Yaxın Şərqdə gərgin pauza: Atəşkəs, yoxsa növbəti mərhələyə hazırlıq?
İran–ABŞ–İsrail arasında baş verən müharibə hazırda kövrək atəşkəs mərhələsinə daxil olub.
Atəşkəsin əldə olunmasının siyasi baxımdan çoxsaylı səbəblərini sadalamaq olar, lakin hərbi cəhətdən bu fasilə labüd idi. Çünki ABŞ prosesə qısamüddətli yanaşmışdı. Daha sonra ABŞ prezidenti və bir çox rəsmi şəxslər də qeyd edirdilər ki, əməliyyat 4–6 həftəlik müddət üçün nəzərdə tutulub. Bu, təsadüfi rəqəm deyil; hər hansı əməliyyata hazırlaşarkən istifadə olunacaq vasitələr və onların sayı mütləq nəzərə alınır. Yəni ABŞ İrandakı əməliyyata nə qədər resurs ayırmışdısa, döyüşləri də yalnız o qədər davam etdirə bildi. ABŞ mediasında da resursların tükənmək üzrə olduğu açıq şəkildə yazılırdı. Hətta Tramp da bir neçə gün əvvəl etiraf etdi ki, atəşkəs yenidən hazırlıq üçün bir vasitə idi.
40 günlük müharibə zamanı ABŞ ehtiyatlarının xeyli hissəsini tükədib. ABŞ mediasında qeyd olunur ki, döyüşlərdə həssas zərbə raketlərinin 45%-i, THAAD hava hücumundan müdafiə sistemlərinin raketlərinin yarısı, Patriot raketlərinin təxminən 50%-i, Tomahawk qanadlı raketlərinin isə 30%-i istifadə olunub. Eyni mənbələr kəşfiyyat orqanlarına istinadən yazır ki, İranın əlində hələ də raket buraxılış qurğularının 60%-i qalır və zədələnənlər qısa zamanda təmir edilib. Bundan əlavə, dron ehtiyatının yarısından çoxu qorunub saxlanılıb. İstehsal imkanları da nəzərə alınarsa, bu, kifayət qədər ciddi hərbi resurs deməkdir.
Tərəflər atəşkəs dövründə danışıqlarla paralel şəkildə intensiv resurs toplamaqla məşğuldur. İran üçüncü ölkələr vasitəsilə Çindən, birbaşa isə Rusiyadan yeni silahlar, xüsusilə alçaqdan uçan hava hədəflərinə qarşı istifadə olunan daşınan vasitələr əldə edir. 40 günlük müharibə göstərdi ki, İranın zəif tərəfi yalnız hava hücumundan müdafiə sistemləri deyil, həm də daşınan zenit-raket komplekslərinin çatışmazlığıdır. Əgər İran bu tip silahları kütləvi şəkildə əldə etsə, havadakı vəziyyət ciddi şəkildə dəyişə bilər. Üstəlik, İran həmin silahları İraqdakı qruplaşmalara da ötürə bilər ki, bu da havada yanacaq dolduran təyyarələr üçün ciddi təhlükə yaradar.
Müharibə zamanı ABŞ Cənubi Koreyadan və Avropadakı müttəfiqlərindən “Patriot” raketləri tələb etmişdi. Hazırda isə oxşar tədarük Yaponiyadan həyata keçirilir. Sahədə tərəflərdən heç biri həlledici üstünlük qazana bilmədiyi üçün danışıqlar masasında da vəziyyət son dərəcə gərgindir. Şərtlər ağır olduğundan, razılaşmanın qısa müddətdə əldə olunacağı gözlənilmir.
ABŞ İranı blokadaya alıb, İran isə Hörmüz boğazını bağlayıb. ABŞ iddia edir ki, bu vəziyyətdən əsas zərəri İran çəkir, lakin əslində bütün Körfəz ölkələri bundan təsirlənir. Digər tərəfdən, ABŞ-ın blokadası tam keçilməz deyil. Qərb mediasında İranın blokadanı yararaq hərəkət edən 30-dan çox tankerinin olduğu bildirilir. Ümumiyyətlə, belə geniş coğrafiyada blokadanın tam effektiv olması inandırıcı deyil. İranın atəşkəsdən sonra Körfəzdə tankerlərin keçidinə say məhdudiyyəti qoyması isə strateji baxımdan düzgün addım hesab oluna bilər. Bu, Tehranın əlində əlavə təzyiq aləti saxlamasına imkan verir.
Tramp bildirib ki, İranda dəmiryollarına, körpülərə və elektrik stansiyalarına zərbələr endirilə bilər. Faktiki olaraq, bu, mülki infrastrukturun hədəfə alınması deməkdir. İran isə cavab olaraq bəyan edir ki, belə bir halda Körfəzdəki bütün neft və qaz yataqlarını vuracaq. Artıq dünyada benzin və qaz qiymətlərində ciddi artım müşahidə olunur. Hətta bəzi aviaşirkətlər uçuşları ləğv edir. Məsələn, Almaniyanın “Lufthansa Group” şirkəti 2026-cı ilin yay mövsümü üçün 20 min uçuşun ləğv edildiyini açıqlayıb. Buna səbəb təyyarə yanacağının kəskin bahalaşması və regiondakı gərginlik fonunda xərclərin artmasıdır. Bu baxımdan, ABŞ-ın İrana endirdiyi zərbələr dolayısı ilə qlobal iqtisadiyyata da təsir göstərir. İranın neft-qaz obyektlərini hədəfə alması vəziyyəti daha da ağırlaşdıra bilər.
Baş verənlər, şübhəsiz ki, Rusiyanın maraqlarına müəyyən mənada uyğundur. Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməsinə baxmayaraq, “Drujba” neft kəmərinin fəaliyyəti bərpa olunub. Əgər vəziyyət daha da gərginləşərsə, bəzi Avropa ölkələrinin Ukraynaya dəstəyi zəifləyə bilər.
Müharibə zamanı ABŞ və İsrailin İranda daxili etirazlara çağırışları gözlənilən nəticəni vermədi. Bunun əsas səbəblərindən biri yanvar ayındakı etirazların sərt şəkildə yatırılmasıdır. Tramp bu etirazlar zamanı 43 min insanın öldürüldüyünü iddia edir. Lakin onun narahatlığı humanitar yox, daha çox strateji xarakter daşıyırdı; belə ki, həmin qüvvələr müharibə zamanı daxili qeyri-sabitlik yarada bilərdi.
Ümumilikdə, müharibənin yenidən alovlanacağı və ya bu şərtlərlə başa çatacağı təqdirdə belə, bölgədə sabitliyin bərqərar olacağı gözlənilmir. İranın Bəhreyndə və Birləşmiş Ərəb Əmirliklərində təsir imkanlarını artırmağa çalışdığı da müşahidə olunur. Münaqişə yenidən genişlənərsə, döyüşlərin coğrafiyası böyüyə və yeni dövlətlər prosesə qoşula bilər.
Səxavət Məmməd










