media-whatsapp-image-2026-05-25-at-09-21-53

XVIII əsr Avropa mənbələri Qafqazın siyasi və etnik mənzərəsini öyrənmək baxımından mühüm tarixi faktlar təqdim edir. Fransız şərqşünası Jan-Antuan Dü Sersonun 1741-ci ildə nəşr olunan əsərində Dağıstanın coğrafiyası, yerli xalqların həyat tərzi və Səfəvi dövləti ilə münasibətləri geniş şəkildə təsvir olunub. Müəllif xüsusilə bölgədə yaşayan türklərin hərbi gücünü, azadlıq ruhunu və regional hadisələrdə oynadığı rolu diqqətə çatdırır.

“Dünya şöhrətli müharibə qəhrəmanı, Persiya Səfəvisi Təhmasibqulu xanın ətraflı tarixi” adlı bu əsərin müəllifi fransız şərqşünası Jan-Antuan Dü Sersodur. Kitabın fransız dilində ilk nəşrini tapa bilmədiyim üçün onu alman dilində təqdim edirəm. Əsər 1741-ci ildə Almaniyanın Auqsburq şəhərində nəşr olunub.

Mətnin içərisində müəllif Səfəvi dövlətinin əsas hərbi və siyasi gücü olan, dövləti quran türk tayfalarına münasibətdə “Kizilbaschen” terminindən istifadə edir. O qeyd edir ki, şah sarayındakı hərbi elit qüvvə və onun əsasını təşkil edən zadəganlar türklərdir.

Səfəvi dövlətini quran və ordunun əsasını təşkil edən türk tayfaları — Şamlı, Ustaclı, Qacar, Avşar və digərləri barədə yazan müəllif onları ümumi şəkildə “türk” deyil, baş geyimlərinə görə “Qızılbaşlar” adlandırır.

Bu gün sizə kitabda qeyd edilən Səfəvilər, Osmanlı və Nadir şah dövründə baş verən siyasi proseslər barədə danışmayacağam. Əsas diqqətimi bu kitabda Dağıstan və onun əhalisi haqqında səsləndirilən fikirlərə yönəltmək istəyirəm.

Kitabdan sitat:

“Tatarlarla (müəllif Azərbaycan türklərini, o dövrdə avropalılar arasında ənənəyə çevrilmiş ‘tatar’ sözü ilə ifadə edir ki, söhbətin hansı xalqdan getdiyi oxucuya aydın olsun) məskunlaşmış Dağıstan əyalətinin uzunluğu 50 mildən çoxdur. O, bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Qafqaz dağları ilə hüdudlanır, cənubunda isə Şirvan əyaləti yerləşir.”

Diqqət yetirin: müəllif uzun araşdırmalardan sonra bu ərazinin əsasən türklər tərəfindən məskunlaşdığını xüsusi vurğulayır və ardınca yazır:

“Buranı idarə edən yerli hakimlər Səfəvi şahının vassalları statusundadırlar. Yəni ərazi siyasi və xəritə baxımından şaha məxsusdur.”

Müəllif qeyd edir ki, Dağıstan tatarları Rusiyanın cənuba doğru irəliləməsi və ya Osmanlı təhlükəsi yarandıqda Səfəvi dövlətinin tərkibində Qızılbaşlarla birlikdə mübarizə aparırdılar.

Jan-Antuan Dü Serso kitabda Azərbaycan türkləri ilə yanaşı ləzgi, avar, saxur və digər xalqların hərbi taktikasını da heyranlıqla təsvir edir. O yazır ki, bu xalqlar böyük imperiya orduları ilə açıq meydan döyüşünə girmir, dağlara çəkilir, ordu dar keçidlərdən keçərkən qəfil hücumlar təşkil edir, onu təchizatsız qoyur və sonra yenidən geri çəkilirlər.

Müəllif yazır ki, Osmanlı dövləti Dağıstan türklərinin sünni olmasından istifadə edərək Krım xanının vasitəsilə onları öz tərəfinə çəkməyə və Səfəvilərlə qarşı-qarşıya qoymağa çalışsa da, onlar buna razılaşmır və şahın döyüşçüləri olaraq qalmağa üstünlük verirlər.

Kitab Dağıstanı coğrafi və demoqrafik baxımdan “tatarların yurdu” kimi təqdim edir və onların Səfəvilərə bağlılığını eyni kökdən gələn birliyin göstəricisi kimi qiymətləndirir.

Müəllifin xüsusi diqqət yetirdiyi mövzulardan biri də yerli əhalinin danışıq dili idi. Fransız şərqşünası Dağıstan tatarlarının danışdığı dili ümumi şəkildə türkcə adlandırır və qeyd edir ki, müxtəlif dağlı xalqlarının bir-biri ilə, eləcə də xarici dövlətlərlə əlaqəsində, diplomatiya və ticarətdə əsas ortaq dil Azərbaycan türkcəsi idi.

Eyni zamanda o vurğulayır ki, bölgədə yaşayan azsaylı xalqların öz dilləri olsa da, ümumi məsələlərdə və qarşılıqlı ünsiyyətdə türkcədən istifadə olunurdu.

Fransız müəllif yerli xalqların türklərlə birlikdə güclü döyüş sistemi qurduğunu belə təsvir edir:

“Dağıstanda yaşayan Azərbaycan türkləri və digər xalqlar asanlıqla təslim olmayan, azadlıqlarına son dərəcə sadiq, mükəmməl at çapmaq, ox atmaq və qəfil hücumlar etmək bacarığına malik insanlardır.”

Jan-Antuan Dü Serso bu əsərində Dağıstan türklərini siyasi baxımdan ram edilməsi ən çətin, hərbi baxımdan yüksək döyüş qabiliyyətinə malik və regional geosiyasətdə həlledici rol oynayan strateji bir coğrafiyanın sakinləri kimi təsvir edir.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər