Dünən atam evinə getdim - Günel Musa yazır...
Dünən atam evinə getdim.
Qapını üzümə açan olmadı. Öz açarımla açıb içəri keçdim. Ev əvvəlki ev idi, amma sanki içindəki həyat çəkilib getmişdi. Halbuki bir vaxtlar bu evdə sakitlik tapmaq çətin idi. Kimsə danışırdı, kimsə gülürdü, kimsə nəyəsə əsəbiləşirdi. Qapılar açılıb-bağlanır, mətbəxdən qab-qacaq səsləri gəlirdi.
Evdə həmişə bir səs vardı. İndi isə ev susurdu. Divanda oturub xeyli sakitliyə qulaq asdım. Qardaşım yatmışdı. Bir müddət sonra otaqdan çıxdı. Səhər süfrəsi hazırladım.
Evin ortasında böyük, on nəfərlik bir masa var. Bir vaxtlar o masa həqiqətən on nəfərlik idi. İndi həmin masanın ətrafında iki nəfər qalmışıq. Ailə üzvlərimizin yarısı şəkil olub, yarısı qürbətçi.
Bir vaxtlar bu masanın ətrafında oturan adamların səsi indi ya divardakı şəkillərdən susaraq baxır, ya da uzaq şəhərlərdən gələn telefon zənglərinə sığır.
Dünən süfrəyə baxa-baxa düşündüm ki, insanın uşaqlıqda ən çox darıxdığı şeylərdən biri böyüməkdir. Böyüyəndən sonra anlayırsan ki, böyümək əslində bir-birinin ardınca boşalan stullara alışmaq imiş.
Qəribədir, insan bəzən vaxtilə gileyləndiyi şeylərin xiffətini çəkir. O vaxt bizi əsəbiləşdirən, bezdirən, hətta “kaş bundan qurtulaydıq” dediyimiz anlar illər sonra yaddaşımızın ən işıqlı yerinə çevrilir.
Məsələn, mən kinonun ən maraqlı yerində televizorun yayımının kəsilməsi üçün çox darıxıram. Atam antenanı düzəltmək üçün dama çıxardı. Bir azdan yuxarıdan səsi gələrdi:
— Düzəldi?
Biz də aşağıdan xorla qışqırardıq:
— Bir az da sola!
— Yox, geri qaytar!
— Həəə, elə saxla!
Yayım düzələndə ekranda görüntü aydınlaşar, biz də sanki böyük bir xoşbəxtlik qazanmış kimi sevinərdik. Anam isə hər dəfə əsəbiləşib deyərdi:
— Allah kəssin belə televizora baxmağı!
İndi düşünürəm, kaş o televizor yenə xarab olaydı. Kaş atam yenə dama çıxaydı. Kaş biz yenə aşağıdan “bir az sola” deyə qışqıraydıq. Kaş anam yenə gileylənəydi…
Adamın kaş bir imkanı olaydı: xoşbəxt olduğu anları dondurub saxlaya biləydi. Sonra darıxanda həmin vaxta qayıdaydı. Bir neçə dəqiqəlik də olsa…
Şairin dediyi kimi:
Bir səhər yuxudan durub özünü uşaq görəsən.
Görəsən hamı evdədir. Ölənləri sağ görəsən.









