media-whatsapp-image-2026-04-23-at-11-14-44

 

Son günlər sosial mediada və bəzi tarixi məqalələrdə Sittüş-Şam kimi tanınan Xədicə xanımın Səlahəddin Əyyubinin həyat yoldaşı kimi təqdim olunması müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev ERAmedia-ya açıqlama verərək yayılan məlumatların tarixi baxımdan yanlış olduğunu bildirib.

Zaur Əliyev qeyd edib ki, Xədicə xanım əslində sultanın həyat yoldaşı deyil, onun doğma bacısı olub və tarixdə “Sittüş-Şam” kimi tanınıb. Onun sözlərinə görə, bu qarışıqlıq əsasən Sittüş-Şamın dövlət işlərində yüksək nüfuz sahibi olması ilə bağlıdır:

“O, dövrünün ən təsirli qadınlarından biri idi və Səlahəddin Əyyubi ilə mühüm məsələlərdə məsləhətləşən şəxs kimi çıxış edirdi. Bu səbəbdən bəzi mənbələrdə yanlış təsəvvür formalaşıb”.

Tarixçi vurğulayıb ki, sultanın ən məşhur həyat yoldaşı isə İsməddin Xatun olub. O, Nurəddin Zənginin dul xanımı idi və xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Əliyevin sözlərinə görə, hər iki qadının xeyirxah fəaliyyəti onların tez-tez qarışdırılmasına səbəb olur.

Açıqlamada bildirilir ki, Xədicə bint Nəcməddin Əyyubi “Sittüş-Şam” (Suriyanın xanımı) və “Zümrüd” kimi fəxri adlar daşıyıb. O, yalnız qardaşının nüfuzu ilə deyil, həm də şəxsi keyfiyyətləri – diplomatik zəkası və idarəçilik bacarığı ilə seçilib. Zaur Əliyev qeyd edir ki, Sittüş-Şam “Mədrəsələr anası” kimi tanınıb və Dəməşqdə tikdirdiyi təhsil ocaqları dövrün ən mühüm elmi mərkəzlərindən sayılıb.

Tarixi mənbələrə istinad edən alim əlavə edib ki, məşhur tarixçi İbn Xallikan onu “xatunların ən xeyirlisi və ən ağıllısı” kimi xarakterizə edib. Onun sözlərinə görə, Sittüş-Şam hər gün yüzlərlə kasıba yardım edir, ehtiyacı olan qadınlar üçün sığınacaqlar və xəstəxanalar tikdirir, hətta Həcc zəvvarlarının təhlükəsizliyi üçün şəxsi vəsaiti hesabına mühafizə dəstələri yaradırdı.

Zaur Əliyev bildirib ki, Sittüş-Şamın həyat yoldaşları da dövrün nüfuzlu şəxsləri olub:
“Onun həm birinci, həm də ikinci həyat yoldaşı türk əsilli bəylər idi. Bu da onun yaşadığı mühitin türk-islam ənənələri ilə sıx bağlı olduğunu göstərir”.

Tarixçinin sözlərinə görə, Sittüş-Şam 1220-ci ildə Dəməşqdə vəfat edib və öz tikdirdiyi Şamiyyə mədrəsəsində dəfn olunub.

“Onun dəfn mərasimi son dərəcə izdihamlı olub. Xalq onu sadəcə bir şahzadə kimi deyil, ‘yetimlərin anası’ kimi yola salıb,” – deyə Zaur Əliyev vurğulayıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər