media-17802950371121164442_1200x630

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Prezidentin “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji” fikri Azərbaycanın enerji keçidinə yanaşmasının mahiyyətini dəqiq ifadə edir.

Deputatın sözlərinə görə, Azərbaycan enerji keçidini əvəzləmə kimi deyil, genişlənmə və paralel inkişaf modeli kimi qəbul edir. Onun fikrincə, bu yanaşma həm Cənubi Qafqaz, həm də Orta Asiya üçün ciddi strateji əhəmiyyət daşıyır.

Tahir Mirkişili qeyd edib ki, hazırda Azərbaycandan qaz idxal edən 16 ölkədən 12-si Avropa ölkəsidir və yeni tərəfdaşlarla danışıqlar davam etdirilir. Onun sözlərinə görə, bu, Azərbaycanın son illərdə Avropa enerji bazarında özünü etibarlı və strateji alternativ tərəfdaş kimi möhkəmləndirdiyini göstərir.

Deputat vurğulayıb ki, Azərbaycanın 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə çatdırmaq hədəfi ölkənin uzunmüddətli enerji təhlükəsizliyi strategiyasının əsas istiqamətlərindən biridir. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib və yaxın illərdə bu göstəricinin 500 meqavata yüksələcəyi gözlənilir.

“Bərpaolunan enerjinin hər 1 qiqavatı təxminən yarım milyard kubmetr qaza qənaət etməyə imkan verir. Bu isə daxili tələbatı yaşıl enerji hesabına qarşılamaqla əlavə qaz həcmlərinin ixraca yönləndirilməsi üçün yeni imkanlar yaradır”, – deyə Tahir Mirkişili bildirib.

Deputat hesab edir ki, yaxın 5–10 ildə Azərbaycanın enerji siyasətində üç əsas istiqamət prioritet olacaq: yaşıl hidrogen ixracı, Qarabağın yaşıl enerji mərkəzinə çevrilməsi və karbohidrogen gəlirlərinin qeyri-neft sektoruna sistemli yönləndirilməsi.

Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanın enerji modeli artıq beynəlxalq miqyasda diqqətlə izlənilir. O qeyd edib ki, ölkəmiz “resurs lənəti”ndən yayınaraq neft və qaz gəlirlərini uzunmüddətli inkişaf strategiyasına çevirməyi bacaran azsaylı inkişaf etməkdə olan dövlətlərdən biridir.

Deputat xatırladıb ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində dönüş nöqtəsi olub. Onun fikrincə, xarici sərmayələrin cəlbi, strateji tərəfdaşlıq modeli, SOCAR-ın rolu və Dövlət Neft Fondunun formalaşdırdığı sabit mexanizm ölkənin iqtisadi dayanıqlığını təmin edən əsas faktorlar sırasında yer alır.

Tahir Mirkişili əlavə edib ki, bu model hər ölkəyə eyni şəkildə tətbiq oluna bilməsə də, Azərbaycanın institusional yanaşması – neft gəlirlərinin müstəqil fond vasitəsilə idarə olunması, investorlar üçün şəffaf hüquqi çərçivənin yaradılması və resurs gəlirlərinin qeyri-neft sektoruna yönləndirilməsi – bir çox dövlət üçün praktik nümunə hesab oluna bilər.

Deputatın fikrincə, Azərbaycanın “paralel inkişaf” konsepsiyası qlobal enerji keçidi dövründə balanslı və real yanaşmanın uğurlu nümunəsidir.

“Azərbaycan göstərir ki, enerji keçidi seçim üzərində deyil, əlaqələndirmə prinsipi üzərində qurulduqda həm iqtisadi maraqları qorumaq, həm də bərpaolunan enerjini sürətlə inkişaf etdirmək mümkündür. Bu, idarə olunan və dayanıqlı transformasiyanın ən uğurlu nümunələrindən biridir”, – deyə Tahir Mirkişili bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər