Düşənbə görüşünün pərdəarxası: İrəvan hansı məqsədi güdürdü? - ŞƏRH
Nikol Paşinyanın küçə inqilabı nəticəsində Serj Sarkisyanı devirərək hakimiyyətə gəlməsindən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən gözləntilər formalaşsa da, sonrakı proseslər Ermənistanın fərqli siyasi kurs götürdüyünü göstərdi.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Aqşin Kərimov hesab edir ki, Paşinyanın hakimiyyətinin ilk mərhələsində əsas məqsədlərdən biri daxildə siyasi mövqeləri möhkəmləndirmək və bunun üçün vaxt qazanmaq olub.
Onun sözlərinə görə, həmin dövr Ermənistanın yeni rəhbərliyi üçün siyasi toparlanma mərhələsi idi və İrəvan Bakı ilə danışıqlarda konstruktiv görüntü yaratmaq üçün müxtəlif diplomatik imkanlardan istifadə etməyə çalışırdı.
Aqşin Kərimov bildirib ki, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə MDB Sammiti çərçivəsində baş tutan qeyri-rəsmi təmas xüsusi əhəmiyyət daşıyırdı.
“Düşənbədəki təmas zamanı Paşinyan ölkə daxilindəki mürəkkəb siyasi vəziyyəti əsas gətirərək sülh prosesində irəliləyiş üçün vaxt istəmişdi. Azərbaycan tərəfi həmin mərhələdə Ermənistan rəhbərliyinin daxili siyasi həssaslıqlarını nəzərə alaraq konstruktiv yanaşma nümayiş etdirdi. Lakin sonrakı hadisələr göstərdi ki, bu fasilə sülhə hazırlıqdan daha çox siyasi və taktiki manevr xarakteri daşıyırdı”, – deyə təhlilçi qeyd edib.
Aqşin Kərimovun fikrincə, sonrakı mərhələdə Ermənistan rəhbərliyinin ritorikasında ciddi dəyişiklik baş verdi. Onun sözlərinə görə, Paşinyan daxildə müəyyən siyasi legitimlik əldə etdikdən sonra əvvəlki hakimiyyətlərin Qarabağ məsələsindəki mövqelərinə yaxınlaşmağa və daha sərt ritorikadan istifadə etməyə başladı.
Təhlilçi bildirib ki, Ermənistanın siyasi kursundakı dəyişiklik xüsusilə üç hadisədə özünü göstərdi.
“2019-cu ilin martında Ermənistanın müdafiə naziri Davit Tonoyanın Vaşinqtonda erməni icması ilə görüş zamanı səsləndirdiyi ‘yeni ərazilər üçün yeni müharibə’ yanaşması İrəvanın hərbi strategiyasında yeni ritorikanın formalaşdığını göstərirdi. Bundan bir neçə ay sonra – 2019-cu ilin avqustunda Nikol Paşinyanın Xankəndidə ‘Qarabağ Ermənistandır və nöqtə’ bəyanatı isə danışıqlar prosesində mövcud yanaşmaları daha da sərtləşdirdi”, – deyə Aqşin Kərimov vurğulayıb.
Onun sözlərinə görə, 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən genişmiqyaslı toqquşmalar da Ermənistanın hərbi-siyasi kursundakı dəyişikliklərin fonunda qiymətləndirilməlidir.
Aqşin Kərimov hesab edir ki, bütün bu hadisələr Ermənistanın danışıqlar prosesini sülh trayektoriyasından uzaqlaşdırmaq və yeni siyasi-hərbi yanaşmalarını danışıqlar gündəliyinə daxil etmək cəhdlərini nümayiş etdirirdi.
“Bu mərhələdə danışıqlar prosesinin əvvəlki məzmununu qorumaq getdikcə çətinləşirdi. Ermənistan rəhbərliyinin ritorikası və hərbi davranışı tərəflər arasında etimadın daha da zəifləməsinə səbəb olurdu”, – deyə siyasi təhlilçi bildirib.
Aqşin Kərimovun sözlərinə görə, 2020-ci ilin sentyabrında hərbi əməliyyatların başlanması Qarabağ münaqişəsinin əvvəlki status-kvosunun sonunu gətirdi.
O qeyd edib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsinə nəzarəti bərpa edib və sonrakı mərhələdə Qarabağda dövlət suverenliyinin təmin olunması istiqamətində addımlar atılıb.
“2020-ci il müharibəsindən sonra Cənubi Qafqazda əvvəlki geosiyasi mənzərə dəyişdi. Daha sonra həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması prosesinin tamamlanmasına gətirib çıxardı”, – deyə təhlilçi vurğulayıb.
Aqşin Kərimovun fikrincə, hazırda regionda əsas məsələ postmünaqişə dövrünün siyasi və iqtisadi reallıqlarının formalaşdırılmasıdır.
“Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura əhalinin qayıdışı davam edir. Bu proses həmin ərazilərin sosial-iqtisadi inkişafı, infrastrukturun bərpası və yeni investisiya imkanlarının yaradılması ilə paralel həyata keçirilir”, – deyə o bildirib.
Təhlilçi Azərbaycanın regional nəqliyyat layihələrində artan roluna da diqqət çəkib. Onun sözlərinə görə, Orta Dəhliz çərçivəsində Azərbaycanın geostrateji mövqeyinin əhəmiyyəti artır, Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının inkişafı isə regionda yeni əməkdaşlıq imkanları yarada bilər.
Aqşin Kərimov hesab edir ki, bütün bu proseslər fonunda Azərbaycanın regional və beynəlxalq sistemdə çəkisi artır.
“Azərbaycanın hərbi imkanlarını qoruması, müdafiə sənayesinin inkişaf etdirilməsi, azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması və tranzit imkanlarının genişləndirilməsi ölkənin Cənubi Qafqazdakı rolunu gücləndirən əsas amillərdəndir”, – deyə siyasi təhlilçi əlavə edib.
Əli Fərhad










