı-ayrı hadisələr kimi yadda qalıb. Lakin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanın tarixi torpaqlarında baş verənlər bu anlayışı kökündən dəyişir və vandalizmi təsadüfi deyil, məqsədli siyasi alət kimi təqdim edir. Ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətlərə bəşəriyyətin bizə bəlli olan tarixində rast gəlmək mümkün deyil. Erməni vandalizmi vandallığın bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir.

Ermənistanın millətçi dairələrində bu toplumsal ruh halıdır və özünü, əsasən, ekstremal vəziyyətlərdə, vandalizm üçün əlverişli tarixi şərait və cəzasızlıq mühiti yaranan zaman daha qabarıq şəkildə büruzə verir.

Erməni Qriqoryan kilsəsinin, Daşnaksütun və Qnçak kimi ultramillətçi təşkilatların ideoloqlarının tarixi Azərbaycan torpaqlarından, o cümlədən İrəvandan azərbaycanlıların izini tamamilə silməkdə məqsədləri yalnız “böyük Ermənistan” xülyasını gerçəkləşdirməkdən ibarət olmayıb, onlar erməniləri, xüsusilə də yeni nəslin nümayəndələrini uydurduqları və saxta ideoloji pazllardan ibarət “tarix”lərinə inandırmaq, zombiləşdirmək, nifrət silahına çevirmək istəyiblər və təəssüf ki, buna müəyyən qədər nail olmağı bacarıblar. Bu ideoloji yanaşma təsadüfi şəkildə formalaşmayıb, konkret siyasi strategiyanın tərkib hissəsi kimi həyata keçirilib. Ermənistanın siyasəti Azərbaycan xalqının tarixi izini silmək, ərazi iddialarını “tarixilik” baxımından əsaslandırmaq, etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə aparmaqdan ibarət olub.

Bunu ERAmedia -ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, məhz bu xüsusda indiki Ermənistan ərazisində – Qərbi Azərbaycanda baş verənlərə nəzər saldıqda, prosesin miqyası və sistemliliyi daha aydın görünür. Faktlar göstərir ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300-dən çox məscid mövcud olub, 1915-ci ilə qədər bu rəqəm 391-ə çatıb. Lakin 1918-ci ildən sonra həmin məscidlərin hamısı dağıdılıb və ya məhv edilib. Bununla yanaşı, 223 qəbiristanlıq, 370 məscid, 68 tarixi-memarlıq abidəsi sistemli şəkildə sıradan çıxarılıb. Ümumilikdə isə 5000-dən çox maddi-mədəniyyət abidəsinin məhv edildiyi və ya mənimsənildiyi qeyd olunur.

Bu rəqəmlər təkcə statistik göstərici deyil, bütöv bir sivilizasiyanın izlərinin silinməsi deməkdir. İrəvan şəhərində mövcud olmuş Şah Abbas, Sərdar, Hacı Novruzəli, Göy məscidləri və digər XVI–XVIII əsr abidələrinin ya dağıdılması, ya da mənşəyinin saxtalaşdırılması bunun bariz nümunəsidir. Bu gün həmin abidələrdən yalnız biri – Göy məscid qalıb ki, o da orijinal görünüşü dəyişdirilərək fərqli kimlik altında təqdim olunur.

Mədəni irsin məhv edilməsi ilə yanaşı, onun mənimsənilməsi və saxtalaşdırılması da bu siyasətin əsas istiqamətlərindən biri olub. Xüsusilə Qafqaz Albaniyasına məxsus dini abidələrin taleyi bunu açıq şəkildə göstərir. Ağoğlan, Amaras, Xudavəng, Qandzasar kimi məbədlər üzərində aparılan dəyişikliklər nəticəsində onların tarixi kimliyi dəyişdirilib, alban izləri silinib və “erməni irsi” kimi təqdim olunub.

“Faktlar göstərir ki, bu proses təkcə iri dini komplekslərlə məhdudlaşmayıb. Alban məbədləri, karvansaralar, türbələr, qəbirüstü abidələr, hətta qədim yaşayış məskənləri belə ya dağıdılıb, ya da konstruktiv dəyişikliklərə məruz qoyularaq mənimsənilib. Qəbirüstü qoç heykəllərinin üzərindəki yazıların silinməsi, üzərinə xaç elementlərinin əlavə edilməsi isə açıq şəkildə tarixi saxtalaşdırmaq cəhdidir. Bu faktlar bir daha göstərir ki, Ermənistanın həyata keçirdiyi siyasət ayrı-ayrı vandalizm aktlarından ibarət deyil, sistemli və məqsədli şəkildə həyata keçirilən mədəni soyqırımı siyasətidir. Bu siyasət çərçivəsində təkcə abidələr deyil, həm də həmin abidələri yaradan xalqın yaddaşının, kimliyinin və tarixinin silinməsinə çalışılıb”, – deyə deputat bildirib.

O xatırladıb ki, Azərbaycan ərazilərində, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda işğal dövründə baş verənlər də bu siyasətin davamı olub: “Mülki məkanlara qəsdən hücum edilməsi, mülkiyyətin kütləvi şəkildə məhv edilməsi, mədəni dəyərlərin dağıdılması, dini və tarixi abidələrə qəsdən zərər vurulması kimi beynəlxalq hüququn norma və prinsiplərində etnik və mədəni təmizləmə siyasətinin hüquqi çərçivəsinə uyğun müəyyənləşdirilən faktlar Ermənistanın törətdiyi ağır müharibə cinayətlərinin bütün əsas elementlərini özündə ehtiva edir. Bütövlükdə isə, Ermənistanın həyata keçirdiyi bu siyasət klassik vandalizm anlayışını aşaraq daha geniş – mədəni, ideoloji və siyasi məqsədlərə xidmət edən ağır müharibə cinayətləri kimi dəyərləndirilə bilər. Bu fəaliyyətin əsas məqsədi, həm də tarixdən azərbaycanlıların izini silmək və onun yerində saxta tarixi iddialara söykənən hekayə və qondarma maddi irs yaratmaqdan ibarət olub”.


media-adspc

Bənzər xəbərlər