media-17840091474096044390_1200x630

Azərbaycan və Slovakiya prezidentləri dünən mətbuata bəyanatlarla çıxış edib, daha sonra geniş tərkibdə görüş keçirərək iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlət başçıları tərəfindən tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi vurğulanıb və bu səfər ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Deputat xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də qeyd olunduğu kimi, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər mühüm inkişaf mərhələsinə qədəm qoyub.

Vüqar Bayramovun sözlərinə görə, Slovakiyanın da üzv olduğu Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. O bildirib ki, 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Eyni zamanda, ölkənin 22 milyard 642 milyon dollarlıq ümumi ixracının 69 faizi ittifaq ölkələrinə yönəlib. Xarici ticarət dövriyyəsinin dörddə biri isə Avropa İttifaqının üzvü olan İtaliyanın payına düşür.

Deputat qeyd edib ki, Azərbaycanın illik 25,2 milyard kubmetrlik təbii qaz ixracının 12,8 milyard kubmetri Avropa bazarına nəql olunur. Onun sözlərinə görə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrdən 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Slovakiya da Azərbaycan qazını idxal edən 12 Avropa ölkəsindən biridir.

Vüqar Bayramov vurğulayıb ki, son beş ildə Azərbaycan Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz ixrac edib və Avropa İttifaqına qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb. Artıq Azərbaycan qazı təkcə Mərkəzi və Şərqi Avropa deyil, həm də Qərbi Avropa bazarına daxil olmağa başlayıb.

Deputatın sözlərinə görə, növbəti mərhələdə Azərbaycan yaşıl enerji sahəsində də Avropa bazarında iştirakını genişləndirəcək. O bildirib ki, Gürcüstan ərazisi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji xətti vasitəsilə Azərbaycanda bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin 2027-ci ildən sonra Avropa İttifaqına ixracı mümkün olacaq. Bu isə Azərbaycanın Avropaya yalnız ənənəvi enerji resursları deyil, həm də innovativ enerji məhsulları təqdim edən ölkəyə çevrilməsi deməkdir.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında mühüm körpü rolunu oynayır. Regional nəqliyyat dəhlizlərinin genişlənməsi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq və Avropanın Naxçıvan vasitəsilə Şərq bazarlarına çıxış imkanlarını genişləndirəcək.

Deputat hesab edir ki, Azərbaycan Prezidentinin Slovakiyaya səfəri iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşməsinə, enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Onun fikrincə, regionda formalaşan yeni geosiyasi və iqtisadi reallıqlar Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər