Dəyərlər üzərində mübarizə, yoxsa ünsiyyət böhranı?

Rəsul Mirhəşimli
Hər il Ramazan ayı gələndə, yaxud müsəlmanlar üçün dini və tarixi əhəmiyyət daşıyan mərasimlər başlayanda özünü “ağıllı” və “realist” sayan bəzi insanlar ortaya çıxaraq başqalarının dini inanc və hisslərini lağa qoymağa başlayır.
İnsanların müqəddəs hesab etdiyi dəyərləri lağa qoymaq təkcə etik baxımdan kobud davranış deyil, həm də sağlam sosial münasibətlərin qurulmasına mane olan psixoloji pozuntudur. Cəmiyyət müxtəlif inanclardan, dünyagörüşlərdən və mənəvi təcrübələrdən ibarətdir və bu müxtəliflik yalnız qarşılıqlı hörmət olduqda davamlı olur. Bir insanın mənəvi dayağını hədəfə çevirmək, əslində, həmin insanın şəxsiyyətinə toxunmaqdır. Çünki din və inanc çoxları üçün sadəcə fikir deyil, həyatın mənasını anlama üsulu, bir yaşam tərzi, həyat fəlsəfəsidir. Bu səbəbdən rişxənd yalnız ideyaya yox, insanın daxili aləminə yönəlmiş aqressiya kimi qəbul edilir.
Belə davranış azad fikir kimi təqdim edilsə də, azadlıq başqasının ləyaqətinə toxunduğu anda artıq zorakı ünsiyyət formasına çevrilir. Fikir bildirmək arqument tələb edir, məsxərə isə arqumentin yoxluğunu örtmək üçün istifadə olunan emosional təzyiqdir. İnsan qarşısındakının mövqeyini məntiq və izahla təkzib edə bilməyəndə onu gülüş obyektinə çevirməklə üstünlük qazanmağa çalışır. Bu isə dialoq mədəniyyətini dağıdır, çünki müzakirə mühitində məqsəd həqiqəti axtarmaq yox, qarşı tərəfi alçaltmaq olur.
Cəmiyyət səviyyəsində isə rişxənd qarşılıqlı reaksiyanı doğurur və qütbləşməni artırır. İnsanlar dəyərlərinin təhlükə altında olduğunu hiss etdikdə müdafiəyə keçir və nəticədə anlaşma imkanları azalır. Beləliklə, bir tərəfin zarafat kimi gördüyü davranış digər tərəfdə təhqir və təhlükə hissi yaradır, sosial etimadı zəiflədir. Etimadın zəiflədiyi mühitdə isə sağlam müzakirə tapmaq üçün imkanlar əldən verilmiş olur.
Ən əsası isə bu davranış insanın öz düşüncəsinə də zərər verir. Çünki istehza düşünmənin əvəzinə keçəndə beyin tədricən mürəkkəb mənaları anlamaq qabiliyyətini itirir. Dəyərlərlə razılaşmamaq normaldır, lakin onları anlamağa çalışmadan rədd etmək intellektual tənbəllik sayılır. Sağlam düşüncə fərqli mövqeləri analiz etməyi tələb edir, məsxərə isə bu prosesi dayandırır və insanı səthi reaksiyalara öyrəşdirir.
Bu səbəbdən müqəddəs sayılan şeylərə istehza təkcə etik qaydanın pozulması deyil, həm fərdi psixoloji inkişafı, həm də cəmiyyətin qarşılıqlı anlaşmasını zəiflədən davranışdır. Razılaşmamaq mümkündür, amma insan razılaşmadığını da qarşı tərəfə sayğı çərçivəsində çatdırmalıdır.
Bəzi hallarda insanlarının inancını lağa qoymaq davranışı özünə inamsızlıq və mənəvi boşluq hissinin kompensasiya etməkdən irəli gəlir. İnsan daxilində dayaq nöqtəsi tapmayanda başqasının dayaq nöqtəsini dəyərsizləşdirərək özünü güclü hiss etmək istəyir.
Fərqli baxışları dərk etməyə yönəlmiş yanaşma gərginliyin azalmasına və qarşılıqlı məlumat mübadiləsinə şərait yaradır. Ünsiyyətin keyfiyyəti yalnız ifadə forması ilə deyil, məqsədin konstruktiv olub-olmaması ilə müəyyən olunur. Daxili intellektual yetkinlik alternativ mövqelərə tolerant münasibətdə özünü göstərir.
Suallara əsaslanan yanaşma qarşılıqlı əlaqəni zəiflətdiyi halda, başqalarını mühakimə etmək anlaşmanı məhdudlaşdırır. Şəxsi mövqenin ifadəsi digərinin emosional həssaslığı nəzərə alındıqda ortaq anlaşma mühiti formalaşır. Belə kommunikasiya modeli həm fərdi idrak səviyyəsini artırır, həm də ictimai sabitliyə töhfə verir.
Nəticə etibarilə, qarşılıqlı anlaşma müxtəlif mövqelərin paralel mövcudluğunu mümkün edir. Bu isə uzunmüddətli sosial etimadın formalaşmasının əsas şərtlərindən birinə çevrilir.









