media-audit

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunub.

ERAmedia xəbər verir ki, iclasda çıxış edən Vüqar Bayramov bir sıra mühüm məqamlara diqqət çəkib.

Deputat bildirib ki, monitorinq göstəricilərində ənənəvi istiqamətlər üzrə hədəflərə nail olunsa da, innovativ sahələrdə nəticələr qənaətbəxş deyil. Onun sözlərinə görə, səmərəlilik auditlərinin ümumi audit portfelində payı 15 faizdən çox hədəflənsə də, faktiki göstərici 14 faiz olub. Eyni vəziyyət informasiya sistemləri (İS) auditində də müşahidə edilib – hədəf 16 faizdən çox olsa da, nəticə 14 faiz təşkil edib.

Vüqar Bayramov qeyd edib ki, monitorinq cədvəllərində nail olunmayan hədəflərin səbəblərinin ayrıca bölmədə təqdim edilməsi daha məqsədəuyğun olardı. O, həmçinin hesabatda istifadə olunan abreviatura və akronimlərin tam açılışının verilməməsini də çatışmazlıq kimi qiymətləndirib.

Deputat vurğulayıb ki, səmərəlilik auditlərinin artırılması prioritet olaraq qalır və bu istiqamətdə beynəlxalq təcrübə nəzərə alınmalıdır. O, INTOSAI təşkilatının qənaət, səmərəlilik və effektivlik prinsiplərinə uyğun olaraq bu auditlərin payının artırılmasını tövsiyə etdiyini bildirib. Qeyd olunub ki, bəzi ölkələr artıq 35 faizlik hədəf müəyyənləşdirib, məsələn, Çexiyada bu göstərici 29.1 faizə çatıb.

Deputat hesabatda təqdim olunan 5 illik fəaliyyət icmalını müsbət qiymətləndirsə də, həmin dövrdə təkrarlanan pozuntular və irəliləyişlərin ayrıca təqdim olunmasının daha faydalı olacağını qeyd edib.

Vüqar Bayramov diqqətə çatdırıb ki, audit və analitik fəaliyyətlər zamanı aşkar edilən pozuntuların 51.6 faizi büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub. Halbuki bu göstərici 2024-cü ildə 45.1 faiz idi. Deputat bildirib ki, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi və rəqəmsallaşmanın genişləndirilməsi fonunda bu artımın səbəbləri ciddi araşdırılmalıdır.

Onun sözlərinə görə, 2025-ci ildə başa çatdırılmış auditlər üzrə büdcəyə dəymiş zərər əvvəlki illə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat təşkil edib. Bu isə dövlət vəsaitlərinin təyinatından kənar istifadəsinin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsini zəruri edir.

Deputat əlavə edib ki, 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 faizinin bərpası ilə bağlı qərar qəbul edildiyi halda, 2025-ci ildə bu göstərici 60 faizə düşüb. “Bu o deməkdir ki, hər 100 manat zərərin 40 manatı üzrə bərpa qərarı qəbul edilməyib və bu, ciddi suallar yaradır”, – deyə o vurğulayıb.

Bundan başqa, 2025-ci ildə cinayət tərkibi ehtimal olunan hallar üzrə hüquq-mühafizə orqanlarına göndərilən materialların məbləği 40.3 milyon manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 4.6 dəfə çoxdur. Deputat bunu büdcə vəsaitlərinə nəzarətin gücləndirilməsi baxımından ciddi siqnal kimi dəyərləndirib.

Qeyd olunub ki, Hesablama Palatasının həyata keçirdiyi 48 fəaliyyətin 75 faizində büdcə qanunvericiliyinin pozulması halları aşkarlanıb. Eyni zamanda, auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi tələblərin pozulduğu müəyyən edilib.

Vüqar Bayramov maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin azalmasını müsbət hal kimi qiymətləndirsə də, büdcə qanunvericiliyi pozuntularının yüksək qalması fonunda bu azalmanın səbəblərinin izah olunmasının vacibliyini vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər