Cenevrə anlaşması ətrafında suallar artır: Atəşkəs davamlı olacaqmı?
İyunun 19-da Cenevrədə imzalanması gözlənilən ABŞ-İran anlaşma memorandumu ətrafında mübahisələr davam edir.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı memorandumun rəsmi mətninin hələ açıqlanmadığını, lakin mediada yayılan məlumatlar və tərəflərin bəyanatlarının ümumi mənzərə barədə müəyyən təsəvvür yaratdığını bildirib.
Onun sözlərinə görə, yayılan məlumatlara əsasən, tərəflər arasında 60 günlük atəşkəs nəzərdə tutulur. Bu müddətdə İran Hörmüz boğazını açmalı, ABŞ isə dəniz blokadasını aradan qaldırmalı və sanksiyaların tam ləğvinə qədər İranın neft, neft-kimya, bankçılıq və digər sahələri üzrə fəaliyyətinə imkan verən lisenziyaların verilməsini təmin etməlidir. Eyni zamanda, tərəflər bu 60 gün ərzində yekun razılaşma üzərində işləyəcəklər.
Asif Nərimanlı qeyd edib ki, memorandumun detalları tərəflər arasında ciddi etimad böhranının mövcudluğunu göstərir və sənədin praktik icrası ilə bağlı suallar yaradır.
Siyasi təhlilçinin fikrincə, yekun razılaşmanın əldə olunmasını çətinləşdirən əsas amillərdən biri İsrail faktorudur. O bildirib ki, İran atəşkəsin Livanı da əhatə etməsini və Hizbullaha qarşı əməliyyatların dayandırılmasını tələb edir. İsrail isə Livandakı əməliyyatları davam etdirmək və Hizbullahı zəiflətmək niyyətindədir. Nərimanlının qənaətinə görə, Təl-Əviv hətta müvəqqəti atəşkəsə razılaşsa belə, 60 günlük müddət ərzində prosesə təsir göstərə və yekun razılaşmanı sabotaj etməyə çalışa bilər.
Ekspert ikinci mühüm məsələnin Hörmüz boğazının gələcəyi ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, memorandumda boğazın 60 gün müddətinə açılması nəzərdə tutulsa da, yekun razılaşmada onun statusunun necə tənzimlənəcəyi hələ də qeyri-müəyyəndir. İranın Omanla birlikdə nəzarət mexanizmləri yaratmaq niyyətinin gələcəkdə yeni mübahisələrə səbəb ola biləcəyi qeyd olunur.
Asif Nərimanlı nüvə proqramı məsələsinin də ən mürəkkəb mövzulardan biri olaraq qaldığını bildirib. O qeyd edib ki, zənginləşdirilmiş uranın durulaşdırılması ilə bağlı kompromis variantları müzakirə olunsa da, İranın nüvə proqramından tam şəkildə imtina etməsi real görünmür. ABŞ-ın müəyyən nəzarət mexanizmləri ilə İranın mülki nüvə fəaliyyətini qəbul etməsi ehtimalı mövcud olsa da, bu yanaşma Tehrandakı mühafizəkar dairələr tərəfindən mənfi qarşılanır.
Siyasi təhlilçi hesab edir ki, bütün bu amillər fonunda əsas sual tərəflərin həqiqətən yekun razılaşmaya nail olmaq istəyib-istəməməsidir. Onun fikrincə, hazırkı mərhələdə atəşkəs həm Vaşinqton, həm də Tehran üçün mövcud gərginlikdən çıxış yolu kimi görünür. ABŞ üçün bunun həm regional sabitlik, həm də qlobal enerji bazarlarına təsir baxımından əhəmiyyət daşıdığı vurğulanır.
Asif Nərimanlı əlavə edib ki, 60 günlük atəşkəsin uzunmüddətli və davamlı nəticə verəcəyinə dair ciddi şübhələr qalır. Onun qənaətinə görə, bu müddət tərəflərin yekun razılaşmaya hazırlaşdığı mərhələ olmaqla yanaşı, növbəti hərbi-siyasi qarşıdurmaya keçid dövrü də ola bilər.
Vural










