Daşlara həkk olunmuş fəlsəfə: Qədim türk düşüncəsində insan və kainat
Yerlə göyü özündə birləşdirən və nizamı öz bədənində daşıyan kamil insan türk inanc sistemində
Zəngin Suraxanı Atəşgahında oldum. Düzdür, əvvəlki görkəmi qalmayıb, amma burada hələ də keçmişin izini özündə daşıyan, maraqlı və düşündürücü daşlar qalmaqdadır.
Təqdim etdiyim rəsmin üzərinə diqqət yetirin. Bəzi tədqiqatçılar bu təsviri qədimdə şirlərlə savaşan pəhləvan obrazı kimi izah edir və onu “Şir-avjən” adlandırırlar. Digərləri isə hesab edir ki, bu, insan formalı bürclərdən birinin təsviridir. Şərq miniatürlərində və daşişləmə sənətində bürclər çox zaman insan şəklində, ətrafında isə həmin bürcün təsirini ifadə edən quyruqlu, əjdahavari varlıqlarla təqdim olunurdu.
Əlbəttə, hər iki baxış müəyyən mənada haqlıdır. Çünki Azərbaycan mifologiyası o qədər zəngindir ki, daşların üzərindəki bir təsviri müxtəlif dövrlərin düşüncə tərzinə uyğun şəkildə yozmaq mümkündür.
Əgər Şirvanşahlar dövləti dövrünə nəzər salsaq, bu fiquru bürc kimi təsəvvür edə bilərik. Ondan da qədim qatlara enəndə onu şirlə savaşan pəhləvan obrazı kimi görmək mümkündür. İzahları çoxdur. Lakin mənim araşdırmalarıma əsaslanan versiyaya görə, bu rəsmin kökü daha qədim dövrlərə – türk inanc sisteminə gedib çıxır və zaman keçdikcə hər dövrdə yeni mənalar qazanıb.
Daşın üzərindəki insanın oturuş formasına və əllərini yuxarı qaldırmasına diqqət etsək, bunun qədim şamanizm elementlərinə daha yaxın olduğunu görərik.
Qədim türk inanc sisteminə görə insanlar Tenqriyə itaətlərini yalnız ayinlərlə deyil, damğalar vasitəsilə də ifadə edir, onun rəmzlərini müxtəlif formalarda təsvir etməyə çalışırdılar.
Zaman keçdikcə islamı qəbul edən türklər əvvəlki inanc qatlarını yaddaşlarında qoruyub saxlamaq üçün bu tip daş təsvirlər yaratmağa davam etdilər.
İnsanlar inanırdılar ki, Tanrı öz isimlərini və sirlərini tam şəkildə yalnız insanda təcəlli etdirib. Bu səbəbdən də kamil və mükəmməl varlıq olan insan özünü dərk etdikdə, əslində kainatı və Yaradanı da anlayacaq.
İslam memarlığında canlı insan fiqurlarının təsviri qəbul edilmədiyindən sənətkarlar Tanrının və onun yer üzündəki təmsilçisi sayılan xaqanın, hökmdarın və ya şahın simasını qəsdən ümumiləşdirilmiş, mifik obrazlarla təqdim etməyə çalışıblar.
Qısa desək, türklərin qədim inanc sistemində yer alan “kainatın mərkəzindəki insan” anlayışı islam fəlsəfəsində “İnsani-Kamil” düşüncəsinə çevrilib.
Bu fəlsəfəni dərk edən bir çox böyük şəxsiyyətlər əsərləri və fikirləri ilə bizə mesajlar ötürüblər. Məsələn, Leonardo da Vincinin məşhur Vitruvian Man əsəri və ya İmadəddin Nəsiminin “Məndə sığar iki cahan…” misrası bu düşüncənin fərqli ifadələridir.
İndi isə daş üzərindəki təsvirə bir daha baxaq.
Bardaş qurub əllərini səmaya qaldırmış insan fiquruna diqqət edək. Görərik ki, bu oturuş forması təsadüfi deyil. Bardaş sabitliyin, daxili rahatlığın və meditasiyanın simvoludur. İnsan burada hərəkətdə olan xaosun içində deyil, kainatın dəyişməz mərkəzində əyləşib.
Daşın bütöv kompozisiyasında insanın başı üzərində zodiak formasında mifik varlıqların və heyvanların təsviri olmalı idi ki, ümumi fikir tamamlansın.
İnsanın bu kompozisiyanın tam ortasında yerləşdirilməsi göstərir ki, zaman və kosmos onun ətrafında dövr edir. Yəni insan böyük kainatın mərkəzində dayanır.
Bizdən əvvəl yaşamış babalarımız həqiqətən də dərin düşüncə sahibləri olublar. Onlardan bizə miras qalan hər daş, hər işarə və hər rəmz özündə böyük fəlsəfi bilik və mənəvi yaddaş daşıyır.
Zaur Əliyev









